Böyük
qayıdışın təməllərini yaradan lider
Ulu Öndərin
ideyalarını İlham Əliyev qətiyyətlə
reallığa çevirir
Böyük qayıdışı yaşayırıq…
Vətəndə qəriblərimizin yurd həsrətinin sona yetmə anını...
İllərdir didərginlik həyatı yaşayan yüz minlərlə vətəndaşımızın məcburi köçkünlük yükündən qurtularaq, vətənli bəxtəvərlərə çevrilmə zamanını…
Əzəli torpaqlarımıza əbədi qovuşmanın müqəddəs məqamını…
Arzuların vətən zirvəsi
Düz 30 illik Vətən sınağından sonra, keçmiş məcburi köçkün vətəndaşlarımız Böyük qayıdış adlandırdığımız zirvəyə yetiblər. İllərdir arzularında yaşatdıqları, xəyallarını qurduqları yurda dönüş gerçəkliyinin təsvirəgəlməz sevincini, xoşbəxtliyini yaşayırlar.
Bu insanların Vətənə qayıdışının təməlinin müəllifi Ulu Öndər Heydər Əliyev, bu müqəddəs missiyanı uğurla həyata keçirən isə Prezident İlham Əliyevdir...
Hələ illər öncə, 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı sayəsində Füzuli rayonunun Horadiz qəsəbəsinə doğma sakinlərinin qaytarılması ilə Böyük qayıdışın uğurlu təməlləri atıldı.
Daha sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 2016-cı ilin şanlı Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri yurdlarına qovuşdular.
İndi isə, 44 günlük şanlı Vətən müharibəsinin üzərindən heç iki il ötməmiş, Qarabağın və Şərqi Zəngəzurun əzəli sakinləri yurdlarında əbədi yaşamağa dönürlər. Mükəmməl siyasi diplomatiyası, təkrarolunmaz hərbi taktikası sayəsində torpaqlarımızı işğaldan azad edən baş sərkərdə İlham Əliyev, indi də qurucu lider kimi o yerlərdə həyatın yenidən var olması üçün əzmlə çalışır.
Qaçqın və
məcburi köçkün probleminin həlli birnömrəli
prioritet elan edildi
"Bu insanların məskunlaşdıqları
yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə
məşğul olmaları üçün bütün
imkanlardan istifadə edirik. Biz əlimizdən gələni
edirik ki, sizin yaşayışınız müəyyən qədər
normal olsun. Amma aydındır ki, yerini,
yurdunu itirmiş insanların yaşayışı çətindir.
Bu, sizi də, bizi də incidir".
Ümummilli Lider Heydər
Əliyev çıxışlarının birində
qaçqın və məcburi köçkünlərin
problemlərinə toxunaraq həmin insanların
ağrılarını dərindən duyduğunu ifadə edərək
söyləmişdi bu fikirləri.
Ulu Öndər xalqının
düçar olduğu qaçqınlıq, məcburi
köçkünlük bəlasını özünün
bir nömrəli problemi hesab edirdi. Hakimiyyətə gəldiyi ilk vaxtlardan Heydər
Əliyev yurd-yuvasından didərgin salınmış
soydaşlarımızın qayğı və problemlərinin
həllini dövlətimizin prioritet siyasətinə
çevirmişdi.
Qaçqın və məcburi
köçkünlərin sosial problemləri daim Ulu Öndəri
narahat edirdi və buna görə də o, dəfələrlə
çadır şəhərciklərinə yollanır, orada
yaşayan insanların şəraitləri ilə şəxsən
tanış olur, problemlərinin həlli istiqamətində
mümkün olan bütün işləri görürdü. Xüsusilə də bu insanların mənzil-məişət,
sosial problemlərinin yüksək səviyyədə həll
olunması üçün əlindən gələni edirdi.
Heydər Əliyevin əsasını
qoyduğu uğurlu neft strategiyası sayəsində əldə edilən ilk vəsaitin
də məhz qaçqın və məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına yönəldilməsi,
eləcə də insanlarımızın acınacaqlı vəziyyətdə
yaşamağa məcbur olduğu çadır düşərgələrinin
ləğvinə başlanılması buna bariz nümunədir.
2001-ci il sentyabrın 7-də Ulu
Öndərin "Azərbaycan torpaqlarının erməni
silahlı qüvvələri tərəfindən
işğalı nəticəsində Ağdam və Füzuli
rayonlarından didərgin düşmüş və
çadır düşərgələrində müvəqqəti
yerləşdirilmiş məcburi köçkünlərin
bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması
ilə bağlı bəzi tədbirlər haqqında" və
13 may 2002-ci il "Biləsuvar rayonu ərazisində yerləşən
beş çadır düşərgəsində məskunlaşmış
məcburi köçkünlərin sosial-məişət vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı bəzi
tədbirlər haqqında" fərmanlarına uyğun
olaraq, Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində
5081 ailədən ibarət 22800 məcburi köçkün
üçün bütün zəruri sosial-texniki infrastrukturu
ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar
rayonu ərazisindəki 5 çadır düşərgəsi
2003-cü ilin iyun ayında ləğv edildi.
