Heydər Əliyev artıq təməli qoyulmuş
BTC-ni necə xilas etdi
Tikintinin maliyyələşməsi Ulu
Öndərin dünyadakı nüfuzu sayəsində
həll olundu
1990-cı illərin ikinci yarısında "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı artdıqca, mövcud olan kəmərlərdən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı. Belə bir şəraitdə müəllifi Ümummilli Lider Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi ideyası irəli sürüldü.
1998-ci il oktyabrın 19-da Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə imzalandı. 1999-cu il noyabrın 18-də İstanbulda ATƏT-in zirvə görüşü zamanı xəttin çəkilişi ilə bağlı növbəti sazişə imza atıldı. Bu sənədə Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentləri imzaları ilə təsdiqlədilər.
Bundan əvvəl "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə onun baş tutmasına mane olmaq istəyənlər yenidən baş qaldırmışdılar. Bu dəfə hədəfdə BTC idi. Sonralar Ulu Öndər bunu belə xatırlayırdı: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunun seçilməsinə müxtəlif maneçiliklər törədildi. Biz şübhə etmirdik ki, bu kəmər Gürcüstandan keçməlidir. Şübhə etmirdik ki, bu böyük neft kəməri məhz Türkiyəyə getməlidir. Xəzərin nefti Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxmalıdır. Amma bəziləri hesab edirdilər ki, kəmər başqa ölkələrdən keçə bilər. Yəni artıq Azərbaycanda, Xəzərin Azərbaycan sektorunda neftin hasil olunmasının reallığını görəndə bəziləri hesab edirdilər ki, bu neft borusu Cənuba gedə bilər, yaxud Şimala gedə bilər, Şərqə gedə bilər. Müxtəlif belə fikirlər, müxtəlif iddialar var idi və getdikcə bunlar güclənirdi. Ancaq biz öz qərarımızda qəti idik. Əvvəldən də biz bunu elan etmişdik ki, kəmər yalnız bu marşrut ilə keçəcəkdir. Bu barədə Azərbaycan, Gürcüstan, Türkiyə arasında qəti razılıq əldə edilmişdi. Demək istəyirəm ki, biz bu layihəni başlayandan indiyə qədər Amerika Birləşmiş Ştatları onun həyata keçirilməsinə çox böyük diqqət, qayğı göstərmişdir, bu işi himayə etmişdir. Əgər Amerika Birləşmiş Ştatlarının layihəyə bu qədər dəstəyi olmasaydı, biz bunu həyata keçirə bilməzdik".
2002-ci il sentyabrın 18-də bütün dünyanın nəzərləri Bakıya dikilmişdi. Həmin gün paytaxtdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında BTC-nin təməlqoyma mərasimi keçirildi. Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-nin energetika naziri, layihənin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri orada idilər. Deməli, Bakı-Tbilisi-Ceyhan reallığa çevrilirdi. Artıq işə başlanmışdı, Azərbaycana və Gürcüstana - tikinti aparılacaq ərazilərə xaricdən alınan borular gətirilirdi.
Layihənin mühüm bir mərhələsində - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən baş qaldırdılar. Yəni onlar tikintinin təməli qoyulandan sonra da rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Bir sıra qeyri-hökumət təşkilatları tikintiyə mane olmaq üçün növbəti səbəblər uydururdular. Bu dəfə kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Bu da layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını gecikdirirdi. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər. Gürcüstan Respublikası dövlətinin və hökumətinin layihəni dəstəklədiyi, artıq işlərə start verildiyi bu məqamda sözügedən məsələ müəmma doğururdu. Demə, burada da erməni "əl"i varmış.
