İki əsrin poçtalyonu
"Hərdən mənə elə gəlir ki, yaddaşım pozulsa, lap elə gözlərim tutulsa belə, hansı küçənin hansı hissəsində neçə nömrəli evin yerləşdiyini tapa bilərəm. 25 ilə yaxındır ki, bu küçələri qapı-qapı gəzirəm. Məni çox ünvana ayaqlarım aparır, sanki gözlərim istiqamət üçün tanış nöqtəni sezən kimi estafeti ayaqlarıma ötürür. Bir də baxıram ki, budur, üz tutduğum ünvandayam! Həm də sizə bir sirr açım: biz təkcə ünvanları deyil, hətta həmin evlərdən gələn qoxuları da tanıyırıq. Yəqin siz də təsdiqləyərsiz ki, hər ocağın özünəxas qoxusu olur. Asan iş deyil, elə vaxt olub ki, bircə gündə 70 ünvana məktub çatdırmışam..."
Bunu deyib çantasını səliqəyə salır, məktublarını ard-arda düzür, xəttat səliqəsi ilə nələri isə işarələyir poçtalyon Məmmədəli.
Yaşlı poçtalyonla söhbətdə heç də quru rəsmiyyət hiss edilmir. Onunla söhbətimizin elə lap əvvəlində başa düşdüm ki, doğrudan da, poçtalyon quru bir idarə işçisi, sadə icraçı deyil. O, qoltuğuna vurub küçə-küçə daşıdığı çantasında yüzlərlə sevinc, göz yaşı və ümid daşıyır.
Məmmədəli Rüstəmov 1998-ci ildən bəri "Azərpoçt"un 1 saylı poçt filialının 10 saylı şöbəsində çalışır, hər gün müxtəlif ünvanlara məktub daşıyır. 72 yaşlı poçtalyonu xidmət etdiyi ərazidə, demək olar, hər kəs tanıyır. O, "peşəkar poçtalyon" müsabiqəsinin qalibidir, dəfələrlə diplom və fəxri fərmanlarla təltif edilib.
Danışır ki, əslən Quba rayonunun Qonaqkənd kəndindəndir. Elə uşaqlığı da həmin kənddə keçib. Orta məktəbi bitirdikdən sonra 1968-ci ildə hərbi xidmət keçmək üçün Rusiyaya yollanıb. Ölkəyə qayıtdıqdan sonra isə ovaxtkı Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda maşınqayırma mühəndisliyi ixtisası üzrə ali təhsil alıb. Sovetlər dağılana qədər metropolitendə çalışıb. 1998-ci ildə həmin işdən ayrılmalı olub və könüllü olaraq poçtalyon peşəsini seçib.
Sizə məktub var...
Ömür yolundan danışanda həyatının müəyyən anlarına - əvvəl tələbəlik illərinə, sonra parta arxasında əyləşdiyi günlərə qayıdır. Əsgərlikdən danışdığı vaxt birdən Leninqraddan Qonaqkəndə pənah aparır: kənddə keçən uşaqlıq illərindən, böyük qardaşlarından, onlara yazdığı məktublarından və poçt qutusundan söz açır. Sovxoz direktorunun müavini olan atasının üç oğlunu da başına yığıb şam işığında onlara ərizə, akt, teleqraf və məktub yazmağın qaydalarını izah etdiyi günləri xatırlayır.
Bundan sonra deyir ki, poçtalyon xəritəsini dəqiq çəkməli, gedəcəyi yolları əvvəlcədən müəyyən etməlidir. Vaxt qızıldır, yolunu nə qədər qısalda bilsən, o qədər yaxşıdır.
Ona görə də poçtalyon Məmmədəliyə qoşulub getdiyimiz Dilarə Əliyeva küçəsi boyu marşrut xəttindən kənara çıxmamağa çalışırıq. Poçtalyon dəqiqliyi ilə təyinat nöqtələrinə üz tuturuq. Həmin mənzillərdən birinə, onların dili ilə desək, "ünvançı"ya yaxınlaşaraq qapını döyüb, "sizə məktub var" deyirik, işimizi icra edib mənzildən uzaqlaşırıq.
