Dəmir iradənin qətiyyəti
Ermənistanın rəsmi şəkildə
ölkəmizin ərazi bütövlüyünü
tanıması tərəfləri sülh
müqaviləsini imzalamağa bir qədər də
yaxınlaşdırdı
Praqada Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində keçirilən dördtərəfli görüş Azərbaycanın siyasi arenadakı növbəti uğurudur.
Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün sonunda qəbul olunan bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə, Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb,
2 ay müddətinə başa çatdıracaq.
Azərbaycanın prinsipial siyasəti gec-tez qəbul edilir
Günün müzakirə mövzusuna çevrilən Praqa görüşü ilə bağlı siyasi ekspertlər birmənalı fikirlər səsləndirirlər. Qeyd edilir ki, Praqa görüşü Azərbaycanın diplomatik qələbələrinin davam etdiyini göstərdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə qəzetimizə açıqlamasında deyib ki, dövlət başçısının Praqada Fransa və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü bir neçə tərəfdən əhəmiyyətlidir. Artıq neçənci dəfədir ki, Avropa rəhbərliyi Azərbaycan və Ermənistan tərəflərinin görüşünü təşkil edir. Bu isə onu göstərir ki, Avropa İttifaqı regionda vəziyyətin normallaşmasında maraqlıdır, eyni zamanda Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni de-fakto qəbul edir: "Düzdür, Fransa özünün ermənipərəst mövqeyi ilə seçilsə də, Ermənistanın nə etməsindən asılı olmayaraq həmişə onu müdafə etsə də, Azərbaycanın ərazi bütövlüyünün bərpası və öz hüquqlarının qətiyyətlə müdafiəsi artıq Avropa tərəfindən də qəbul edilib. Onların istədikləri Ermənistan üçün maksimum fayda qazandırmaqdır".
Deputat qeyd edir ki, Azərbaycan Ermənistanla münasibətlərində beynəlxalq hüquqa əsaslanan 5 prinsip irəli sürüb və görüşlərdə bir qayda olaraq bu prinsiplər ətrafında müzakirələr aparılır: "Son görüş əvvəlkilərin formatından fərqləndi. Bir gün ərzində fasilə ilə iki görüş keçirildi. Bu o deməkdir ki, hansısa məsələlərin müzakirəsində ilkin razılığa gəlinir, sonra tərəflər bununla bağlı mövqelərini dəqiqləşdirmək üçün "time out" götürərək yenidən görüş keçirirlər".
Aydın Mirzəzadə danışıqların nəticəsinin göz qabağında olduğunu, Ermənistanın rəsmi surətdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Bu isə faktiki olaraq Azərbaycanın bütün ərazisi üzərində, o cümlədən Qarabağda suverenliyinin qəbul edilməsidir. Həmçinin delimitasiya komissiyasının iclasının oktyabrın sonuna qədər Brüsseldə keçirilməsi barədə razılığın əldə edilməsi o deməkdir ki, sərhəd məsələsi xəritələr əsasında müzakirə olunacaq. Azərbaycan üçün bu, olduqca vacib diplomatik qələbədir: "1991-ci ildə respublikamız müstəqilliyini bərpa etdikdən sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etdi. İndi tanımasını rəsmi elan etməsi növbəti mərhələyə keçidə - sərhədləri müəyyənləşdirməyə, diplomatik əlaqələr qurmağa, bir-birinin daxili işlərinə qarışmamaq barəsində öhdəlik götürməyə, Zəngəzur dəhlizinin açılmasına imkan yaradır. Görüş bir daha göstərdi ki, Azərbaycanın prinsipial siyasəti hətta onunla barışmayan qüvvələri belə dövlətimizin mövqeyini qəbul etməyə məcbur edir. Bu isə cənab Prezidentin milli maraqlarımıza söykənən, Azərbaycanın tarixi ədaləti bərpa etməyə yönələn, düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir".
