"Zəngilanı bizə qaytaran İlham Əliyevə ömür boyu borcluyuq"

 

Zəfərin möcüzəsi "ağıllı kənd"də həyat qaynayır

 

 

Avtomobilin işığı gecənin bağrını dəlib, sürətlə irəlilədikcə həyəcanımız bir qədər də artır. Sübh tezdən olduğundan hava da yavaş-yavaş aydınlaşır, dağların arxasından günəş oğrun-oğrun boylanıb, göy üzünü əlvan rəngə boyayır...

Yaxınlıqdakı yalxı dağların sinəsi qıpqırmızı rəng alır. Günəş şəfəqlərini səpələdiyi torpaq da qızılı rəngə bürünür. Bir anlığa düşünürsən ki, keçdiyimiz bu torpaqları qızardan günəşin şəfəqləri yox, iki il əvvəl bu torpaq uğrunda canını fəda etmiş şəhidlərin qanıdır...

 Məsafə getdikcə qısalır və bir azdan Zəfərin ilk ünvanı sayılan "Ağıllı kənd" yaşayş kompleksinə - Zəngilanın Ağalı kəndinə yetişəcəyik. O Ağalı ki, düşmənin 30 ildə xarabalığa çevirdiyi məkanda tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın cəmi iki ilə yaratdığı möcüzə sayılar. İndi həmin Ağalıda həyat yenidən qaynamağa başlayıb. 

Nəhayət, uzanan yollar bizi  dağların yamacında,  Arazın sağ sahilində məskən salmış Ağalıya çatdırır. Hündür dağ yolundan baxanda gözümüz önündə gözəlliyi ilə insanı heyrətləndirən bir mənzərə açılır...

 

 

 

"Ağıllı kənd"də işsiz adam yoxdur

 

 

 

Dan yeri yenicə sökülür. Hələ ki Ağalı kəndi səhər yuxusundan oyanmayan qayğısız bir körpəyə bənzəyir... 

Yüksəklikdən kəndə tamaşa edirik və bu anda insana elə gəlir ki, gözlərin önündə canlanan real kənd yox, hansısa məşhur rəssamın yaratdığı tablodur. 

Kənddə xüsusi layihə ilə tikilmiş müasir evlər, daş döşənmiş, geniş və yaraşıqlı küçələr, inzibati binalar göz oxşayır. Bütün evlərin, binaların damında günəş panelləri qurulub. Kənddə elektrik xətti yoxdur. İçərisinə qənbər daşı döşənmiş arx da bu gözəlliyə əlavə bir çalar qatır.

Bir azdan "ağıllı kənd"də həyat qaynayacaq. Böyüklər işə, uşaqlar məktəbə tələsəcəklər...

Şanlı Zəfərimizin memarı Prezident İlham Əliyev 2021-ci ilin aprelində bu kəndin təməlini qoyanda bəlli oldu ki, 2016-cı ildə Cocuq Mərcanlıdan başlayan Böyük qayıdış planının icrası tezliklə Zəngilanla davam edəcək.

Az vaxtda 110 hektardan çox ərazidə sürətlə tikinti işləri aparıldı. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası tikilərək istifadəyə verildi. Hazırda kənddə 66 ailə olmaqla 325 nəfər yaşayır.

Ağalıda müasir şəhərsalma standartları tam tətbiq olunur desək, səhv etmərik. Burada çirkab və sel sularının axıdılması üçün kanalizasiya xətti tikilib, kənd sakinlərinin asudə vaxtlarının mənalı təşkili üçün gözəl və yaraşıqlı park-meydan salınıb. Unikal gözəlliyi ilə seçilən fəvvarə və memarlıq abidəsi göz oxşayır. Xüsusi olaraq piyada və velosiped yolları çəkilib.

Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada kənd sakinlərinə "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi və Bank xidmətləri, iaşə obyektləri, ət kəsimi məntəqələri, mağazalar şəbəkəsi fəaliyyət göstərir.

Çox gözləməli olmuruq, küçələrdə hərəkətlilik başlayır. "Ağıllı kənd"in sakinləri evlərindən çıxıb işə tələsirlər...

Kənd icra nümayəndəsi Gəray Hüseynov bizimlə söhbət zamanı qeyd edir ki, Ağalıya köçmək istəyən sakinlərimiz növbəyə durublar. Bütün ağalılılar doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər: "30 illik məcburi köçkün həyatından sonra dövlətimiz bizə xəyalımıza belə gəlməyəcək bir şərait yaradıb. İşləmək istəyənlər üçün iş yerləri yaradılıb. Hazırda kənddə "Gill Med Sağlamlıq və Tekstil və tibb ləvazimatları istehsalı" müəssisəsi, çörək sexi, "Şirin Aqro" fəaliyyət göstərir. Yaxın günlərdə  tikintisi başa çatmaq üzrə olan Zəngilan Beynəlxalq Aeroportu və "Dost Aqropark" da fəaliyyətə başlayacaq ki, bu da əlavə iş yerləri deməkdir".