- Görəsən, "ünvançı"ya verdiyimiz məktubda nə yazılmışdı, yaman əsəbiləşdilər?
- Məktub məhkəmədən idi, uzun söhbətdir...
- Deyəsən həmin ailəni tanıyırsız.
- Bu küçələrdə yaşayan ailələrin xoşbəxtliyindən də, bədbəxtliyindən də xəbərim var. Taleləri ilə yaxından-uzaqdan tanış olsam da, soraqlayan olsa, bizim üçün həmin ailələrin adı var, özü yoxdur. Poçtalyon sirr saxlamağı yaxşı bacarmalı və ən əsası, təmkinli davranmalıdır.
- Adı var, özü yoxdur?
- Hə, nəvəmin "kəşfi"dir (red: gülür). Soruşur, baba, o nədir ki, adı var, amma özü yoxdur? Sən demə, cavabı "heç nə" imiş.
Söz düşmüşkən, poçtalyonun iki qızı, üç nəvəsi var. Hələ metropolitendə işlədiyi vaxtlarda Bakıda şəxsi evi olmadığı üçün evlənməyə tələsməyib. Yalnız 8 illik təcrübədən sonra dövlətdən birotaqlı mənzil ala bilib.
Böyük nəvəsi 9-cu sinifdə təhsil alır. Deyir, evdə bütün günü kompüterlə oynayır, telefonla kiminləsə məktublaşırlar. Özünün isə smartfonu yoxdur. Rabitə işçisi olsa da, yeni texnoloji avadanlıqları xoşlamır.
"Cəmiyyətdə belə fikir formalaşıb ki, əvvəlki illərlə müqayisədə indi məktubların sayı azalıb. Əksinə, rəsmi məktublar daha çox gəlir. Doğrudur ki, sadə vətəndaşlar arasında məktublaşma təxminən
10 faiz təşkil edir. Onlar da əsasən xarici ölkələrdən, hərbi xidmət yerlərindən göndərilən şanlı məktublar olur. Məsələn, 2000-ci illərin əvvəllərində belə məktublar çox olurdu", - deyib söhbətinə davam edir.
- Necə yəni "şanlı"?
- Hə, mən sadə vətəndaşlar arasındakı məktubları şanlı adlandırıram. Ona görə ki, belə məktubların insanlara çox dərin hisslər yaşatdığının şahidi olmuşam. Təxminən 15-20 il əvvəl bir bəy sevgilisi üçün xaricdən tez-tez məktub göndərirdi. Xanım hər məktubu alanda o qədər sevinirdi ki... Düşünürdüm, sən bir məktubun şanına-şöhrətinə bax!
Yolboyu poçtalyonla salamlaşmayan qalmır. Onların arasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, qocaman həkim, dönərçi, komendant, evdar qadın da var idi. Ayaq saxlayıb poçtalyonla kef-əhval tutur, kimisə nəsə deyir, kimisə nəsə öyrənirdi. Hər biri ilə mehriban və təmkinli davranışı gözdən yayınmır, bir az da emosiyasız baxışlarla onlara yol göstərir, lazım olduqda poçta yönləndirirdi.
- Görəsən, doğrudan da, hər kəs nəsə xəbər gözləyir?..
Elə ağlımda bu sual dolaşırdı ki, Məmmədəli Rüstəmov sanki ürəyimi oxumuş kimi əlavə edir ki, "Əvvəllər insanlar bircə dəstə gül, dəsmal, lap elə hansısa mahnının zümzüməsi ilə bir-birinə söz çatdırır, öz aralarında söhbətləşirdilər. İndi isə günlərlə danışsalar, yazışsalar da, bir-birlərini anlaya bilmirlər. Doğrudur ki, əksəriyyət qarşısındakını dinləmir, sadəcə, danışmaq üçün növbə gözləyir. Mən hər iki nəsli gördüyüm üçün bu fərqi kəskin hiss edirəm", - deyib söhbəti dəyişir. Hiss olunur ki, mütaliəli olduğu üçün yenilikləri qəbul etməsə belə, qınamaqdan çəkinir.
