Elə bir meqalayihə yaratdı ki...
Azərbaycan, eləcə
də Avropa bundan ən azı 100 il
faydalanacaq
İlham Əliyev dünyaya səs salan bir meqalayihə də yaratdı. Elə bir
meqalayihə ki, bununla Avropanın enerji xəritəsi yenidən çəkildi.
Qoca qitənin mavi yanacağa ehtiyacı artanda, vəziyyət hətta kəskin şəkil alanda neçə-neçə ölkə
bu layihənin köməyinə bel bağladı.
Elə bir meqalayihə yaratdı ki, onun həyata
keçirilməsində Azərbaycan,
Gürcüstan, Türkiyə,
Bolqarıstan, Yunanıstan,
Albaniya, İtaliya birləşdi. Daha neçə ölkə
- Bosniya və Hersoqovina, Xorvatiya, Monteneqro, Rumıniya, Macarıstan, Slovakiya da ondan bəhrələnmək
arzusundadır. Marşrutun getdikcə
uzanması, şaxələnməsi
də istisna deyil.
Elə bir meqalayihə yaratdı ki, qarşıdan gələn
100 il ərzində
Azərbaycan xalqına
xidmət edəcək
və milli iqtisadiyyatımızın inkişafında
mühüm amil olacaq. Ölkəmizin regionda və
Avropada nüfuzunun artmasını, Azərbaycanla
Qərb arasında münasibətlərin daha
yüksək pilləyə
qalxmasını şərtləndirəcək.
Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq.
Layihədə iştirak edən
bütün ölkələr,
şirkətlər mənfəət
götürəcəklər. Bu layihə Azərbaycana
böyük gəlirlər
gətirərək insanların
rifahının yüksəlməsinə
təsir göstərəcək,
xalqımızın firavan
gələcəyini təmin
edəcək.
Bu meqalayihə "Cənub
qaz dəhlizi" adlanır. Başqa sözlə, məhz
Prezident İlham Əliyevin səyləri, dünyadakı siyasi nüfuzu və təşəbbüskarı olduğu
nəhəng layihələr
sayəsində Azərbaycan
qaz ixrac edən ölkə kimi tanındı, şöhrət tapdı.
Dövlət başçısının qeyd
etdiyi kimi, "Cənub qaz dəhlizi" Azərbaycanın
liderliyi ilə həyata keçirilən,
tarixi əhəmiyyətə
malik, xalqımızın
firavan gələcəyini
təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın
möhkəmlənməsinə xidmət göstərən
qlobal layihədir. Dövlət
başçısı bununla
yanaşı, "Cənub
qaz dəhlizi"nin beynəlxalq əməkdaşlıq və
tərəfdaşlıq şəraitində
reallaşdığını da dəfələrlə vurğulamışdır. Yəni
"Cənub qaz dəhlizi" layihəsinin
uğurla tamamlanması
nümayiş etdirir ki, komanda şəklində
aparılan iş həmişə yaxşı
nəticə verir. Burada istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları
üst-üstə düşür.
Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri
(CQBK) Azərbaycan qazını
Gürcüstana 2006-cı ildə
çatdırıb. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan qazı Ərzuruma nəql edilir. Səngəçal-Ərzurum marşrutu ilə
uzanan bu xətt bütövlükdə
Bakı-Tbilisi-Ərzurum
(BTƏ) kəməri adlanır.
BTƏ 2007-ci il iyulun 3-də istifadəyə
verilib.
"Cənub qaz dəhlizi"nin təməlini də əslində elə
BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək
3500 kilometrlik məsafə
boyu uzanan, üç kəmərdən
ibarət olan bu dəhlizin birinci seqmentini genişləndirilmiş CQBK təşkil
edir.
Trans-Anadolu Qaz Boru
Kəməri (TANAP) "Cənub
qaz dəhlizi"nin ikinci və ən böyük hissəsidir. Onu bu möhtəşəm enerji dəhlizinin birləşdirici halqası,
onurğa sütunu da adlandırırlar.
Azərbaycan qazı artıq Avropaya da ixrac
edilir. "Cənub qaz dəhlizi"nin
sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri)
2020-ci ilin son günündə
istifadəyə verildı.
Bununla da "Cənub qaz dəhlizi" tam fəaliyyətə başladı.
"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının layihənin həyata keçirilməsində müstəsna rolu var. Məşvərət Şurasının bu il fevralın 4-də Bakıda keçirilən toplantısı sayca 8-ci idi. Keçən il koronavirus pandemiyası səbəbindən videokonfrans formatında keçirilən 7-ci iclası nəzərə almasaq, 2015-ci ildən üzübəri ildə bir dəfə, adətən fevral ayında baş tutan bu tədbirə həmişə Azərbaycan evsahibliyi edib. Bu da XXI əsrin nəhəng layihələrindən biri - "Cənub qaz dəhlizi"nin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğunu təsdiqləyən faktlardandır. Bu həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzundan qaynaqlanır.
Meqalayihələrimiz getdikcə şaxələnməkdədir. Cari il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) bunun növbəti təsdiqidir. IGB Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan təbii qazı Bolqarıstana çatdıracaq.
İnterkonnektorun açılış mərasimindəki çıxışında dövlətimizin başçısı Azərbaycan qazının ixracı və onun potensialı məsələlərinə toxunaraq demişdir: "Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə anlaşma memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var. Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu olmadan əlavə təchizatı təmin etmək çətin olacaq".
Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu gün "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi yalnız "Şahdəniz" olsa da, yaxın gələcəkdə ona digər yataqların da qoşulacağı gözlənilir. Ölkəmiz həmçinin müasir və çoxşaxəli qaz nəqliyyatı infrastrukturuna malikdir. Bu da bir sıra ölkələri mavi yanacaqla təmin etməyə imkan verir. Qısa müddət ərzində bu sahədə qazanılmış təcrübə və əldə edilmiş uğurlar sabahın daha böyük işləri üçün də möhkəm zəmindir. Prezidentimiz bütün bunları nəzərə alaraq demişdir: "Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək".
Zaman Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin məqsədyönlü olduğunu, müəyyənləşdirilmiş strategiyanın düzgün seçildiyini təsdiqlədi. Həyata keçirilən çoxşaxəli proqramlar, dərin islahatlar ölkəmizi böyük inkişaf yoluna çıxardı və bu yolda yeni uğurlu addımlar atılmaqdadır. Prezidentimizin dediyi kimi, "Cənub qaz dəhlizi" layihəsi başa çatıb, bizim işimiz isə davam edir".
Flora SADIQLI,
Azərbaycan.-2022.- 15 oktyabr.- S.19.