Azərbaycan Avropa ilə iqtisadi əməkdaşlığı müxtəlif sahələrdə inkişaf etdirir

 

 

Bu gün dünya ağlasığmaz böyük bir sürətlə dəyişir. Baş verən yeniliklərin məzmunu və istiqamətləri bizi müəyyən qənaətlərə gəlməyə və nizamı dəyişən dünya düzənində öz yerimizi əminliklə tutmağa və arxayınlıqla irəli çıxmağa imkan verir. Biz 44 günlük müqəddəs müharibəni yeni, unikal və hərb tarixində heç bir dövlətin, hətta supergüclərin və NATO blokunun belə ağlına gəlməyən beşincı nəsil müharibəsi kimi apara bildik.

Bu məqəddəs savaşla isbat etdik ki, Qafqazda elə yeni güc mərkəzi yaranmışdır ki, onunla hesablaşmadan bu qədim diyarın aqibəti ilə bağlı heç bir qərar qəbul etmək mümkün deyil.

İki dəniz arasındakı bu regionda marağı olan bütün qüvvələr Azərbaycanla hesablaşmadan, onun maraqlarını  nəzərə almadan heç bir qərar verə bilməz. Artıq hamıya aydındır ki, biz səbrlə 30 il işğal altında yatan ərazilərimizin boşaldılmasını gözləyən xalq deyilk. Artıq biz bilirik ki, müasir dünya bütün demokratik dəyərlərə rəğmən qədərindən artıq ədalətsiz mövqə sərgiləyə bilər. Biz dəfələrlə bunun şahidi olmuşuq. Ermənilərin işğal etdikləri torpaqları tərk edəcəklərini gözləmək sadəlövhlük idi. Ağlımız, iqtisadi qüdrətimiz, hərbi zəkamız bizə zamanın nəbzini tutmağa və düşmənin üstünə beşinci nəslin yüksək texnologiyaları ilə yeriməyə imkan verdi. Biz belə fürsətləri əldən buraxmadıq.

Artıq Azərbaycan fərqli dövlətdir və hamı bizimlə nə qədər öcəşsə də, arxivə sildiyimiz zamanın səbri ilə danışıqlara davam etmək istəsə də, bizimlə razılaşmaq məcburiyyətindədir. Bu baxımdan Prezident İlham Əliyevin Bolqarıstan səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu görüş mahiyyət etibarilə nə qədər  iqtisadi məzmun kəsb etsə də, biz digər aspektləri və fərqli məqamları da gözdən qaçırmalı deyilik.   

Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə keçirdikləri görüşdə münasibətlərimizin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və bu səfərin iki dövlətin diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ərəfəsində baş tutmasının böyük rəmzi məna daşıdığı qeyd edilmişdir. Bolqarıstan Prezidenti Azərbaycandan təbii qaz alacaqlarını diqqətə çatdırmış, bu görüşün təkcə enerji sahəsinin deyil, digər strateji sahələrin də müzakirə mövzusuna çevriləcəyini bildirmişdir.

Sentyabrın 30-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış etmişlər. Prezident Rumen Radev bəyanatında İlham Əliyevi Bolqarıstanın səmimi dostu, Azərbaycanın isə arzuolunan, etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırdı. İlk dəfə Azərbaycandan təbii qaz alınmaqla Avropanın enerji xəritəsinin dəyişdiriləcəyini bildirdi: "Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər".

Artıq hər iki dövlət enerji məsələlərindən başqa digər innovativ sahələrdə kəsişən əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək. Bu sırada  informasiya texnologiyaları, süni intellekt, gübrə istehsalı, avtomobilehtiyat hissələrinin istehsalı, kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq, turizm kimi mühüm sahələr də əhatə ediləcək.

Bolqarıstan Prezidenti geosiyasi, regional vəziyyətin  nəzərdən keçirildiyini, daha çevik qərarların  qəbul edilməsinin vacibliyini vurğulamışdır.

Biz onun şahidiyik, Azərbaycan artıq müasir dünyada getdikcə nüfuzunu gücləndirən, daha geniş və əhatəli problemlərin həllində iştirak edən dövlətə çevrilməkdədir.

Prezident İlham Əliyevın Sofiyada Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə keçirdiyi fərdi görüş də Azərbaycanın geniş iqtisadi islahatlara gedən dövlət kimi getdikcə artan nüfuzunu təsdiq edir. Azərbaycan Prezidenti çıxışında bu ölkənin biznes icması ilə tanış olmaq fürsətindən, PrezidentBaş nazirlə apardığı müzakirələrdən razı qaldığını qeyd etdi: "Biz qarşılıqlı əməkdaşlığı genişləndirməyin yollarını müzakirə etmişik. Biz enerji və nəqliyyat sahələri də daxil olmaqla, iqtisadi əlaqələr, ticari əməkdaşlıq sahələrinə toxunduq. Bu sahələr bizim qarşılıqlı əlaqələrimiz, həmçinin regional inkişaf üçün çox mühümdür". Prezident İlham Əliyev onu da vurğuladı ki, bu görüşdən sonra bolqar adamları bizim şirkətlərlə, ölkəmizlə istər investor kimi, istərsə də müqavilələr vasitəsilə çalışmağa daha həvəsli olacaqlar.

Tədbirdə çıxış edən Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatları ilə bölüşdülər. Maraqlısı o idi ki, bəzi şirkətlərin nümayəndələri artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirdilər. Faktiki olaraq, Azərbaycan iqtisadi baxımdan hamıya açıq ölkədir, uğurlu biznes mühiti yarada bildiyi üçün xarici sahibkarlara daha yaxındır. Tədbirə gələn adamlarının bir qismi isə hətta onların biznesi üçün maraqlı sahə kimi Ələt Azad İqtisadi Zonasında və digər sənaye zonalarında Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduqlarını İlham Əliyevin diqqətinə çatdırdılar. Onu da qeyd edək ki, görüşdə bolqarıstanlı adamlarına Azərbaycandakı investisiya imkanları və biznes mühiti barədə də ətraflı məlumat verilmişdir.

Aydın görünəni odur ki, Azərbaycan uğurlu islahatları həyata keçirən yeni biznes modellərini tətbiq edə bilən ölkə kimi bütün dünyanın diqqətini çəkir. Bu baxımdan Azərbaycan Prezidentinin Sofiyada bir sıra xarıcı ölkələrin məmurları ilə keçirdiyi görüşlər xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyev Sofiyada Yunanıstanın Baş naziri ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində keçirdiyi görüşdə TAP layihəsinin əhəmiyyəti, Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun üstünlükləri vurğulanmış, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilmişdir.

Sofiyada İlham Əliyev Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşərkən o, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd etmiş, Azərbaycanla Rumıniya arasında kənd təsərrüfatı, neft-kimya, energetika, o cümlədən elektrik enerjisinin ixracı, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Biz artıq onu görürük ki, Azərbaycan müasir dünya düzənində müstəqilliyinin ilk illərindən ciddi seçilən yeni siyasi qüvvədir. Bizi tanıyır, bizə rəğbət bəsləyir, bizimlə hesablaşır, əməkdaşlığa gedir  və ən başlıcası, bizimlə münasibətlərin dərinləşməsində hamı maraqlıdır.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan/-2022.- 9 oktyabr.- S.2.