"Mən vətənimin əsgəriyəm"

 

Onlar Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləridirlər... Onlar qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazan əsgərlərdirlər. Onlar etdiklərini şişirtməyən, danışmağı sevməyən əsl qəhrəmandırlar. Vətənə can verən, vətənə can deyən Vətən oğullarıdırlar.

Aslan deyir ki, Vətən bizim evimizdir. Mənim XTQ-yə yazılanda da, orada xidmət etmək niyyətinə düşəndə və sonrakı xidmət etdiyim illərdə də bir arzum olub: "Torpaqlarımızı azad, Vətənimi bütöv, dövlətimi qüdrətli görmək... Allaha şükür ki, bunu gördük. İndi Azərbaycanla, qüdrətli Azərbaycan dövləti ilə fəxr etməkdə tam haqlıyıq. Məqsədim dövlətdən nə ev almaq olub, nə də hansısa bir imtiyaz qazanmaq. Vətənim mənim evimdir".

Qəhrəmanımız XTQ-nin ehtiyatda olan giziri Aslan Əli oğlu Şərifovdur. Aslan özü haqqında danışmağı sevmir. "Vətəndaşı olduğum dövlətin, üstündə gəzdiyim torpağın az da olsa haqqını verə bilmişəmsə, bu, mənə kifayət edir" deyir.

Aslan Əli oğlu Şərifov 14 iyun 1991-ci ildə Ağcabədi rayonunun Yeni Qarabulaq kəndində anadan olub. Orta təhsillidir. 4 oktyabr 2009-cu ildə Ağcabədi rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Gəncə şəhərində "N"  saylı hərbi hissədə qulluq edib. Aslan deyir ki, Ağcabədidə evimizin yaxınlığında tank briqadası  var idi. Hərbi forma geyinmiş əsgərlərimizi hər görəndə onlara qibtə hissi ilə baxırdım. Könlümdən əsgər, hərbçi olmaq keçirdi. Orta məktəbi bitirdikdən sonra yüksək balla ali hərbi məktəbə daxil oldum. Amma ailə vəziyyətimlə əlaqədar təhsilimi başa vura bilmədim. Aslan deyir ki, hərbçi olmaqda qətiyyətli idim. Həqiqi hərbi xidmətə keçəndə fikrimi komandanlığa bildirdim. 12 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində kurs keçmək üçün "N" saylı hərbi hissəyə ezam olundum. Kursu keçdikdən sonra xüsusi əməliyyat biriqadasında xidmətə başladım.

Aslan Şərifov 2012-2016-cı illərdə düşmən təxribatının qarşısını almaq məqsədilə keçirilən mühüm əməliyyatlarda iştirak edib. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsinə kimi xüsusi təyinatlıların xarici ölkələrdə və respublikamızda keçirilən kurslarında iştirak edib. Vətən müharibəsi başlayan gün, sentyabrın 27-də Ali Baş  Komandanın əmri ilə düşmən qüvvələrinin qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına qatılıb.  Füzuli rayonunun Alxanlı kəndində döyüşə başlayan Aslan  oktyabrın 1-də  Cəbrayıl  və Füzuli uğrunda gedən döyüşlərdə  düşmən snayperinin gülləsinə tuş gəlib.

Aslan Şərifov ikinci qrup Qarabağ müharibəsi əlilidir. Hazırda 4 saylı DOST mərkəzində İnsan resusrlarının idarə olunması şöbəsində inzibatçı vəzifəsində çalışır:

- Azərbaycan dövləti sosialyönümlü dövlətdir. Vətəndaşların sosial rifah halının, həyat şəraitinin yaxşılaşması üçün dövlətimiz nə lazımdırsa edir. Bir vətəndaş, döyüşçü olaraq dövlətimlə qürur duyuram. Dövlət mənim bu gündə müalicəmlə məşğul olur. Sağlamlığımın bərpası üçün hər şey edir. Müharibə zamanı istehlak kreditim var idi.

YAŞAT Fondu 5000 manat kreditimi ödədi. Mənzil-məişət problemimi yaxşılaşdırmaq məqsədilə mənə 2500 manat yardım edildi. Əlilliyim təyin olunduqdan sonra Prezidentin ikinci qrup əlillərə ayırdığı 350 manat fərdi təqaüdünü alıram. Hərbi rütbəli olduğuma görə, mənə vəzifə maaşı təyin edilib. Gündə 7 saat olmaqla həftədə 35 saat işləyirəm. İldə 46 gün də məzuniyyətim var. Ev üçün, avtomobil üçün müraciət etməmişəm, heç etmək niyyətində də deyiləm. Mən Vətənim üçün döyüşmüşəm, lazım gələrsə, bu gün də vətənimə canımı fəda etməyə hazıram.