Böyük inam
Elə bir əlamətdar gün,
bayram olmazdı ki, Heydər Əliyev məcburi
köçkünlərin yanında olmasın, onlara mənəvi
dəstəyini
göstərməsin.
1999-cu ildə Novruz
bayramı ərəfəsində Biləsuvardakı
çadır düşərgəsində cəbrayıllı
məcburi köçkün gənclərin toyunda Ulu Öndərin
iştirak etməsi, gənc ailə ilə birgə qol
götürüb oynaması xoş xatirə kimi yaddaşlarda
silinməz izlər buraxıb.
Hər birimizin televiziya
ekranlarından dəfələrlə izlədiyimiz bu səmimi
görüntülər, təkcə bir dövlət
başçısının xalqının hansısa
nümayəndəsinin şad günündə
iştirakı deyildi, bu, bir el atasının öz
övladları saydığı yurd həsrətli
insanların şadlığına ürəkdən sevinib,
onlarla birgə bunun xoşbəxtliyini paylaşması idi. Həm
də ölkənin ən ali şəxsinin
bu iki gəncin timsalında bütün qaçqın və məcburi
köçkünlərə qol-qanad gərməsinin, onlara
arxa-dayaq olmasının ismarışı idi.
Ulu Öndərin
çadır şəhərciklərinə gəlməsi, məcburi
köçkünlərlə görüşməsi bu
insanlara böyük sevinc bəxş etməklə bərabər,
Vətənə qayıdış inamlarını da sönməyə
qoymurdu, əksinə, möhkəmləndirirdi. Böyük
lider Heydər Əliyev bütün nitqlərində,
çıxışlarında, məcburi köçkünlərlə
olan söhbətlərində hər zaman bu məsələ
ilə bağlı danışır, bir gün mütləq
işğal altındakı torpaqlarımızın azad
olunacağına və məcburi köçkünlərimizin
öz yurd-yuvalarına qayıdacağına əminliyini,
inamını bildirirdi.
1998-ci il martın
20-də Mərdəkandakı "Abşeron"
Sanatoriyasında Novruz bayramı münasibətilə
qaçqın və məcburi köçkünlər
üçün keçirilən bayram şənliyində
Ulu Öndər nitqində bu böyük inamı belə ifadə
etmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını
bir dəfə gələcəyəm Şuşada, o biri il
Laçında, o biri il Kəlbəcərdə, Ağdamda,
Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda
keçirəcəyik. Əminəm ki, belə
də olacaqdır. Mən buna inanıram və
bu inamla yaşayıram, bu inamla işləyirəm və bu
inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".
Azərbaycanda
bütün çadır şəhərcikləri ləğv
olundu
Fəaliyyətinin
ilk dövründən qaçqınların və məcburi
köçkünlərin problemlərinin həllini ən
başlıca vəzifələrindən biri kimi müəyyənləşdirən
Prezident İlham Əliyevin 2003-cü il
prezident seçkiləri ərəfəsində
proqramının tərkib hissəsi də məhz bu məsələ
idi. İlham Əliyev söz vermişdi ki, beş
il ərzində Azərbaycanda bir dənə də olsun
çadır şəhərciyi qalmayacaq və cəmi 4 il ərzində,
2007-ci ildə bu böyük hədəfə nail olundu. Həmin vaxta qədər ölkənin demək olar
ki, bütün yerlərində çadır şəhərcikləri
var idi, köçkünlər çox yararsız vəziyyətdə
yaşayırdılar, həmçinin uzun illər vaqonlarda,
vaqonların altında məskunlaşmışdılar.
2020-ci ilə qədər ölkədə məcburi
köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik
salındı.
Ötən müddət ərzində
Azərbaycanda 300 mindən çox məcburi
köçkün mənzillərlə, fərdi evlərlə
təmin olundu, həmçinin məcburi köçkünlərin
problemləri ardıcıl şəkildə öz həllini
tapdı.
2020-ci ilin 28 mayında isə
Prezident İlham Əliyev məcburi köçkünlərə
111-ci hədiyyəsini etdi. Bakının Qaradağ rayonunda 1336
məcburi köçkün ailəsi üçün
salınmış "Qobu Park-3" yaşayış
kompleksinin açılışındakı
çıxışında isə İlham Əliyev əhəmiyyətli
bir məsələyə diqqət çəkdi. Dövlət başçısı vurğuladı
ki, bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin
üçün müvəqqəti yaşayış yeridir.
Torpaqlarımız işğaldan azad ediləndən
sonra biz bu gün hələ də işğal altında olan
torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər
tikəcəyik, ermənilər tərəfindən
dağılmış şəhərlərimizi yenidən
quracağıq.
