Azərbaycanı qaliblər
ölkəsinə çevirən Prezident
Müasir parlaq tariximiz Azərbaycan xalqının müstəqil, müdrik seçiminin məhsuludur. Arzuladığımız qüdrətli dövlətin vətəndaşlarıyıq. Bu möhtəşəm tarixi bizə yaşadan isə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevdir.
Ölkəyə rəhbərlik etdiyi son 19 ildə cənab İlham Əliyevin gördüyü fantastik işlər ona təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də böyük hörmət, nüfuz qazandırıb. Səmimiliyi, milli təəssübkeşliyi, Azərbaycan sevgisi, vətəninə, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı və ən nəhayət, 30 illik həsrətimizə son qoyan Vətən müharibəsində Baş Sərkərdə kimi Qarabağı işğaldan azad etməsi ona ümumxalq sevgisi qazandırıb.
19 ilin uğur salnaməsi
19 il öncə, 2003-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilməsi də məhz bu sevginin, inamın əyani təzahürü idi. Xalq cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edərək onu özünə rəhbər seçdi və bu günədək baş verən proseslər bu seçimin nə dərəcədə doğru olduğunu isbatladı.
Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başlamasının 19-cu ili tamam olur. Amma bu, o demək deyil ki, İlham Əliyev missiyası yalnız 19 illə tamamlanır. Ulu Öndər Heydər Əliyev ailəsində dünyaya göz açmaqla, bu dahi şəxsiyyətdən öyrəndikləri həyatının həm siyasi əlifbası, həm də fəaliyyət müntəxabatı olub.
2003-cü ildən vətəndaşlarından etimad mandatı alan Prezident İlham Əliyev məhz xalqın sosial-rifah halının yaxşılaşdırılması, dövlətin qüdrətinin daha da artması istiqamətində həyata keçirdiyi inkişaf konsepsiyası ilə həm alternativsizliyini, həm də hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi.
Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev həm də xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Bu Zəfər 19 illik müstəqil, qətiyyətli, prinsipial siyasətin bariz təcəssümüdür. Məhz cənab İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi.
Vətən müharibəsində 320 idmançı şəhidlik zirvəsinə ucalıb
Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən savaşı müddətində Azərbaycan Ordusu tərəfindən 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 20-də Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın şəhəri və 126 yaşayış məntəqəsi Azərbaycana qaytarıldı.
Məhz qalib sərkərdənin diplomatik məharətinin nəticəsində Ermənistan onilliklərlə möhkəmləndiyi, "keçilməz" istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.
Təbii ki, qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan Prezidentinin dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi.
Vətən müharibəsi dövründə Prezident İlham Əliyev bütün cəbhələrdə öndə idi. Cənab İlham Əliyev Ali Baş Komandan kimi hərbi fəaliyyətindən tutmuş informasiya cəbhəsində apardığı mübarizəyə qədər hamısından qalib çıxdı. Tutarlı, sərrast cavabları, dəmir məntiqə əsaslanan arqumentləri ilə dünyanın aparıcı media mənsublarına verdiyi müsahibələrdə Ermənistanın bu sahədə apardığı yalan, heç bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst etdi.
Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni məğlub etdi. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması ilə əsl sərkərdə olduğunu sübuta yetirən cənab İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş xarici siyasət və özünü "dəmir yumruq" kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu Zəfərdə Azərbaycan idmançılarının da payı az olmadı. Həmişə beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız bu dəfə əzəli torpağımız olan Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər.
Hazırda dərs dediyim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Birinci Qarabağ müharibəsində 33, İkinci Vətən müharibəsində isə 15 tələbə və məzunu şəhid olub. Onlar idman arenalarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, cəsarət və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi yazdılar.
İkinci Qarabağ müharibəsində ümumilikdə 988 idmançı iştirak edib ki, onlardan 320-si canlarından keçiblər. Şəhidlərin 179-u futbolla, 27-si güləşlə, 24-ü isə cüdo ilə məşğul olublar.
Beləliklə, sıralarında Azərbaycan idmançılarının da yer aldığı qüdrətli ordumuzun cəsur oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular.
Hər bir xalqın tarixində xilaskar rolunu oynayan Lider var. O Lider xalqının taleyüklü məsələsinin
həllində xilaskarlıq
missiyasını üzərinə
götürüb cəsarət
nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı
tarixinə yazdırır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə
çevirən Ali Baş
Komandan İlham Əliyev həmin liderlərdən biridir.
Çünki məhz İlham
Əliyevin sərkərdəliyi
ilə çoxlarının
qeyri-mümkün hesab
etdiyi Qarabağ münaqişəsi cəmi
44 günə həll
olundu. Uzun illər dünya
dövlətlərinin əksəriyyətinin
himayə etdiyi işğalçı Ermənistan
İlham Əliyevin hərbi-siyasi diplomatiyası
qarşısında aciz
qaldı.
Bu gün isə
Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün və təhlükəsizliyin
təmin edilməsi üçün uğurlu
diplomatiya yürüdür. Məğlub Ermənistanla sülh müqaviləsinin imzalanması
üçün danışıqlar
aparılır. Siyasi proseslər
göstərir ki, tezliklə tərəflər
arasında Azərbaycanın
maraqları çərçivəsində
sülh müqaviləsi
imzalanacaq. Bundan sonra
isə tarixinin ən qüdrətli Azərbaycanı Prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasəti
ilə regionda ən güclü dövlət kimi daha böyük zəfərlərə imza
atacaq.
Hicran ŞƏRİFOV,
Beynəlxalq dərəcəli
hakim, MOK-un Nəzarət-Təftiş
Komissiyasının sədri, ADBTİA-nın baş
müəllimi
Azərbaycan.-2022.- 15 oktyabr.- S.14.