Şuşaya gedən yolun başlanğıcı

 

 

Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əsas əməliyyatlardan biri oldu

 

 

Azərbaycanın rəşadətli ordusu torpaqlarımızı düşmən tapdağından azad etməkdə davam edirdi. Ordumuzun sürətlə irəliləməsindən təşvişə düşən düşmən hərbi mövqelərini, silah-sursatını, bayrağını atıb qaçırdı. Silahlı Qüvvələrimizin gücünə, şücaətinə bələd olan xalqımız bilirdi ki, nailiyyətlər davam edir, düşməni torpaqlarımızdan çıxarırıq.

Vətən müharibəsinin 13-cü günü, oktyabrın 9-da xalq Prezident İlham Əliyevdən növbəti müjdəli xəbəri aldı. Ali Baş Komandan xalqa müraciət edərək dedi: "Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi".

 

 

 

Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmiz idi

 

 

 

Dövlət başçısı çıxışında qeyd etdi ki, bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları düşməndən təmizləyir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar.

Beləliklə, əməliyyat planı tam icra edilir və bu, müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat, həm də döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə sahibdir.

Həmin gün dövlət başçısı məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını da xalqımıza çatdırır.

Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan hesab olunur. Çünki bu istiqamətdə gedən döyüşlər Azərbaycan Ordusunun Şuşaya yolunu açdı. Bu baxımdan Şuşanın azadlığında Hadrut döyüşlərinin əhəmiyyəti yüksək qiymətləndirilir.

Tarixə nəzər: 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilib, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilib. Qəsəbənin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrut kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində olub. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 26 noyabr 1991-ci ildə ləğv edilərək ərazisi Xocavənd rayonunun tərkibinə verilib. 1992-ci il oktyabrın 2-də  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

 

 

 

İki günə düşməndən təmizlənən strateji yüksəkliklər

 

 

 

Hadrut uğrunda döyüşlər oktyabrın 7-də başlasa da, cəmi iki gün ərzində ordumuz qəsəbə ətrafındakı strateji yüksəklikləri və yaşayış məntəqələrini işğaldan azad etdi və qəsəbəyə Azərbaycan bayrağı sancıldı.

2021-ci ilin martında Füzuli və Xocavənd rayonlarına səfər edən dövlət başçısı Füzuli-Hadrut avtomobil yolunun əsasını qoydu. Bu yol başlanğıcını Zəfər yolundan götürür və Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Qəsəbədə Azərbaycan bayrağını qaldıran dövlət başçısı Hadrut əməliyyatından söz açaraq dedi ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub.

Prezident bildirdi ki, ilk növbədə ətraf dağlar götürülüb: "Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi".

Dövlət başçısının dediyi kimi, Hadrutun işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.

Ali Baş Komandan baş verən prosesləri belə izah etdi: "Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq".

İlham Əliyev səfər çərçivəsində həmçinin Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoydu. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir.

Hadrutun azad edilməsinin birinci ilində qəsəbəyə səfər edən İlham Əliyev yeni "Hadrut" qovşaq yarımstansiyasının, məscidin əsasını qoydu. Qeyd edək ki, Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metrdir. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı olacaq. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq.

 

 

 

Hadrutda Komando briqadasının yaradılması

 

 

 

Hadrutun əhəmiyyəti hər kəsə bəlli idi, başlıcası isə Vətən torpaqlarını heç nədən qorxmadan düşməndən azad etmək üçün irəli atılan cəsur oğullara. Buna görə qələbənin təmin olunmasında Hadrutun simasında Xocavəndin işğaldan azad olunmasının rolu böyük idi. Bu baxımdan Vətən müharibəsi şərəfinə təsis edilən orden və medallar sırasında "Xocavəndin azad olunmasına görə" medalı da var.

Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il və 24 iyun 2021-ci il sərəncamları ilə Xocavənd uğrunda döyüşlərdə iştirak etmiş 7991 hərbi qulluqçu "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

2021-ci il dekabrın 24-də Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak edirlər.

