Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib

 

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Viktor Qulyeviç, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov, Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Erlis Terdikbayev, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Şuxrat Xalmuxamedov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakovTacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Rüstəm Cumayev iştirak ediblər.

İclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev giriş sözü ilə çıxış edib.

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının Azərbaycanda keçirilməsi barədə qəbul edilən qərara görə təşəkkürünü ifadə edən Kərim Vəliyev əminliyini bildirib ki, bugünkü iclas işgüzarkonstruktiv mühitdə keçərək məhsuldar olacaq və dövlətlərimizin rifahı naminə münasibətlərimizin daha da inkişaf etməsinə töhfəsini verəcək. Belə görüşlər iclas iştirakçıları arasında ikitərəfli əməkdaşlığın gündəliyinin bəzi məsələlərini müzakirə etmək üçün də yaxşı imkandır.

Cənubi Qafqazda yaranmış postmünaqişə dövrü barədə məlumat verən Kərim Vəliyev qeyd edib ki, hazırda regionda sülh, əməkdaşlıq və nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni perspektivlər yaradılıb.

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yararsız vəziyyətə gətirilmiş infrastrukturun bərpasının Azərbaycanın qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edən general-polkovnik deyib: “Hazırda biz işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı tikinti-bərpa işləri həyata keçiririk. Müharibə bitəndən sonra Azərbaycanın 250-dən çox vətəndaşı minaların partlaması nəticəsində həlak olubya ciddi xəsarət alıb. Ermənistan minalanmış ərazilərin tam, dolğun xəritələrini bizə verməkdən boyun qaçırır. Bizə təqdim edilmiş az sayda xəritələrdə əks olunmuş məlumatların dəqiqliyi təxminən 25 faiz təşkil edir.

Azərbaycan, sülh tərəfdarı olaraq, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsinə sadiqdir və Ermənistanla münasibətləri normallaşdırmağa, sülh sazişinin imzalanmasına, sərhədlərin qarşılıqlı etimadmehriban qonşuluq ruhunda delimitasiyası və demarkasiyasına hazırdır.

Təəssüf ki, son dövrdə Ermənistan bir neçə dəfə açıq-aşkar təxribatlara əl ataraq, Azərbaycanı cavab tədbirləri görməyə vadar edib. Belə hərəkətlər MDB-nin ruhuna, beynəlxalq hüquq prinsiplərinə və həmin üçtərəfli bəyanata ziddir.

Azərbaycan Ermənistanın üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirməsini gözləyir. Biz dəfələrlə konstruktiv dialoqa və birgə əməkdaşlığa hazır olmağımızı bəyan etmişik”.

Baş Qərargah rəisi əminliyini bildirib ki, bugünkü görüş ölkələrimiz arasında münasibətlərin inkişafına əlavə təkan verəcək və yeni üfüqlər açaraq ölkələrimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfəsini verəcək: “Ümidvaram ki, Siz Azərbaycana səfər etməkdən məmnun qalacaq və özündə Qərb ilə Şərqin vəhdətini, zəngin tarixi, memarlığı, mədəni irsi tərənnüm edən sürətlə inkişaf edən Bakı şəhəri ilə yaxından tanış olmaq fürsətindən yararlanıb, ölkəmizdə aparılan müsbət dəyişikliklərin bilavasitə şahidi olacaqsınız”.

Tədbirdə hərbi əməkdaşlığın cari il üzrə yekun nəticələri, növbəti il üçün inkişaf perspektivləri, həmçinin sülhün və təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

İclasın sonunda yekun protokollar imzalanıb, MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının 2023-cü ildə Rusiya Federasiyasında keçirilməsi haqqında qərar qəbul edilib.

İclasda yekun nitqlə çıxış edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyev qeyd edib ki, birgə fəaliyyət konstruktiv şəraitdə keçib. İclas zamanı hərbi əməkdaşlığa dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən dünyada mövcud hərbi-siyasi vəziyyət müzakirə olunub. Təhlükəsizlik və sabitlik üçün çağırış və təhdidlərin dəf edilməsi imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühitə nəzarət və qiymətləndirilməsi üzrə Vahid sisteminin fəaliyyət göstərməsi, Humanitar minatəmizləmə üzrə birgə mühəndis bölməsinin fəaliyyəti, pilotsuz uçuş aparatları kompleksləri üzrə mütəxəssislərin hazırlanması və 2023-cü ildə “Döyüş birliyi” birgə təlimlərinin keçirilməsinə dair məsələlər də nəzərdən keçirilib.

Baş Qərargah Rəisləri Komitəsi növbəti il üçün müdafiə qurumlarının əməkdaşlığının daha da dərinləşdirilməsi, silahlı qüvvələrin birgə tədbirlərinin keçirilməsi, terrorçuluğa, çağırış və təhdidlərə qarşı birgə mübarizə səylərinin təmin edilməsini nəzərdə tutan çoxtərəfli hərbi əməkdaşlıq üzrə birgə tədbirlər barədə ümumi razılığa gəlib, həmçinin hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində digər qərarlar qəbul olunub.

MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının 2023-cü ildə Rusiya Federasiyasında keçirilməsi qərara alınıb.

Kərim Vəliyev çıxışının sonunda vurğulayıb ki, Qərargah Rəisləri Komitəsinin iclasının yekunları silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi və MDB məkanında sabitliyin qorunub saxlanılması üçün bu əməkdaşlıq formatının aktuallığını bir daha təsdiqləyir.

 

Azərbaycan.- 2022.- 13 oktyabr.- S.8.