Bakı və İrəvan sülh sazişini imzalamağa
yaxındır
Ermənistan Azərbaycanın Qarabağ
üzərində hakimiyyətini tanıdığını
rəsmən təsdiqləyib
Vətən müharibəsindən ötən müddət ərzində Azərbaycan regionda sülhün, təhlükəsizliyin bərqərar olması üçün Ermənistanla sülh müqaviləsinin imzalanması prosesinin qısa zamanda həyata keçirilməsinin zəruriliyini vurğulayır.
Bu istiqamətdə Azərbaycanın irəli sürdüyü təklifər beynəlxalq birlik tərəfindən də dəstəklənir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə tərəflər arasında keçirilən görüşlər də təsdiq edir ki, regionun inkişafı sülh müqaviləsinin imzalanmasından keçir.
Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü milli maraqlara əsaslanan siyasət də göstərir ki, Azərbaycanın mövqeyi dəyişməzdir və sülh müqaviləsinin imzalanması vacibdir.
Sülh müqaviləsi regionda təhlükəsizliyi
bərpa edəcək
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanla dördtərəfli görüşünün nəticəsi, eyni zamanda digər ölkələrin rəhbərləri ilə apardığı danışıqlar dövlətimizin milli maraqlarına xidmət edir və Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilir. Deputatın fikrincə, görüşlər dünyada, eləcə də Avropada Azərbaycan Prezidentinə olan inamın, ona bəslənilən etimadın yüksək olduğunun göstəricisidir.
Tahir Rzayev deyir ki, Praqa görüşünün çox böyük əhəmiyyəti var. Ona görə ki, Aİ Şurasının prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması ilə əlaqədar bir neçə dəfə üçtərəfli görüşün keçirilməsinin təşəbbüsçüsü olub. Bu görüşlərin nəticəsi uğurlu hesab olunmalıdır, çünki danışıqlarda Azərbaycan Prezidentinin qarşıya qoyduğu 5 prinsip əsas götürülüb, həmin şərtlərin həyata keçirilməsi ilə əlaqədar müəyyən tapşırıqlar verilib. Bu gün həmin vəzifələrin icra olunması istiqamətində işlər gedir. Azərbaycan dövləti, ölkə rəhbəri həmin prinsiplərin həyata keçirilməsində israrlıdır və bu tələblər bilavasitə xalqımızın, dövlətimizin milli maraqlarını özündə ehtiva edir.
Komitə sədri vurğulayır ki, sərhədlərin dəqiqləşdirilməsi, sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması, eləcə də erməni silahlı birləşmələrinin Qarabağ ərazilərindən çıxarılması gündəmdə olan əsas məsələlərdir: "Prezident İlham Əliyev bütün danışıqlarda bu məsələləri ön plana çəkməklə, regionda sülhün, əmin-amanlığın yaranmasının tərəfdarı olduğunu nümayiş etdirir. Bu görüşdə də cənab Prezident bir daha xatırlatdı ki, sülh müqaviləsinin imzalanması hər iki ölkə üçün önəmlidir".
Tahir Rzayev qeyd edir ki, bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir, xüsusilə, Avropada yaranmış enerji böhranı Aİ ölkələrini Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün müəyyən vəzifələrin yerinə yetirilməsinə vadar edir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkə rolunda çıxış edir. Dövlətimizin başçısının apardığı düzgün, düşünülmüş siyasət, ölkəmizdə həyata keçirilən mühüm layihələr, beynəlxalq təşkilatlar qarşısında qoyulan vəzifələr deməyə əsas verir ki, respublikamızda sülhün, əmin-amanlığın yaranması təmin olunacaq və Azərbaycan dünyanın ən sülhsevər, qətiyyətli və öhdəliklərini inamla yerinə yetirən dövlət kimi tarixə düşəcək.