 

 

Ağalının 82 yaşlı ən qocaman sakini: "İlham oğlum mənə cənnəti bağışlayıb"

 

 

 

Söhbət əsnasında bəlli olur ki, kəndin ən yaşlı sakini Mariya Fərəcovadır. Elə ilk olaraq da Mariya nənənin yaşadığı evə üz tuturuq. Mariya nənə həmişə olduğu kimi, bu gün də yuxudan erkən durub səhər-səhər toyuqları hindən açıb qarşılarına dən səpirdi. 82 yaşı olmasına baxmayaraq, olduca qıvraq və işgüzardır. Həyətində səliqə ilə tərəvəz məhsulları, göy-göyərti, xiyar-pomidor da əkib, becərib.

Darvazanı döyüb həyətə daxil oluruq. Bizi çox mehribanlıqla qarşılayan Mariya nənə söhbətə zarafatla başlayır:

- Xoş gəlmisiniz, a bala, ağacda yatana oxşuyursuz. Yəqin xeyirdir inşallah. Uzaq yol gəlmisiz, keçin içəri. Pomidor-yumurta bişirim yeyin. Vallah öz toyuğumun yumurtası, özüm əkdiyim pomidordan olacaq, tər-təmiz, yeməli...

Təşəkkürümüzü bildirib gəlişimizin səbəbini izah edirik və elə həyətdəcə söhbətə başlayırıq. Kəndin ən yaşlı sakini həyat hekayəsini danışır:

- 1940-cı ildə anadan olmuşam. Uşaqlığım müharibə illərinə, gəncliyim qıtlığa düşdü. Bir qədər yaşlaşanda yenicə gün görməyə başlamışdıq ki, erməni dığaları araya qan saldılar. 1993-cü ildə yurdumuzu, yuvamızı başına qoyub, canımızı götürüb, soyuqda, qiyamətdə Arazdan İrana keçdik. Oradan da canımızı götürüb qaçdıq.

28 il yurd-yuvasız yaşadıq. Adamın üstündə Allah var. Dövlət bizə yaxşı baxdı. Ev tikdi, şərait yaratdı. Allah Prezidentimizin, həyat yoldaşı Mehriban qızımın canını sağ-salamat eləsin. Yanımızda oldular, qayğımıza qaldılar. Heç bir narazılığımız yox idi. Tək nigarançılığımız torpaq idi ki, onu da İlham oğlum şəxsən özü həll etdi. İnanmırdım ki, qoca vaxtımda bir də Zəngilanı, Ağalını görə bilim. Amma ömrü verən də, alan da Allahdır. Demək, Ağalını görmək qismətimdə varmış. Ömrü uzun olsun Prezidentimiz

İlham Əliyevin, nə qədər alqış eləsək də, azdır. Çünki İlham oğlum mənə cənnəti bağışlayıb. Bu böyüklükdə ev-eşik tikib verib. Vallah bu rahatçılıq mənim üçün möcüzədir.

7 övlad anasıyam - 3 oğlum, 4 qızım var. Şükür Allaha ki, oğlanlarım da doğma kəndimizə qayıdıblar. Hamısı da işləyir. Hər gün Yaradana şükür, torpaqlarımızı bizə qaytaran əsgərlərimizə, dövlətimizin başçısına dualar edirəm. Bundan sonra ölsəm də, dərdim yoxdur.

 

 

 

"Ağıllı kənd"ə qohumlarıgilə qonaq gələnlər geri qayıtmaq istəmirlər

 

 

 

Mariya nənə ilə maraqlı söhbətimizi bitirib qonşuluqdakı evə üz tuturuq. Hasardan boylanan məktəbliləri görüb hiss etdik ki, bu, çoxuşaqlı ailədir. Uşaqlar evlərindən çıxıb məktəbə tərəf üz tutdular. Böyük və yaraşıqlı ikimərtəbəli evin qapısını döyürük.  Ev sahibləri bizi köhnə tanışları kimi heç nə soruşmadan evə dəvət edirlər.

Bəlli olur ki, İsmayılovlar ailəsi Ağalıya birinci köçlə gələnlərdəndir. Ev sahibləri Fərmayil və Arzu İsmayılovanın 6 övladı var. Böyük qızları Aydan ailəli, böyük oğlanları Orxan Xocavənddə hərbi xidmətdədir. Günel, Aysel, Gülsel və Müzəffər məktəblidirlər.

Arzu xanım deyir ki, yeni mənzildə yeni həyata başlayıblar və heç bir problemləri yoxdur: "Bizə bu gözəl həyatı yaşadan Prezidentimizə təşəkkür edirəm. 29 illik qaçqın həyatından sonra elimizə-obamıza qayıtmışıq. Vallah, bu həyat bizə möcüzə kimi görünür. Bütün sosial xərclərdən azadıq. Dövlətin də bir əli üstümüzdədir. Bu gün yenə yardım almışıq. Yoldaşım işləyir, ailəmizi dolandırır. O qədər darısqal, şəraitsiz otaqlarada yaşamışıq ki, indi bu ikimərtəbəli 5 otaqlı, hər cür şəraiti olan evdə yaşadığımıza özümüz də inana bilmirik. Bu evi biz bütün ömrümüz boyu işləsək də, tikə bilməzdik. Amma dövlətimiz, Prezidentimiz var olsun ki, vətəndaşlarına belə diqqət, qayğı göstərir. Zəngilanı, Ağalını bizə qaytaran İlham Əliyevə ömür boyu borcluyuq".

