Ermənistan hərbi cinayət
törədib
Buna görə
cavab verməli olacaqdır
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu şücaət göstərərək ərazilərimizi işğaldan azad etdi. İşğalçılar otuz ilə yaxın zəbt etdikləri Qarabağ və Şərqi Zəngəzur torpaqlarını tərk etməli oldular. Münaqişə bitsə də, Ermənistanın məsuliyyətsizliyi, üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi səbəbindən Vətən müharibəsindən sonra da itkilərimiz oldu.
Azərbaycanda ötən 30 il ərzində mina qurbanlarının sayı 3336-ya çatıb
Vətən müharibəsindən sonra baş verən hadisələr göstərdi ki, Ermənistan Azərbaycana qarşı təxribatlardan əl çəkmək niyyətində deyil. Sentyabrın 12-dən 13-nə keçən gecə baş verənlər bunu bir daha təsdiqlədi. Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Laçın, Kəlbəcər, Daşkəsən rayonları istiqamətində Azərbaycana qarşı hərbi təxribata başladılar. Azərbaycanın qəhrəman əsgər və zabitləri əks-həmlə ilə düşmənə layiq olduğu cavabı verdilər. Təəssüf ki, bu əməliyyat zamanı Azərbaycanın səksən igid oğlu şəhid oldu.
Sentyabrın 30-da saat 21:00 radələrində isə iki mülki şəxs erməni terrorunun qurbanına çevrildi. Həmin gün Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində həlak oldular.
Bu günlərdə Kəlbəcər və Daşkəsəndə minaların aşkarlanması barədə daha bir məlumat yayıldı. Müdafiə Nazirliyindən açıqlandı ki, aşkarlanan erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-G tipli piyada əleyhinə və 4 ədəd
TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-G tipli piyada əleyhinə minadır və onlar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib.
Azərbaycanın tarixi torpaqlarını işğal altında saxladığı otuz ilə yaxın müddətdə qəsbkar ermənilər həmin ərazilərdə külli miqdarda mina basdırıblar. Terrorçuların Qarabağda və Şərqi Zəngəzurda basdırdıqları həmin piyada və tank əleyhinə olan partlayıcı qurğular bu günədək neçə-neçə azərbaycanlının faciəsinə çevrilib. 30 il ərzində minlərlə soydaşımız mina partlayışı nəticəsində əlil olub, ya da həyatını itirib.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra da Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərinə döşənmiş minaların partlaması nəticəsində xeyli sayda vətəndaşımız ciddi xəsarət alıb və ya həlak olub. Onların arasında KİV nümayəndələri də var. Ermənistanın mina terroru davam edir...
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tviterdə bildirib ki, Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur". Xarici işlər naziri Azərbaycanda ötən 30 il ərzində mina qurbanlarının sayını açıqlayıb: "Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3336-ya çatıb. Bunların 257-si 2020-ci il müharibəsindən sonrakı qurbanlardır".
Beynəlxalq hüququ pozan Ermənistan cəzalandırılmalıdır
İndi Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərdən biri işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsidir. Xatırladaq ki, Brüsseldə baş tutan bütün üçtərəfli görüşlərdə də mina probleminin həlli ilə bağlı müzakirələr aparılıb.
Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən ilin sonunda işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsi Ermənistan tərəfindən ölkəmizə təqdim olundu. Ancaq bu xəritələr işğaldan azad edilmiş əraziləri tam əhatə etmir.
Ermənistan ötən il iyunun 12-də Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edildi. Həmin ilin iyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alındı. Bu xəritələrin də dəqiqliyi yüzdə 25 faizdir.
Ermənistan yenə də mina terrorunu davam etdirir. Belə ki, işğaldan azad olunmuş ərazilərdə partlayıcı qurğular yerləşdirməyə cəhd edir, hərbçilərimizi, eləcə də mülki əhalimizi mina təhlükəsi ilə üz-üzə qoyur.
Prezident İlham Əliyev Ermənistanın mina xəritələrini verməkdən imtina etməsini hərbi cinayət adlandırır: "Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir".
Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla beynəlxalq hüquq və öhdəlikləri heçə saydığını nümayiş etdirir. "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın ikinci protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
İşğaldan azad edilmiş yerləri tez bir zamanda mina təhlükəsindən xilas etmək üçün məqsədyönlü işlər həyata keçirilir. Ancaq geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və vəsait tələb edir.
Minaların mövcudluğu insanların həyatı üçün təhlükəyə çevrilib. İşğaldan azad edilən ərazilərimizdə aparılan quruculuq-bərpa işlərinin də əhəmiyyətli dərəcədə ləngiməsinə səbəb olur. Nəticədə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına da maneələr yaradır.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2022.- 9 oktyabr.- S.7.