Qəlblərdə yaşayan Ümummilli Lider

 

Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdəndir. Belə insanlar yüz ildən, min ildən bir dünyaya gəlib böyük bir missiyanı yerinə yetirirlər. Bu cür insanlar onlara verilən ömür payını millətinə, vətəninə, dövlətinə xidmətdə görürlər. Öz dəyərli fəaliyyətləri ilə təmsil olunduqları xalqın yoluna işıq salıb, qaranlıqdan aydınlığa çıxarırlar. Biz bugünkü iqtisadi gücümüzə, hərbi qüdrətimizə, dünya siyasi düzənində qazandığımız bütün uğurlara görə Ulu Öndərə borcluyuq. Bugünkü siyasi kursun təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulubindi uğurla davam etdirilir.

Heydər Əliyev bütün fəaliyyətini  xalqımızın  həyatının firavanlaşmasına, dövlətimizin qüdrətlənməsinə,  Azərbaycanın tərəqqisinə və xoş gələcəyinə, onun dünyada tanınmasına və beynəlxalq aləmdə öz layiqli yerini tutmasına həsr edib.

Ulu Öndər bütün fəaliyyəti dövründə elmin, təhsilin, mədəniyyətin inkişafına çalışıb. Tarixi irsimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün  xüsusi qayğı göstərib. Bu sahədə çalışan insanların əsl hamisi olub.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tarixə elmin və təhsilin, mədəniyyətin tərəqqisi dövrü kimi düşüb. Mədəniyyətin bütün sahələrində inamlı uğurlar qazanılıb. Bu qayğı sayəsində neçə-neçə görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş istedadını, biliyini, bacarığını göstərmək imkanı qazanıb, sənətin olimpinə yüksələ bilib. Azərbaycanın elm, mədəniyyət, incəsənət xadimləri dünyada tanınmağa başlayıb. Bu kateqoriyadan olan insanlar o dövrün ən yüksək fəxri adlarına, dövlət mükafatlarına layiq görülüblər. Ölkədə elm təhsil müəssisələrinin sayı artıb. Yeni mədəniyyət müəssisələri tikilərək xalqın ixtiyarına verilib.

Elmin, mədəniyyətin, incəsənətin inkişafında xidməti olan şəxslər Ulu Öndərin birbaşa nəzarəti altında  xüsusi dövlət qayğısı ilə əhatə olunub, mənzillərlə təmin edilib, sosial müdafiələri gücləndirilib. Azərbaycan yazıçılarının, şairlərinin, incəsənət xadimlərinin yubileylərinin keçirilməsi o zaman bir ənənə şəklini almışdı.

Əməyinin yüksək qiymətləndirildiyini, dövlətin qayğısını görən, öz üzərində Ulu Öndərin himayəsini hiss edən yaradıcı insanlar isə daha məhsuldar işləyir, sənətin zirvəsinə doğru uğurla addımlayırdılar. Azərbaycan bəstəkarlarının əsərləri ən böyük konsert salonlarında səsləndirilir, ölkənin ən məşhur teatrlarında tamaşaya qoyulurdu. Ulu Öndərin qayğısı Azərbaycan klassik  musiqi sənətinin inkişafında geniş  prespektivlər açmışdı. Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin, Arif Məlikovun əsərləri dünya klassik musiqi sənətinin ən gözəl nümunələri olmaqla, ən yüksək mükafatlara layiq görülmüşdülər. Ümummilli Lider hər yeni əsərin təqdimatında iştirak edər, sənət adamları ilə görüşüb onlarla fikir mübadiləsi aparar, dəyərli tövsiyələrini verərdi.

Ulu Öndərin hakimiyyətinin birinci dövrünü Azərbaycan kinosunun, xalçaçılıq, rəssamlıq sənətinin, ədəbiyyatın intibah dövrü də adlandıra bilərik. Elmin, mədəniyyətin, bir sözlə,  həyatın elə bir sahəsi olmazdı ki, bu böyük şəxsiyyətin diqqətindən kənarda qalsın.

SSRİ hakimiyyət orqanlarının ən yüksək pilləsinə dəvət olunub Moskvada çalışdığı zaman da Ulu Öndər öz ənənəsinə sadiqlik nümunəsi göstərər, Azərbaycan bəstəkarlarının əsərləri qoyulan tamaşalara gedərdi. Heydər Əliyev bir Azərbaycan sevdalısı, xalqını canından çox sevən milli təəssübkeş idi. Xarici səfərləri zamanı onu həmişə ölkəmizin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçıları müşayiət edərdilər.

1990-cı illər ölkəmiz üçün böyük bir sınaq dövrü idi. Xalq vətəndaş müharibəsi ilə üz-üzə idi. Vətən təhlükədə idi, dövlətsə tamamilə məhv olmaq  həddinə çatmışdı. Belə bir zamanda Azərbaycan ziyalıları xalqı və dövləti bu bəladan qurtarmaq üçün vətənin böyük oğluna - Heydər Əliyevə müraciət etdilər. Heydər Əliyev ziyalıları yaxşı tanıdığı kimi, ziyalılar da onun gücünü, qüdrətini, nəyə qadir olduğunu, idarəçilik təcrübəsini və qətiyyətini gözəl bilirdilər. Xalqın tələbi, ziyalıların dəvəti ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər qısa zamanda xalqı vətəndaş müharibəsindən, dövləti məhv olmaq təhlükəsindən xilas edə bildi.

Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, bu qüdrətli şəxsiyyət nəyi necə edəcəyini gözəl bilirdi. Amma hansısa qərarı verməzdən öncə  məsləhətləşməyə, ziyalıların fikrini öyrənməyə xüsusi önəm verərdi.

Ulu Öndər xalqın ən sadə, sıravi üzvündən tutmuş ən böyük ziyalısına qədər insanlarla dostluq etməyi sevərdi. Birbaşa onlarla ünsiyyətə üstünlük verərdi. Heydər Əliyev xalqının dostu idi. Təsadüfi deyil ki, Ulu Öndəri jurnalistlər də özlərinin ən yaxın dostu hesab edirdilər...

Ümummilli Lider həmişə xalqın arasında olmağa çalışardı. İnsanların xoş günündə də, dar günündə də onlarla birgə olardı. Bu böyüklük, bu səmimiyyət dahi şəxsiyyəti xalqın sevimlisi, əsl millət atası etmişdi.

Heydər Əliyev xalqın ürəyində mərhəmət, sevgi obrazı idi. Heydər Əliyev müdrikliyin, idarəetmənin, Azərbaycan dövlətinin qüdrətinin simvolu idi.

Bu böyük tarixi şəxsiyyətin adı həmişə qədirbilən xalqımızın ürəyində yaşayacaq. Qazandığımız uğurlara, böyük qələbələrə görə ona borclu olduğumuzu bir an yaddan çıxarmayacağıq.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 9 oktyabr.- S.5.