ABŞ-dan İlham Əliyevin sülh gündəliyinə tam dəstək

 

Azərbaycan Prezidentinin yürütdüyü diplomatiya beynəlxalq birlik tərəfindən təqdir edilir

 

Hər bir müharibənin sonu sülh müqaviləsinin imzalanması ilə nəticələnir. Məğlub tərəf qalib ölkənin tələbləri ilə barışmaq məcburiyyətində qalıb sülh sazişinə imza atır. Təbii ki, müharibə qanunauyğunluqları və digər bəlli səbəblərdən bu sənədin imzalanması müəyyən qədər vaxt aparır.

Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasındakı 200 illik münaqişəyə, 30 illik müharibəyə son qoyan İkinci Qarabağ savaşının başa çatmasının ikinci ilində sülh sazişinin imzalanma prosesi reallaşa bilər.

Çünki bu savaşla Dağlıq Qarabağ adlı münaqişəyə son qoyulubtarixi ədalət bərpa edilib. Məğlub Ermənistan isə bir müddət havadarlarına arxalanıb prosesdən yayınmağa çalışsa da, sonunda qalib Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh sənədinin hazırlanmasına razılıq vermək məcburiyyətində qalıb. Çünki rəsmi İrəvan artıq anlayır ki, çıxış yolu ancaq sülh sazişinin imzalanmasından keçir. Ötən həftə Praqada keçirilən dördtərəfli görüşdə qəbul edilən bəyanata əsasən deyə bilərik ki, tərəflər sazişi imzalamağa bir qədər də yaxınlaşdılar. Əgər Ermənistan yenə də hansısa bəhanələr uydurmasa, dövlət sərhədində təxribat törətməsə bu ilin sonuna qədər sülh sazişi imzalana bilər.

 

İlham Əliyevin təklifləri Cənubi Qafqazda təhlükəsizliyin qarantıdır

 

Reallıq budur ki, müharibənin başa çatmasından ötən müddət ərzində Azərbaycan sülhün, qarşılıqlı olaraq Ermənistanla bir-birlərinin ərazi bütövlüyünü tanımaqla regionda sabitliyin bərqərar olması üçün konkret addımlar atır.

Qalib komandan kimi İlham Əliyev həm Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında misli görünməmiş yenidənqurma layihələrini həyata keçirir, həm də regionun Avrasiyanın mühüm nəqliyyat-tranzit habına çevrilməsi üçün yeni əməkdaşlıq platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edir. Azərbaycan Prezidenti bəyan edir ki, Ermənistanla sülh sazişinin bağlanması bölgədə sülhün təminatını şərtləndirəcək və Zəngəzur dəhlizinin açılması ilə yaranacaq yeni imkanlar ilk növbədə bölgə ölkələrinin iqtisadiyyatına dvidendlər qazandıracaq.

Bütün bunlar göstərir ki, İlham Əliyev sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Baş verən bütün proseslər təbii ki, beynəlxalq birlik tərəfindən də izlənilir və əsl reallıq təqdir edilir. Çünki beynəlxalq təşkilatların, böyük dövlətlərin əksəriyyəti Cənubi Qafqazda ilk növbədə təhlükəsizliyin təminatının vacibliyini vurğulayırlar.

Oktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə zəng edərək son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirməsi, bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulaması da bunu bir daha təsdiqləyir.

Telefon söhbəti zamanı dövlət katibi həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə evdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşün əhəmiyyətini qeyd edərək vurğulayıb ki, ABŞ Azərbaycan tərəfindən 17 erməni əsirin geri qaytarılmasını müsbət addım kimi dəyərləndirir və sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması və itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, həmçinin digər humanitar məsələlərin həllində dəstək göstərməyə hazırdır.

 

ABŞ davamlı sülh sazişi istiqamətində atılan addımları dəstəkləyir

 

Dövlət katibi eyni zamanda konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib.

Xatırladaq ki, İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bu məsələyə bir daha aydınlıq gətirmişdi. Dövlət başçısı bildirmişdi ki, Qarabağda yaşayan ermənilər artıq Azərbaycan vətəndaşlarıdır və onların taleyinin, gələcək həyatının hər hansı bir ölkə ilə müzakirəsi qeyri-mümkündür, o cümlədən Ermənistanla. Bu, Azərbaycanın daxili işidir və ölkə vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq.

Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, İlham Əliyev bunun tam ayrı məsələ olduğunu dedi: "Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər".

Antoni Blinken həmçinin Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlət başçısına başsağlığı verib.

Prezident Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu Blinkenin diqqətinə çatdırıb. Eyni zamanda Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib.

İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib. Dövlət başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var.

Əlavə edək ki, oktyabrın 6-da ABŞ-nin Azərbaycandakı səfirliyi Xocavənddəki kütləvi məzarlıqla bağlı sərt reaksiya vermişdi. Səfirliyin məlumatında qeyd edilirdi ki, ABŞ qətliamlar, vəhşiliklər barədə xəbərlərdən olduqca narahatdır və törədilən hər hansı vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir. Sülh əldə etmək və yaraları sağaltmaq üçün məsuliyyət, öhdəlik lazımdır: "ABŞ Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində atdığı addımları dəstəkləyir və problemlərin sülh yolu ilə həllinə kömək öhdəliyinə sadiqdir".

 

Bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər

 

Telefon söhbəti zamanı İlham Əliyev bir daha Cenevrədə Azərbaycanın Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirərək Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Prezident inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər. Dövlət başçısı eyni zamanda həm Antoni Blinkenin, həm Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlərə toxunub, bunu sülhə doğru atılmış addımlar kimi qiymətləndirib.

Göründüyü kimi, ABŞ dövlət katibi telefon söhbəti zamanı sülh danışıqları prosesində "Dağlıq Qarabağ" münaqişəsi, ATƏT-in sabiq Minsk qrupunun adlarını çəkir. Bu da bir daha göstərir ki, ABŞ yeni reallıqları təqdir edir Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir.

Ümumiyyətlə, son 20 ildə Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Demokratları ya respublikaçıları təmsil etmələrindən asılı olmayaraq, dünyanın fövqəldövlətinə rəhbərlik etmiş prezidentlər onların administrasiyaları Azərbaycanla münasibətlərə yüksək ehtiramla yanaşıblar. Rəsmi Vaşinqton ölkəmizi  Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm qlobal problemlərin həllində yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

Mövcud əlaqələrin getdikcə daha da dərinləşməsinə,  şaxələnməsinə mühüm töhfə verən ən əsas amil isə iki ölkə prezidentlərinin qarşılıqlı səmimi münasibətləridir. ABŞ Prezidenti Co Baydenin bu ilin mart-aprel aylarında, yəni 4 ayda İlham Əliyevə ünvanladığı 3 məktub, Azərbaycan Prezidentinin 4 iyul ABŞ-nin Müstəqillik Günü münasibətilə Co Baydenə məktubu bunu bir daha təsdiqləyir. Bütün məktublarda prezidentlər əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək vurğulayırlar ki, davamlı tərəfdaşlıq əməkdaşlığa hər zaman sadiqdirlər.

Bütün bunlar bir daha təsdiqləyir ki, İlham Əliyevin Cənubi Qafqazda sülhün təhlükəsizliyin təmin olunması istiqamətində müəyyənləşdirdiyi strategiya, yüyütdüyü diplomatiya Ermənistanla apardığı danışıqlardakı dəyişməz mövqeyi beynəlxalq birlik tərəfindən dəstəklənir təqdir edilir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 12 oktyabr.- S.1; 6.