Söhbət əsnasında bəlli olur ki, evdə qonaq da var. Fərmayil İsmayılovun qardaşı Rəfael həyat yoldaşı ilə birgə Sumqayıtdan qonaq gəlib. Söhbətə qoşulan Rəfael  İsmayılov keçmişi və bu günü müqayisə edir: "1993-cü ildə Zəngilan işğal olan gün buranı sonuncu tərk edənlərdənik. Arazdan keçib İrana, oradan da Beyləqana getdik. Başımıza gəlməyən dərd, müsibət qalmayıb. Şükür ki, sağ-salamatıq, doğma kəndimizdəyik. Qardaşımın evinə hələ ki qonaq kimi gəlmişik. Mən də müraciət etmişəm. Kəndimizə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Burada yaradılan bu rahat şəraiti görəndən sonra heç geri qayıtmaq istəmirəm. Gördüyünüz kimi, evlərin üstünə günəş panelləri quraşdırılıb. O panellər günəşdən aldıqları enerjini elektrik enerjisinə çevirir. Evdə daima isti su, internet var. İşıqların sönmə qorxusu yaşanmır. Kənddə işləmək istəyənlər üçün kifayət qədər iş yeri var. Bilmirəm hara düşmüşük. Kəndimiz nağıllar aləminə oxşayır. Gördüklərimə hələ inana bilmirəm. Narahatıq ki, vətəndaş olaraq bizə bu şəraiti yaradan dövlətin borcunu verə bilməyək. Mən bu dövlətin vətəndaşı olduğum üçün qürur duyuram".

 

 

 

Hər gün yuxudan duranda torpağı öpürəm

 

 

 

Evində qonağı olduğumuz başqa bir Ağalı kənd sakini Şahin Mahmudov ikinci köç zamanı, sentyabrın 10-da doğma yurda gələnlərdəndir. Şahin 3 övlad atasıdır. Fərdi sahibkarlıqla məşğul olan Şahin indi Ağalıda xoşbəxt həyat sürür: 

- Bakıda Nəsimi rayonunda yataqxanada yaşayırdım. Uşaqlığımın keçdiyi bu yerləri bir an belə unutmurdum. Sözün açığı, yenidən bu torpaqlara qayıdacağımıza  gümanım gəlmirdi. 2020-ci ilin oktyabrında ordumuzun Zəngilanı düşmən işğalından azadetmə xəbərini eşidəndə sevincimdən az qala dəli olurdum. Bu gerçək bir möcüzə idi. Torpağımız düşmən tapdağından xilas edilmişdi. Amma bu tezliklə doğma yurda qayıdacağımızı, belə bir şəraitdə yaşaya biləcəyimizi heç təsəvvürümüzə gətirməzdik. Hər gün yuxudan durub bayıra çıxanda əyilib torpağı öpürəm....  

Övladlarım Aqşin, Babək, Amin Bakıda doğulublar. Hər gün onlara Zəngilandan danışardım. Onlar da bu yerin həsrəti ilə böyüyüblər. Eşidəndə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bizim kəndi bərpa edir, çox sevindik. Xoşbəxtik ki, 29 ildən sonra öz doğma vətəninə dönən ilk sakinlərdənik. Sevinirəm ki, dövlətin bizə verdiyi bu evdə 3 əsgər böyüyür. Sabah onlar əlinə silah alıb, öz torpaqlarını qoruyacaqlar. Bu gün artıq vətənsiz deyilik, evimiz, eşiyimiz var. Var olsun Prezidentimiz ki, bizə bu xoşbəxtliyi yaşadır.

Mahmudovlar ailəsində bir stəkan çay içib yeni həyatlarında xoş və firəvan günlər arzulayıb yolumuza davam edirik. 

29 il əvvəl doğma yurd-yuvasından çıxmaq məcburiyyətində qalan insanlar indi evlərinə qayıtmağın böyük sevincini yaşayırlar. O zaman kəndlərindən çıxarılanda buranı gözyaşları içərisində tərk etmişdilər, 29 ildən sonra geri qayıdanda da gözyaşları selə dönmüşdü. Amma bu, sevinc və qürur gözyaşları idi...

Artıq Ağalıda həyat qaynayır. Hər kəs iş başındadır. Əhalinin məşğulluğu, yaradılan şəraitlə tanış olmaq üçün müxtəlif ictimai-iaşə obyektlərinə baş çəkmək fikrindəyik. Elə bu məqsədlə də ilk olaraq kənddə yaradılmış tibbi təyinatlı tekstil məhsulları, o cümlədən tibbi maska və baxil, uniforma istehsal olunan "Gillmed" tikiş fabrikinə yollanırıq... 

 

(Ardı var)

 

Rəşad BAXŞƏLİYEV,

Elşən QƏNİYEV,

"Azərbaycan"

Bakı-Zəngilan-Bakı

Azərbaycan.-2022.- 15 oktyabr.-  S.15.