Qələbəyə inamla

 

Ta 30 ilin o üzündən torpaqlarımızın azadlığına qovuşdurulacağı haqq yoluna çıxmışdıq. Tükənməz iradə, səbir və əzmimizin gücü ilə qətiyyətlə irəliləmiş, mənfur düşmənə layiqli cavabını verəcəyimiz, Qarabağı azad edəcəyimiz böyük qisas gününə addım-addım yaxınlaşmışdıq.

2016-cı ilin şanlı Aprel döyüşlərində Lələtəpə zəfərini qazanaraq bu müqəddəs məramımızın başlanğıcını qoymuş, 2020-ci ilin iyulunda işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi Tovuz təxribatları zamanı isə səbrimizin son həddinə varmışdıq.

Qəzəb atəşi ilə alovlanan qorxmaz oğullarımız Vətən uğrunda müsəlləh əsgərə çevrilmək üçün yer-yerdən səs vermiş, ana torpağın harayına yetmək üçün Ali Baş Komandanın "İrəli!" əmrinə müntəzir dayanmışdılar.

Xalqımız həmin günlərdə düşmənin nəzərinə o ismarışı da çatdırırdı ki, biz nəinki tezliklə Qarabağı azad edəcəyik, eyni zamanda viranə qoyduqları o yurdları qurub-bərpa edəcək, yenidən gülüstana çevirəcəyik.

Hətta o zaman, hələ torpaqlarımızın işğal altında olduğu bir ərəfədə Roqday Qarayev adlı Birinci Qarabağ müharibəsi veteranı Prezident İlham Əliyevə məktub yazaraq, işğaldan azad ediləcək Xocavəndin Tuğ kəndində quruculuq işləri aparması üçün ona şərait yaradılmasını xahiş etmiş, eyni zamanda könüllü olaraq döyüşlərdə iştirak etmək arzusunu bildirmiş, "Mən inanıram ki, Sizin rəhbərliyiniz altında işğal olunmuş torpaqlarımız tezliklə azad olunacaqdır" deyə vurğulamışdı.

 

Qoy düşmən bilsin ki

 

Həmsöhbət olduğumuz Roqday Qarayev deyir ki, əslində Vətən müharibəsindən öncə yazdığı sözügedən məktub düşmənə bir xəbərdarlıq mesajı idi: "Bunu informasiya savaşı da adlandırmaq olar. Bu addımı atmaqla istədim ermənilər də görsün ki, biz öz torpaqlarımızdan əl çəkən deyilik. Artıq indidən o yerlərdə tikib-qurmaq, dədə-baba yurdlarına dönəcək keçmiş məcburi köçkünlərin firavan yaşayışı haqqında düşünürük". 

Leytenant Roqday Qarayev 1991-1994-cü illərdə Silahlı Qüvvələrin əməliyyat kəşfiyyat taqımının komandiri kimi, demək olar ki, cəbhənin bütün istiqamətlərində - Goranboyda, Göygöldə, Ağdərədə, Füzulidə, Xocavənddə və digər bölgələrdə hərbi əməliyyatlarda iştirak edib. Keçmiş döyüşçü qeyd edir ki, cəbhədə hər anını ölümlə burun-buruna keçirib. Hətta 1991-ci ilin aprel ayında, Şuşadan vertolyotla Laçına gedərkən ermənilər tərəfindən vertolyotları vurulmuş, orada olanların hamısı yaralansa da, xoşbəxtlikdən sağ qurtulmuşdular: "Çətin əməliyyatlarımızdan birini 1992-ci il yanvarın 13-də Xocavənd, Füzuli istiqamətində gerçəkləşdirmişdik. Həmin vaxt bizim əsas komandamız taktiki yerdəyişmə edirdibunun üçün düşmənin qarşısı ən azı bir saat saxlanılmalı idi. Bu tapşırığı Elçin adlı döyüşçü yoldaşım və şəhid Milli Qəhrəmanımız Mehdi Abbasovla  birgə  uğurla yerinə yetirdik. Amma çox təəssüf ki, həmin vaxt Mehdi Abbasov həyatını itirdi. Çətinliklə də olsa, qəhrəman şəhidimizin nəşini döyüş bölgəsindən çıxara bilmişdik…"

 

"Azad yurdlarımızda aparacağımız tikinti-quruculuq işləri barədə düşünürdüm"

 