O gün
yetişdi
Dövlət
başçısının həmin
çıxışının üzərindən cəmi
bir neçə ay ötdükdən sonra, 2020-ci il sentyabrın 27-də xalq olaraq
arzularımızın gerçəkləşdiyi o
qürurverici məqam yetişdi. Müzəffər Ali Baş
Komandan İlham Əliyev tarixi torpaqlarımıza güclə
yiyələnmək istəyən
işğalçıları cəmi 44 gün ərzində
"dəmir yumruğ"unun zərbəsi ilə
qarşısında diz çökdürdü. Azərbaycana zəfər sevinci yaşatdı,
doğma yurdundan didərgin düşən yüz minlərlə
vətəndaşımızın yurd həsrətinə son
qoydu.
Parlaq zəfərlə bitən Vətən
müharibəsindən dərhal sonra isə 30 il
ərzində erməni barbarlarının dağıdıb
viranəyə çevirdiyi yurd yerlərimizdə
tikinti-quruculuq işlərinə start verildi. Cəmi iki il əvvələ qədər bir həyat
nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə
indi həyat yenidən məcrasına qayıdır.
Qarabağ və Şərqi
Zəngəzurda müasir infrastruktur qurulur,
"ağıllı kənd", "ağıllı şəhər"lər
salınır.
Artıq bütün şəhərlərin
Baş planları da hazırlanıb və təsdiqlənib.
İndi işğaldan azad
edilən bölgələrimiz nəhəng tunellərin
çəkildiyi, dünya miqyaslı dəhlizlərin
salındığı, beynəlxalq hava limanlarının
tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi
unikal məkana çevrilib.
İşğaldan azad edilən
torpaqlarımızda görülən bütün bu
irimiqyaslı işlər Prezident İlham Əliyevin şəxsi
diqqəti və nəzarəti altında həyata
keçirilir.
Hər zaman dövlət başçısı
çıxışlarında bildirir ki, bu istiqamətdə
qarşıya qoyulan bütün hədəflər təmin
edilir. O cümlədən də 30 il
ərzində əziyyət, mənəvi əzab içində
yaşamış köçkünlərin qısa müddət
ərzində öz doğma torpaqlarına qaytarılması
üçün mühüm layihələr gerçəkləşdirilir.
Xoş
çağırışlar
Bu il oktyabrın 5-də Ağdamda
baş tutan Azərbaycan Milli Şəhərsalma Forumunun
açılış mərasimindəki
çıxışında da Prezident İlham Əliyev bir
daha bəyan etdi ki, hazırda biz keçmiş məcburi
köçkün və qaçqınları öz doğma
yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq
üçün nəhəng bir çağırışla
üz-üzəyik: "Bu gün biz yeni
çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır
- Qarabağın və Şərqi Zəngəzurun yenidən
qurulması, insanların geri qayıtması və Azərbaycanın
hər hansı bölgəsində yaşayan keçmiş məcburi
köçkünlər üçün daha yaxşı
şəraitin yaradılması".
Dövlət başçısı
onu da vurğuladı ki, baxmayaraq ki, 300 mindən çox məcburi
köçkün yeni ev və mənzillərlə təmin
edilmişdi, bu mənzillərin açılışı
zamanı onlar minnətdarlıqlarını bildirməklə
yanaşı, hər dəfə qeyd edirdilər ki, bizi öz
torpaqlarımıza qaytarın: "Mən onlara hər dəfə
söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr
edirəm ki, biz bunu reallaşdıra bildik və artıq
Böyük qayıdış proqramı başlayıb".
Zəfərdən sonra
Böyük qayıdışın, vətənə
dönüşün ilk "qaranquşlar"ı Zəngilanın
Ağalı kəndinin sakinləri oldular. İndi
ağalılılar hər açılan günü doğma
yurddan xoşbəxtcəsinə salamlayırlar.
Çox tezliklə,
şuşalılar, ağdamlılar, laçınlılar, kəlbəcərlilər,
ümumiyyətlə, doğma od-ocağından didərgin
salınmış bütün keçmiş məcburi
köçkünlər də öz dədə-baba
torpaqlarına qovuşdurulacaqlar.
Bəli, ata vəsiyyətinə
əməl edərək işğal altında qalan
torpaqlarımızı azad edən Müzəffər Ali
Baş Komandan İlham Əliyev, indi Ulu Öndərin vaxtilə
bünövrəsini qoyduğu Böyük qayıdış
siyasətini müvəffəqiyyətlə reallığa
çevirir.
Azərbaycanlı olması
ilə ömür boyu fəxr etmiş, Azərbaycanın milli
maraqlarını təmin etməkdən ötrü gecə-gündüz
yorulmadan çalışmış dahi şəxsiyyət
Heydər Əliyevin də ruhu bu gün şaddır.
Və elə Heydər
Əliyevin 100 illiyi ərəfəsində Azərbaycan
xalqının yaşadığı ən qürurlu, ən əlamətdar
günlər də Ulu Öndərin yubileyinə möhtəşəm
ərməğandır.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 13 oktyabr.- S.7.