Prezident elə siyasi konfiqurasiya formalaşdırıb ki, istənilən halda zaman lehimizə işləyir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyir ki, Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin növbəti görüşünün Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində reallaşması ciddi perspektivlər vəd edir.
Çünki yeni siyasi dialoq platforması kimi yaradılmış və özünütəsdiqə ehtiyacı olan Avropa Siyasi Birliyinin ilk toplantısında Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsi üzrə ciddi irəliləyiş, yaxud razılıq əldə edilsə, bu, birlik üçün ən uğurlu debüt ola bilər. Deputat qeyd edir ki, bu, Prezident İlham Əliyevin doğru zamanı və məkanı seçməklə nəyi nə zaman etməyi bildiyinin bir daha nümayişidir: "Doğrusu, ötən dövrün təcrübəsi Ermənistanın könüllü olaraq bu imkanı anlayıb sülh üçün iradə nümayiş etdirəcəyinə ciddi şübhələr yaradırdı. Xüsusən də 12-14 sentyabrda sərhəddə törətdiyi təxribatdan sonra anti-Azərbaycan koalisiyasının fəallaşmasından eyforiyaya düşən İrəvan məhvə doğru getdiyinin fərqinə daha az varmağa başladığı şəraitdə. 44 günlük müharibədə və sonrakı dövrdə hərbi qarşıdurmalar nəticəsində regionda əməliyyat şəraitinin tam şəkildə ordumuzun nəzarətində olması, Azərbaycanın artan hərbi-siyasi gücü və Avropanın enerji təhlükəsizliyi üzərində güclənən təsir imkanı, ən əsası isə, cənab İlham Əliyevin şəxsi nüfuzu İrəvana manevr imkanları verməyəcək. Yəni Prezident elə siyasi konfiqurasiya formalaşdırıb ki, istənilən halda zaman lehimizə işləyir".
Bəhruz Məhərrəmov bildirir ki, İrəvan bundan sonra "yaxşı və daha yaxşı" arasında yox, "olum və ölüm" arasında seçim etməyə məhkumdur. Brüssel prosesi İrəvan üçün son xilas imkanıdır: "Paşinyan ilk növbədə erməni xalqının maraqları naminə daxildəki revanşistlərə və diaspor tərəfindən idarə olunan siyasiləşmiş terror təsisatlarına maksimum dirəniş göstərməli, yeri gəldikdə daxildə revanşistlərə güc tətbiq etməkdən belə çəkinməməlidir ki, Praqada əldə olunan ilkin razılaşmalar üzrə irəliləmək mümkün olsun".
O qeyd edir ki, Azərbaycanın mövqeyinin qəti olduğu ortadadır, danışıqlarda daxili, o cümlədən Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin məsələsi müzakirə mövzusu deyil. Proses yalnız Ermənistanla yekun sülh müqaviləsi, siyasi münasibətlərin normallaşması, sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı tanınması istiqamətində aparılır. Praqada əldə olunan ilkin nəticələr Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması fonunda bu dəfə real sülhə daha yaxın olduğumuzu göstərir. Bu mənada Praqa görüşü Azərbaycan diplomatiyasının və şəxsən cənab İlham Əliyevin növbəti qələbəsi hesab edilməlidir.
İlin sonunadək razılaşmaya nail olmaq mümkündür
Ermənistan hər yolla sülh müqaviləsini gecikdirməyə, əngəlləməyə çalışsa da, bunun mümkünsüz olduğunu anlayır. Əvvəl-axır sülh sazişi üçün danışıqlar masasına oturacağını bilir. Amma prosesi gecikdirməyin onların əleyhinə olduğunu da dərk etməlidir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaq, əgər proses uğurla getsə, ilin sonunadək razılaşmaya nail ola bilərik.
Dövlət başçısı deyib ki, Azərbaycan tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının sualı yoxdur.
Beləliklə, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin, ədalətin bərpa olunması üçün əməli addımlar atır. Beynəlxalq hüquq və normalara riayət edir. Ölkəmizin sülh prosesi üçün təqdim etdiyi 5 şərt də münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 9 oktyabr.- S.3.