 

 

 

Vətən bizim evimizdir

 

 

 

Digər həmsöhbətim isə XTQ-nin ehtiyatda olan baş giziri Vasif Əzizağa oğlu Məlikovdur. Vasif 7 iyul 1982-ci ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. 1997-ci ildə Bəcirəvan kənd orta məktəbini bitirib. 2000-ci il iyulun 11-də həqiqi hərbi xidmətə yola düşüb. Elə xidmətinin ilk günündən taleyinə XTQ-nin kəşfiyyat bölüyündə xidmət keçmək qismət olub. Vasif deyir ki, 2002-ci ildə XTQ kursuna seçilən 420 nəfərin  biri də o olub:

- 420 nəfərin 20-si kursu müvəffəqiyyətlə başa vura bildi. Qürurluyam ki, həmin 20 nəfərin içində mən də var idim. 2002-ci ildən 2022-ci ilin aprelinə kimi XTQ-də baş gizir rütbəsində kəşfiyyatçı vəzifəsində qulluq etmişəm. 2016-cı ilin Aprel döyüşlərinə qədər onlarca xüsusi əməliyyatlarda iştirakım olub. O zaman Talış kəndi uğrunda gedən döyüşlərdə xəsarət alsam da, xidmətdən ayrılmadım. 2020-ci ilin Vətən müharibəsində Kəlbəcər rayonunun Murovdağ istiqamətində döyüşlərə başlayıb, Cəbrayıl rayonu istiqamətində cəbhənin yarılmasında iştirak etmişəm. Cəbrayılın, Qubadlının, Füzulinin, Xocavəndin və Xocalının bir neçə kəndinin düşməndən azad olunması uğrunda döyüşmüşəm. "Xocavəndin azad olunmasına görə",  "Kəlbəcərin azad olunmasına  görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm. Xocalının Çanaqçı kəndi istiqamətində gedən döyüşlərdə çoxsaylı qəlpə yarası alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilmişəm. Müalicəmi bitirdikdən sonra Şuşanın müdafiəsi üçün getmişəm. Kəlbəcərin düşməndən təhvil alınmasında iştirak etmişəm. Laçın rayonunun Qaragöl istiqamətində döyüş tapşırıqlarını yerinə yetirmişəm. 2021-ci ilin sonlarında müharibədə aldığım yaralara görə ordu sıralarından ehtiyata buraxılmışam.

Vasif ikinci qrup Vətən müharibəsi əlilidir. Hazırda  Abşeron rayonunun 6 saylı DOST mərkəzində inzibatçı vəzifəsində işləyir.

- Əlillərə göstərilən sosial qayğı göz qabağındadır. Dövlət bütün problemlərimizlə maraqlanıb, yerindəcə həll edir. İki övladım var. Ayselin 15, Uğurun 13 yaşı var. Həmişə istəmişəm ki, onlar atalarının adı çəkiləndə fəxr etsinlər. Çox şükür ki, Allah bu istəyimi yerinə yetirib. XTQ-də xidmət etdiyim, torpaqlarımız uğrunda savaşa qatıldığım üçün çox qürurluyam. Açığını deyim ki, qulluq etdiyim müddətdə dövlətim mənə elə bir məvacib verib ki, kimlərinsə qapısını döyməyə ehtiyac olmayıb. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, dövlət müalicəmi yüksək səviyyədə təşkil edib. İkinci qrup əlilliyə görə 350 manat fərdi Prezident təqaüdü alıram. Qüsursuz xidmətimə görə dövlət mənə pensiya verir. İşlə təmin edilmişəm. Mənim yeganə təmənnam torpaqlarımızı azad, bütöv görmək olub. Bundan böyük mükafat ola biləcəyini düşünmürəm. Yenə də vətənimə qarşı hər hansı təhlükə yaranarsa, silahıma sarılıb, torpaqlarımızın müdafiəsinə qalxmağa hazıram. Mən bu vətənin əsgəriyəm. Lazım gələrsə, onun yolunda canımı belə fəda edərəm.

Vətənə qürur yaşadan XTQ-nin döyüşçüləri ilə söhbət etdikcə, onların keçdikləri döyüş yolunu, hər bir anı qəhrəmanlıqla dolu tarixi izlədikcə insanın qəlbi fəxarətlə dolur. Söhbətin yekununda qəhrəmanlıqlarına heyran olduğumuz Vətən oğullarına "Siz bu xalqın, bu Vətənin qürur yerisiniz" deməkdən savayı söz tapa bilmədik.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 9 oktyabr.- S.6.