İki savaşın fədakarı

 

Nəcib, xeyirxah, yaxşı adam olmaq istəyi bəlkə də bütün insanların könlündən keçir. Amma çox təəssüf ki, hamıda bu sadaladığımız keyfiyyətlər olmur. Yalnız böyük adamların nəsibidir xeyirxahlıq. Həyata gəlişləri ilə içlərində dünya boyda sevgi gətirib, dünyamızın zinəti olurlar nəcib adamlar. Belələri vətəni də, vətəndaşı da təmənnasız sevməyi bacarırlar. Kimlərəsə yaxşılıq edib qayğı göstərəndə, öz sevgisindən pay verəndə rahatlıq tapırlar.

"İnsanı əməli yaşadar" deyimi də şübhəsiz ki, buradan gəlir. Müdriklər hesab edirlər ki, kişidən yadigar təkcə övlad deyil, həm də xeyirxah əməl və yaxşı ad qalar.

Ucarda az adam tapılar ki, Sahib Kərimovu tanımasın. Adı çəkiləndə qohum da, yad da "yaxşı adamdır", "qızıl insandır" deyib, ünvanına ən xoş sözlər söyləyib alqış edirlər...

Sahib Kərimov 1958-ci ildə Alpout kəndində anadan olub. Ucar Rayon Mərkəzi Xəstəxanasında sürücü işləyir. Hamı onu təqvalı adam kimi tanıyır. Sahib əməlləri ilə təsdiq edib ki, böyük, xeyirxah adam olmaq üçün heç yüksək vəzifə, iş-güc sahibi olmaq şərt deyil. Kiçik bir işin qulpundan yapışan insan da böyük əməl sahibi ola bilər...

Tanrı gənclik yaşlarından sanki onu sınağa çəkib. Çiyninə qoyduğu yükü bir qədər ağır edib. Ailədə cəmi iki qardaş olublar. 1984-cü ildə avtomobil qəzası zamanı dünyasını dəyişən qardaşı Bəxtiyarın 3 azyaşlı körpəsini böyütmək onun üzərinə düşüb. Qardaşının yadigarlarını bir an belə olsun öz övladlarından seçməyib. Böyüdüb, boya-başa çatdırıb, ali təhsil verib...

İmanlı adamdır Sahib Kərimov. Dilindən "şükür" sözü heç zaman əskik olmaz. Hər keçən günə şükür edər, hər açılan sabaha ümidlə baxar...

1990-cı illərin əvvəllərində, Birinci Qarabağ müharibəsi zamanı Sahib Kərimov da vətənini canından çox sevən vətəndaş kimi Qarabağa getmək qərarına gəlir. Könüllü olaraq işlədiyi xəstəxananın rəhbərliyinə müraciət edərək Qarabağa ezam olunmasını xahiş edir. Xəstəxana rəhbərliyi Sahib Kərimovun iki ailəyə baxdığını, ölkədə çörək, ərzaq qıtlığı yaşandığını, döyüş zonasına getdiyi zaman ailəsinin çətinliklərlə üzləşə biləcəyini xatırlatsa da, Sahib Kərimov qərarında israrlı olduğunu qətiyyətlə bildirir. Beləliklə, təcili yardım sürücüsü Sahib Kərimovun 1992-ci ildə keşməkeşli cəbhə həyatı başlayır...

- Ucarda işlədiyim təcili yardım maşınımla Ağdamın Mahrızlı kəndinə üz tutdum. Kənd məktəbini hərbi hospital etmişdilər. Qanlı döyüşlər gedirdi. Yaralıların şəhid olanların sayı çox idi. O zaman ordunun təchizatı, əlaqələndirmə çox bərbad vəziyyətdə idi. Eyni zamanda yenicə yaranmağa başlayan Azərbaycan Ordusu erməniləri himayə edənlərin silahlı qüvvələri ilə vuruşurdu. Biz yaralıları döyüş mövqeyindən çıxarıb təhlükəsiz yerlərə təxliyə edirdik. Erməni silahlıları çox mənfur idilər. Yaralıları aparan təcili yardım maşınlarını da daim atəş altında saxlamağa çalışırdılar. Dəfələrlə idarə etdiyim təcili yardım maşınını atəşə tutmuşdular. Hətta bir dəfə gecə vaxtı maşının yan tərəfini dəlmə-deşik etmişdilər. Möcüzə nəticəsində sağ qaldıq...