1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalanandan sonra ordudan tərxis olunan R.Qarayev əsl peşəsinə - inşaatçılığa yönəlir, amma biryolluq da hərbidən uzaqlaşmır, daim döyüşçülərimizlə birgə səngərlərdə çiyin-çiyinə olur. "Aprel döyüşlərindən sonra isə Müdafiə Nazirliyinin xətti ilə yaradılan veteranlar qrupuna qatılmışdım. 2016-cı ildən 2020-ci ilə qədər 20 dəfədən çox sərhəd bölgəsində olmuşduq, əsgərlərimizlə vətənpərvərlik ruhunda söhbətlər aparmışdıq. Hər zaman əmin idik ki, sülh yolu ilə olmasa, mütləq hərb yolu ilə torpaqlarımızı azad edəcəyik. Döyüşçülərimizdə olan böyük ruh yüksəkliyi də bu inamımıza əsas verirdi", - deyə Roqday Qarayev bildirir.

Keçmiş hərbçi vurğulayır ki, 2020-ci ilin Tovuz döyüşlərindən sonra Silahlı Qüvvələrimiz də, xalqımız da Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"una çevrilərək Vətən uğrunda "İrəli!" komandasına hazır dayanmışdı. Düşmənə ünvanlanan bütün mesajlar da 30 illik qisasımızın alınacağı, torpaqlarımızın tezliklə azadlığa qovuşdurulacağı ilə bağlı olurdu: "Qələbəyə güclü inamım sayəsində, hələ o zamandan etibarən mən artıq bir inşaatçı olaraq işğaldan azad yurdlarımızda aparacağımız tikinti-quruculuq işləri barədə düşünürdüm. Bilirdim ki, bu torpaqlarda əbədi yaşamaq üçün qurub-yaratmalıyıq. Vətən müharibəsinin hər günündə cəbhədə olaraq bir veteran döyüşçü kimi ordumuza əlimdən gələn dəstəyi göstərməyə çalışdım".

 

O yerlərə yeni həyat bəxş edəcəyik

 

İşğaldan azad edilən torpaqlarımızda aparılacaq quruculuq işlərinə dəstək olmaq üçün hələ Vətən müharibəmizin başlamadığı bir dönəmdə Azərbaycan Prezidentinə məktub yazaraq böyük marağa səbəb olan R.Qarayevin bu  məktubuna elə müharibənin getdiyi ərəfədə Xocavənd Rayon İcra Hakimiyyətindən cavab gəlib, söylədiyi ərazi işğaldan azad olunduqdan sonra onun müraciətinə baxılacağı bildirilib. Bir müddətdən sonra isə bu müraciəti ilə əlaqədar R.Qarayevə İqtisadiyyat Nazirliyindən zəng edilərək onu KiçikOrta Biznesin İnkişafı Agentliyinə (KOBİA) yönləndiriblər: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qəhrəman döyüşçülərimiz torpaqlarımızı öz canları, qanları ilə azad etdilər. Hazırda o torpaqlarda dövlət başçımızın şəxsi diqqəti və nəzarəti altında böyük bərpa-quruculuq işləri aparılır. Düşünürəm ki, yerli adamlarımız da bu çətin və məsuliyyətli işdə dövlətimizə dəstək olmalı, daha çox o torpaqlara sərmayə qoymalıdırlar. İnsanlarımızı həmin yurdlarda yaşamağa təşviq etməlidirlər".

R.Qarayev deyir ki, vaxtilə düşmənə qarşı döyüşərək vətəndaşlıq borcunu yerinə yetirdiyi kimi, indi də dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq işlərinə kiçikolsa, dəstək verib vətəndaşlıq borcunu yerinə yetirmək arzusundadır.

Bəli, qalibiyyətimizə olan böyük inamla, birliyimizin gücü ilə işğal altında qalan torpaqlarımızı cəmi 44 günə azad etdiyimiz kimi, elə bu həmrəyliyimiz, vətənə olan tükənməz sevgimiz sayəsində də o yerlərə yeni həyat bəxş edəcəyik.

Vətənimizin keşiyində ayıq-sayıq durduğumuz kimi, onun laləzara çevrilməsi üçün də əkib-becərəcək, tikib-qurub yaradacağıq ki, xain düşmən bu yerlərin əzəli olduğu kimi, əbədi olaraq da Azərbaycan xalqına məxsus olduğu gerçəyini heç zaman yaddan çıxarmasın.

"Dədə Qorqud" filmində el ağsaqqalı Qorqudun müdrik kəlamında dediyi kimi: "Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz".

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.-12 oktyabr.- S.10.