Şəxsi heyət qarşısında çıxış edən Prezident deyir ki, bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə - Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir. Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, Komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir: "Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır".

 

 

 

"Dəmir yumruq" abidəsi

 

 

 

Ötən il iyunun 26-da Hadrutda zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında İkinci Qarabağ müharibəsində həyatını itirmiş əsgər və zabitlərin xatirəsinə inşa edilmiş "Dəmir yumruq" abidə kompleksinin açılışı olub.

Bürüncdən hazırlanan abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.

Hadrutda ölkə və yerli əhəmiyyətli iki məbəd var ki, bunlar erməni işğalı zamanı dağıdılıb. Onlardan biri 1170-ci ilə aid Alban məbədidir. Digəri isə XVIII əsrə aid məbəddir.

Ümumiyyətlə, Xocavənd rayonunun turizm potensialı genişdir. Ən əsası burada ilk insan məskənlərindən olan Azıx mağarası yerləşir. Prezident ötən il Xocavənd rayonunun ictimaiyyət nümayəndələri ilə görüşündə qeyd edib ki, bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir.

Dövlət başçısı qeyd edib ki, Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlar var. Hadrutun tarixi hissəsi yenidən qurulacaq: "...Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik".

Tarixi saxtalaşdıran ermənilər Hadrutla bağlı da eyni iddiada idilər. Prezident də ictimaiyyət nümayəndələri ilə görüşdə bu məsələyə toxunmuşdu. Qeyd etmişdi ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır: "Sadəcə olaraq dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlərboyu burada yaşayıb".

Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamayıb. Tarixi saxtalaşdıraraq bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun işğaldan azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı.

 

 

 

Hərb elmində qəhrəmanlıq nümunəsi

 

 

 

Milli Məclisin deputatı Elman Məmmədov deyir ki, Hadrut qəsəbəsinin işğaldan azad olunması hərb elmində qəhrəmanlıq nümunəsidir. Bu, xüsusi hazırlanmış, çox məharətlə həyata keçirilən hərbi əməliyyatın ürəkaçan nəticəsidir. Hələ çar Rusiyası dövründə Hadrutda sərhəd qarnizonu yerləşirdi. Hadrut həmişə hərbi xarakteri ilə seçilib. Sovet dövründə də o ərazidə hərbi hissələr mövcud olub.

Elman Məmmədov vurğulayır ki, o ərazilərin möhkəmləndirilməsi ermənilərin işğalından sonra Füzuli rayonunun bütöv bir hissəsini nəzarət altında saxlamağa imkan verirdi. Hadrutun işğalı ilə Cəbrayıl istiqamətindən Şuşaya gedən yollar da nəzarətə götürülmüşdü. Bu gün isə Hadrutda bərpa və quruculuq işləri gedir, o istiqamətdə yollar salınır: "Cənab Prezident  Xocavənd sakinləri ilə görüş zamanı bəyan etdi ki, Hadrutun mövqeyi, mənzərəsi oranın həm hərbi gücünü artırmağa, həm də turizm zonası kimi inkişaf etdirməyə geniş imkanlar verir. Artıq Hadrutda görüləcək işlərin bünövrəsi qoyulub. İnşallah, yaxın gələcəkdə sakinlər Hadruta köçürüləcək və orada həyat öz axarı ilə davam edəcək".

 

 

 

Hadrutun düşmənə mənəvi və psixoloji zərbəsi

 

 

 

Hadrut azad edildikdən sonra da ermənilər bu gerçəyə inana bilmirdilər, əslində bunu qəbul etmək istəmirdilər. Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyaların sayı-hesabı yox idi.