Sahib Kərimov 1992-ci ildən atəşkəsə qədər olan dövrdə Qarabağın ən qaynar nöqtələrində yaralılarımızın təxliyəsi ilə məşğul olub.

- Hər dəfə bir gəncimizin, bir yaralı döyüşçümüzün həyatı xilas olanda elə zənn edirdim ki, anadan yenicə doğulmuşam. Rahatlanırdım... Təcili yardım maşınında şəhid olan əsgərlərimiz az olmurdu. Son anda son sözünü mənə deyib, ailəsinə, yaxınlarına çatacaq kiçik bir yadigarını evlərinə çatdırmağımı xahiş edib, gözlərini əbədi yumanlar da olurdu. Bəzən elə olurdu ki, maşınımda dünyasını dəyişmiş şəhidin nəşini evlərinə aparmalı olurdum. O zaman hər şey fərqli idi. Bir görürdün ki, şəhidin valideynləri, yaxınları bizə hücum çəkirdilər...

2020-ci ildə biz başqa, fərqli mənzərənin şahidi olduq. Şəhid valideynləri övladlarının bükülüb gəldiyi bayrağı öpüb gözünün üstə qoyur, "Vətən sağ olsun" deyib onların qisasının alınmasını, torpaqların azad olunmasını tələb edir, bu müqəddəs işdə şəhid olan övladları ilə qürur duyduqlarını dilə gətirirdilər. Təkcə ordumuzun gücündə, qüdrətində yox, düşüncəmizdə böyük dəyişikliklər özünü göstərirdi.

Sahib Kərimov 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlanan gün analoji addım atıb:

- Müharibənin başlanması xəbərini eşidib evdə qərar tuta bilmədim. Birbaşa evdən çıxıb Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinə üz tutdum. Orada könüllü olaraq döyüşə getmək üçün gənclərimiz növbəyə dayanmışdı. Səfərbərlik idarəsində mənə dedilər ki, yaşlı olduğun üçün səni döyüşə apara bilmərik. Əlacsız qalıb yerimə, Ucar Rayon Mərkəzi Xəstəxanasına gəldim. Təcili yardımda yoldaşlarım, feldşerlər Barat Səlimov, Qədir Şahbazov, sürücü Füzuli Ələkbərov könüllü olaraq döyüş zonasına getmək niyyətində olduqlarını bildirdilər. Biz xəstəxananın direktoru ilə görüşüb belə bir zamanda kənarda qalmaq istəmədiyimizi, döyüş zonasına gedib əlimizdən gələni etməyə hazır olduğumuzu qətiyyətlə bildirdik. Xəstəxana rəhbərliyi arzumuzu nəzərə alaraq, bizim Ağcakənddə yerləşən Xocalı Şəhər Xəstəxanasına getməyimizi məsləhət bildi...

Sentyabrın 27-si günün ikinci yarısı Goranboy rayonunda, Ağcakənddə olduq. Deyilən ünvana çatanda orada yaşayan, ayağı yer tutan bütün xocalılılar da xəstəxananın önünə toplaşmışdılar. Hərə əlindən gələn köməyi edirdi.

Sahib Kərimov deyir ki, Ağcakənddə olarkən dövlətimizin bir daha gücünün, əsgərə olan münasibətinin şahidi olub. Burada işlənməmiş təzə, sürətli hərəkət edən təcili yardım maşınları var idi. Respublikanın müxtəlif rayon xəstəxanalarından həkimlər, cərrahlar gəlmişdilər. Bizi təcili yardım maşınları ilə təmin edib, öz istəyimizə uyğun olaraq yaralı əsgərlərimizin, şəhidlərimizin döyüş zonasından təxliyəsi üçün birbaşa atəş altında olan Aşağı Çinarlı, Yenikənd, Keçəltəpə istiqamətinə göndərdilər.

