Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli alim Aida İmanquliyevanın xatirəsini anıb

 

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 83-cü ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək Aida İmanquliyevanın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadınana kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib.

Akademik Gövhər Baxşəliyeva Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın bu sahənin inkişafında böyük xidmətləri olduğunu deyib, onun dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatların və yazdığı əsərlərin qısa vaxt ərzində alimə nəinki keçmiş ittifaq miqyasında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirdiyini qeyd edib. Dünyaşöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olduğunu bildirən Gövhər Baxşəliyeva onun əsərlərinin dönə-dönə oxunulduğunu, təhlil və tədqiq edildiyini, tərcümə olunduğunu, yenidən işıq üzü gördüyünü deyib.

Görkəmli alimin həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edən G.Baxşəliyeva Aida İmanquliyevanın əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.

Şərqşünaslıq İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu deyərək, bu gün gənc şərqşünasların bu məktəbin ənənələrini layiqincə davam etdirdiklərini qeyd edib.

İnstitutun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Laura Orucova Aida xanımın Azərbaycan şərqşünaslığını, eləcə də ərəbşünaslığını xaricdə ləyaqətlə təmsil edən bir mütəxəssis olduğunu vurğulayaraq, onun itkisinin alimlə birlikdə uzun illər çalışmış həmkarları üçün çox ağır olduğunu bildirib.

 

Azərbaycan.- 2022.- 11 oktyabr.- S.9.