Avropa İttifaqının Azərbaycanla təmasda olması beynəlxalq aləmdə nüfuzumuzun gündən-günə yüksəlməsinin göstəricisidir. Azərbaycan dünyanın demokratik ölkələrindən biri kimi gələcəkdə də özünü sülhsevər ölkə kimi təsdiqləyəcək. Prezidentin imzaladığı hər bir sənədin arxasında xalqımızın mənafeyi, dövlətin gələcəyi, insanların rifah halının yaxşılaşdırılması durur.
Praqa görüşü
Azərbaycanın tarixi qələbəsidir
Milli Məclisin deputatı Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Praqa görüşünün nəticəsinə dair qəbul olunan bəyanatla daha bir tarixi prosesə imza atdı. Bu, Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin Ermənistan üzərində növbəti siyasi qələbəsi oldu. Görüşdə Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Prezident İlham Əliyevin sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərlə razılaşdığını bildirdi. Digər məsələlərin də həlli hər iki dövlətin xarici işlər nazirlərinə tapşırıldı.
Kamilə Əliyeva deyir ki, Ermənistan rəhbərliyi Azərbaycan xalqının iradəsini, dövlətimizin potensialını düzgün qiymətləndirərək konstruktiv mövqe nümayiş etdirməlidir. Ermənistan bu gün dünyada müstəqil dövlət kimi tanınsa da, suveren ölkə deyil: "Ermənistanda hakimiyyətdə olan dövlət və hökumət başçılarının heç biri müstəqil siyasət yürütməyə qadir olmayıb. Ermənistan ona himayədarlıq edən dövlətə, beynəlxalq təşkilatlara da xəyanət edib və bundan sonra da edəcək".
Azərbaycanın isə müstəqil, suveren dövlət, beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu vurğulayan deputat qeyd edir ki, Prezident İlham Əliyev bütün dövlətlərlə balanslaşdırılmış müstəqil siyasət yürüdən güclü siyasətçi, mahir diplomatdır. Dövlətimizin başçısının apardığı uğurlu xarici siyasətin nəticəsidir ki, Avropa İttifaqı və bir sıra Avropa dövlətləri Azərbaycanı özlərinə etibarlı müttəfiq və dost dövlət hesab edirlər. Bu yüksək etimad və hörmət dövlət başçımızın güclü siyasətçi olmasının, müstəqil, qətiyyətli xarici siyasət yürütməsinin nəticəsidir.
Azərbaycanın "Şimal-Cənub", "Şərq-Qərb" marşrut xətlərinin mərkəzində yerləşməsini, eyni zamanda öz ərazisində yaratmış olduğu müasir nəqliyyat infrastrukturunu Avropa çox yüksək qiymətləndirir və buna böyük önəm verir. Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcmi hər il artırılır. Bu ilin iyul ayında Avropa Komissiyasının prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi iki dəfə artırılacaq. Bir neçə ildən sonra ixracın ən azı 18 milyard kubmetrə çatdırılması nəzərdə tutulur, yəni ölkəmiz Avropanın enerji təhlükəsizliyinə böyük dəstək olacaq.
Deputatın sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün böyük təşəbbüs göstərir. Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə bir neçə dəfə keçirilən üçtərəfli görüşlər, eləcə də oktyabrın 6-da Fransa Prezidenti Makronun iştirakı ilə reallaşan dördtərəfli görüş sülh prosesinin yaxınlaşmasına ümidi artırır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mütəmadi görüşlərinin keçirilməsi, həmçinin hər iki dövlətin müvafiq komissiyaları tərəfindən sülh mətninin hazırlanması gündəmdə duran vəzifələrdəndir.
K.Əliyeva vurğulayır ki, Ermənistan ölkəmizin suverenliyini tanımaqla, Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanıyıb: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq bütün dünya "Qarabağ Azərbaycandır!" ifadəsini tələffüz edir. Bu da Praqa görüşündə Azərbaycanın tarixi qələbəsidir".
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2022.- 13 oktyabr.- S.10.