O zaman AŞ PA-nın sədr müavini olan İlham Əliyev məsələnin nədən və haradan qaynaqlandığını açıqladı. Belə ki,ermənilər BTC-nin reallaşma mərhələsinə qədəm qoyduğundan narahat olub internetdə sayt açmışdılar və Beynəlxalq Maliyyə Korporasiyasına, Dünya Bankına, digər beynəlxalq maliyyə qurumlarına layihə haqqında əks məlumat göndərirdilər. Onların əsas məqsədi Gürcüstanda kəmərin keçdiyi ərazilərdə gərginlik yaratmaq və bununla marşrutun dəyişdirilməsinə nail olmaq idi. Borjomi söhbətini ortaya atmaqla, kəmərin yolunun Gürcüstanın əsasən ermənilər yaşayan Axalkalaki rayonundan keçməsinin mümkün olacağını güman edirdilər.
O da məlum idi ki, həmin ilin (2003) mart ayında ermənilər ABŞ-də BTC-yə böhtan atıb onu gözdən salmaq üçün konfrans keçirməyə hazırlaşırdılar. Konfransa onları dəstəkləyən müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələrini dəvət etmişdilər. Bu, BTC əleyhinə kampaniyanın yeni mərhələsinin başlanması demək idi. Xaricdə yaşayan erməni diasporu həmin kampaniyaya açıq şəkildə hərtərəfli dəstək verirdi. Təbii ki, qarşıda layihənin maliyyələşdirilməsi məsələsinin dayandığı bir məqamda belə hallar təhlükəli idi.
Ulu Öndər layihənin həyata keçirilməsinin bütün mərhələlərində "BTC olacaq, olacaq, olacaqdır!" deyirdi. Ümummilli Liderin 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransında şəxsən iştirak etməyi qərara alması da bu baxımdan təsadüfi deyildi. Konfransın keçirildiyi günlərdə Heydər Əliyev ABŞ-nin Prezidenti Corc Buş, vitse-prezident Riçard Ceyni, ticarət naziri Donald Evants, Energetika naziri Spenser Abraham ilə görüşdü. "Mübarizəmiz davam edəcək və biz istəyimizə nail olacağıq!" Bütün söhbətlərin başlıca məzmunu bu idi.
Tədbirin keçirildiyi günlərdə Azərbaycanın, Gürcüstanın və Türkiyənin səlahiyyətli nümayəndələri, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbəri Beynəlxalq Maliyyə Korporasiyasında oldular. BTC-nin maliyyələşdirilməsinə dair fikir mübadiləsi aparıldı. Sonra Ulu Öndər korporasiyanın rəhbəri Piter Voykeni qəbul etdi. Layihədə bu beynəlxalq maliyyə qurumunun imkanlarından istifadə məsələsi müzakirə olundu. P.Voyke bildirdi ki, korporasiyanın məqsədi yalnız bir kəmərin layihəsinin maliyyələşməsində deyil, regionda həyata keçirilən digər layihələrdə də fəal iştirak etməkdir...
Beləliklə, Heydər Əliyevin dünyadakı hörmət və nüfuzu BTC-ni bu çətinlikdən də çıxardı.
BTC qalib
gəldi! Azərbaycanın
bədxahları bu dəfə də məqsədlərinə
çatmadılar. Ümummilli Liderin daha bir şah əsəri
tarixdə özünə
yer aldı. Belə ki, 2004-cü fevralın 3-də
Bakıda, "Gülüstan
" sarayında
Prezident İlham
Əliyevin iştirakı
ilə BTC layihəsinin maliyyələşdirilməsi
ilə əlaqədar
son sənədlər imzalandı.
Azərbaycan, Gürcüstan
və Türkiyə hökumətlərinin, BTC kreditorlar
qrupunun nümayəndələri
tərəfindən imzalanan maliyyələşmə
paketi 78 müxtəlif tərəfin
17 mindən çox imzası olan 208 maliyyə sənədini əhatə edirdi.
"Gördüyümüz
işlər Azərbaycanın
gələcəyi üçündür"
demişdi Heydər Əliyev. Qalan işlərin İlham
Əliyev tərəfindən
başa çatdırılacağına
əmin olduğunu bəyan etmişdi böyük müdrik.
Bunların bir təsdiqi də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin uğurlu istismarı və ondan sonra
həyata vəsiqə
alan neçə-neçə
qlobal layihələrimizdir.
Flora SADIQLI
Azərbaycan.- 2022.- 13 oktyabr.- S.7.