Azərbaycan Ordusu Hadrutda ikən ermənilər köhnə fotolardan istifadə edərək orada olduqlarını paylaşırdılar. Bununla da onların Hadrutu itirməyi həzm edə bilmədikləri aydın görünürdü. Məsələnin ən gülünc tərəfi isə rəsmi səviyyədə idi - Ermənistan rəhbərliyi və Müdafiə Nazirliyi Hadrutun onlarda olduğunu bəyan edirdi. Növbəti dəfə taktiki geriləmə etdiklərini, sonra Hadruta qayıtdıqlarını deyirdilər. Yalanları, dezinformasiyaları gündən-günə artırdı. Onların yalanlarına son qoymaq üçün Prezidentin əmri ilə əsgər və zabitlərimiz Hadrutda Azərbaycan bayrağını qaldırdı. Artıq bu görüntülər yayıldıqdan sonra Ermənistan tərəfi etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir.

Hərbi ekspert Alp Arslan İmamqulu deyir ki, Vətən müharibəsi zamanı düşmən bu ərazidən hər hansı ciddi təhlükə gözləmirdi. Ordumuz isə Hadruta əsas giriş istiqamətində tank əleyhinə artilleriya vasitələri, eyni zamanda bu istiqamətdə bir sıra mühəndis maneələrinin qurulması ilə ciddi hazırlıq işləri görməkdə idi. Hadrut əməliyyatının keçirilməsi düşmənin gözləntisinin tam əksinə oldu.

O, qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin xüsusi hazırlıqlı bölmələri mövcud ərazi şərtləri və havanı qiymətləndirərək keçilməsi mümkün olmayan çətin ərazilərdən, relyeflərdən istifadə edərək şəhərə daxil ola bilmişdilər: "Bundan sonrakı dönəmdə əməliyyatda iştirak edən bölmələrin ifadə etdiyi kimi, düşmənin dəqiq qüvvələr halında mövcud olmasına baxmayaraq, yaranmış qorxu, xaos və geriçəkilmə, mühasirədən qurtulmaq üçün çabalayan düşmən obrazı var idi. Düşmən Hadrutu "qondarma Qarabağ respublikası"nın bir parçası hesab edirdi. Hadrut şəhərinin azad olunması ilə bölmələrimizin yaşayış məntəqələrinə daxil  olması düşmənə mənəvi, psixoloji olaraq ciddi zərbə vurdu".

Ekspert deyir ki, Hadrut həm də ona görə önəmli idi ki, bu şəhər Şuşaya gedən yolda ciddi əhəmiyyət kəsb edirdi. Çünki Şuşada müdafiə olunan düşmən qüvvələri Hadrutun mövcudluğu və keçilməzliyini nəzərə alaraq bir qədər rahat idilər. Təbii ki, Hadrutun azad olunması ilə onların bu rahatlığı pozuldu.

Alp Arslan İmamqulu qeyd edir ki, düşmənin mənəvi, psixoloji olaraq çökməsi Azərbaycan Ordusunun daha sürətli şəkildə irəliləməsinə və düşmənin  dərinliklərinə sızmasına şərait yaradıb. Düşmənin Dağlıq Qarabağın bir hissəsinin real olaraq itirildiyini görməsi onlara mənəvi və psixoloji təsir edirdi. Hadrutun azad olunmasına qədər düşmən düşünürdü ki, bu əməliyyatlar sadəcə Dağlıq Qarabağ ətrafındakı yaşayış məntəqələrinin azad olunmasına sərf ediləcək, amma Silahlı Qüvvələrimizin Hadrutu azad etməsi, davamında Şuşanın azad olunması onları xam xəyaldan oyandırmış oldu. Hadrut döyüşləri, əməliyyatdakı qalibiyyət Azərbaycan Ordusunda ruh yüksəkliyi yaratmasına görə də çox önəmli idi. Bundan başqa, düşmənin mənəvi yöndən sarsıdıcı zərbə almasında ciddi əhəmiyyət daşıyırdı. 

Beləliklə, Hadrutun azad edilməsi Azərbaycan Ordusunun döyüş ruhunu, qələbə əzmini daha da yüksəltdi, xalqın şanlı Zəfərə inamını daha da artırdı. O xoş anlara isə sayılı günlər qalırdı...     

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 9 oktyabr.- S.4.