Digər ünvana nəzər yetirəndən sonra bir az gileylənir. Deyir, hər yerdə poçt qutuları quraşdırılsa, bizim işimiz rahatlaşar.
- Budur, gərək qalxaq 12-ci mərtəbəyə. Qaydaya görə isə poçtalyonun 2-ci mərtəbədən yuxarıda yerləşən mənzillərə qalxmaq öhdəliyi yoxdur. Poçt qutusu olsaydı, məktubu atardım, özləri götürərdilər...
Açığı, poçtalyonun arıq cüssəsində yorğunluq qətiyyən hiss edilmir. Heç deməzsən ki, gün ərzində saatlarla eyni küçələri dolaşır, bir mənzildən düşüb, o birinə qalxır. İş yoldaşları deyir ki, Məmmədəli Rüstəmov çox səliqəli və məsuliyyətli poçtalyondur. İdarədə, xidmət göstərdiyi ərazilərdə hamının sevimlisinə çevrilib, hörmət qazanıb. Bəlkə neçə-neçə poçtalyonun görməli olduğu işi təkbaşına icra edir. Əbəs yerə deyilməyib ki, əqidəsi olan bir insan, yalnız maraqları olan doxsan doqquz nəfərdən çoxdur. Maraq vaxt keçdikcə azalır, inamla başlanılmış işə isə ruhumuzu və ürəyimizi qatdığımız üçün uğur daima yol yoldaşımız olur. Görünür, bizim qəhrəman poçtalyonumuz da işinə olan sevgisi və inamı ilə bəlkə də doxsan doqquz poçtalyonun yükünü artıq 25 ilə yaxındır ki, öz çiyinlərində daşıyır.
Peşə sevgisi
Söhbətimizin əvvəlindən bəri demək istəyirəm ki, poçtalyonun adı Mirzə Cəlilin Novruzəlisini xatırladır. Deyir ki, bunu ona xatırladan çox adam olub. Amma bizim poçtalyonun poçt qutusu ilə ilk tanışlığı isə Novruzəlidəki kimi qeyri-adi olmayıb. Poçtalyon Məmmədəlinin yazdığı ilk məktub 1956-cı ildə, hərbi xidmətdə olan böyük qardaşına olub. Elə adına yazılmış ilk məktubu da qardaşından alıb. Həmin məktubu ona çatdıran poçtalyonu soruşduqda isə köks ötürür.
- "Çapar dayı" tanıdığım tək poçtalyon idi. Elə bilirdim ki, dünyanın hər yerinə məktubları o çatdırır...
Görünür, bəşər övladı informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə hər zaman ehtiyac duyub. İnformasiyanı ötürmək üçün keçmişdə tonqallardan, qasidlərdən, carçılardan və digər müxtəlif vasitələrdən istifadə edilib. Yazılı məlumatların qasidlər vasitəsilə ötürülməsi ölkəmizdə də qədim zamanlardan bəri mövcud olub. Azərbaycan ərazisində ilk müasir poçt rabitəsi 1818-ci ildə yaradılıb, əsgərə həsr edilmiş ilk poçt markaları isə 1919-cu ildə dövriyyəyə buraxılıb. Belə əlamətdar günlərdən biri də 1969-cu ildən etibarən hər il oktyabrın
9-da poçt işçilərinin peşə bayramı kimi qeyd edilən Ümumdünya Poçt Günüdür.
Məmmədəli Rüstəmovun peşə sevgisindən bəhs edən, poçtalyonların həyat yoluna işıq tutan bu misralar da bütün poçt işçilərinə bayram təbrikidir. Ümumdünya Poçt Günü münasibətilə poçtalyonları təbrik edir, onlara çevik və təmkinli olmağı arzulayırıq.
Nəzrin
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 9 oktyabr.- S.8.