Sahib o günləri belə xatırlayır: "Sentyabrın 27-də başlanan müharibə 1990-cı illərin müharibəsi ilə müqayisədə olduqca fərqli idi. Adam döyüşə gedən oğulların yüksək əzmini, vətən sevgisini, ordumuzun qüdrətini görüb qürur hissi keçirirdi. Minaya düşüb iki qıçını dizdən aşağı itirmiş qazimizin üzündə təəssüf hissi görmədim. Bircə ona görə narahat idilər ki, birdən düşmənlə sona qədər döyüşə bilməzlər, qələbə qazanılan günü döyüş meydanında olmaya bilərlər. Vətənpərvərlik hissi, qisas hissi döyüşçülərimizdə çox güclü idi".

 

Şəhidliyin bir addımlığında

 

Sahib Kərimov deyir ki, zaman keçsə , ermənilər imkan düşən kimi erməniliklərini edirlər. Oktyabrın ilk günləri idi. Biz Keçəltəpədə hərbi postun yaxınlığında dayanmışdıq. Gündüz saat 11-12 radələri olardı. Postda 15-20 əsgər növbə çəkirdi. Bu zaman bizim ikinci maşının sürücüsü Füzuli Ələkbərov erməni dronunu görüb qışqırdı. Üstündən heç iki dəqiqə keçməmiş durduğumuz əraziyə uzunluğu 7 metr olan 3 raket düşdü. Xoşbəxtlikdən raketlər partlamadı. Sonradan ANAMA-nın əməkdaşları bildirdilər ki, bu raketlər partlayan zaman 1500 metr radiusda varsa, yandırıb məhv edir.

O, başına gələn başqa bir təsirli olay haqqında da danışır:

- Yaralı əsgərimizin təxliyəsi zamanı yolda Ucardan birlikdə gəldiyim yoldaşlarımla rastlaşdım. Maşını saxlayıb bir-birimizlə hal-əhval tutduq, tez əks-istiqamətə doğru hərəkətə davam etdik. Dayandığımız yerdən heç 50 metr aralanmamışdıq ki, ermənilərin atdığı qrad mərmisi bizim dayandığımız yerə düşdü, dərin bir çuxur yarandı. Demək ki, bizim qismətimizdə şəhid olmaq yoxmuş...

Müharibədən söz düşəndə Sahib Kərimov deyir ki, bir vətəndaş olaraq qəhrəmanlıq etməmişik, sadəcə üzərimizə düşən işi yerinə yetirməyə çalışmışıq. Əgər bir əsgərin həyatının xilas olunmasında az da olsa əməyim, köməyim olubsa, xoşbəxtəm.

Sahib özündən qəhrəman obrazı yaratmağı sevmir. Təbiətcə sakit adamdır. Hər şeyin qismət, alın yazısı olduğunu düşünür. "Şükürlər olsun ki, Allah bizə insanlığımızı yerinə yetirməyə imkan verdi" deyir. Sahib orada qəhrəmanlıq göstərən, narkozsuz, anestezioloqsuz yaralılar üzərində cərrahi əməliyyat aparan fədakar həkimlərimizdən, yenidən döyüşə qayıdıb vuruşmaq istəyən oğullarımızdan maraqla danışmağa daha çox üstünlük verir. "Bircə onu yaxşı başa düşdüm ki, cəbhə bölgəsində "mən" deyən bir kəsə rast gəlmədim. Orada "biz" var idik..." deyir.

Vətən müharibəsi bitəndən 10 gün sonra evinə qayıdan Sahib Kərimov gördüyü acılı-şirinli xatirələrdən danışıb, qürurla "biz bu müharibənin qalibləriyik" deməyə haqqı çatan qəhrəmanlardan biridir.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.-12 oktyabr.- S.10.