İlham Əliyevin sənaye inqilabı
Məlumdur ki, dayanıqlı inkişaf istehsalyönümlü sənayenin miqyasından asılıdır. Bunun üçün hər bir ölkədə sənaye istehsalı ümumi istehsalda yüksək çəkiyə malik olmalıdır. Bizdə bu sahədə üstün mövqe neft sənayesinə məxsusdur. Lakin enerji daşıyıcılarının qiyməti dünya üzrə sabit olmadığı üçün bu dəyişkənlik ölkənin maliyyə bazarına bəzən müsbət, bəzən də mənfi təsir göstərir. Odur ki, ölkəmizdə də iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sənayesinin inkişafı ön plana çəkilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sektorun inkişafı üçün iqtisadi islahatların aparılmasına start verilmişdir. Bu istiqamətdə görülən işlər nəticəsində ümumi istehsalda qeyri-neft sənayesinin payı xeyli artmışdır.
Ölkəmizdə sənayeləşmə prosesini sürətləndirmək məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanan tədbirlər planına əsasən sənaye potensialının gücləndirilməsi, rəqabətqabiliyyətliliyin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Dünya sənaye tarixinə nəzər yetirdikdə görürük ki, zaman-zaman onun müxtəlif inkişaf formaları meydana gəlir. Bunlardan biri də məhz texnopark adlanan yeni istehsal və xidmət sahələridir. Yeni sənaye birlikləri olan texnoparklar ötən əsrin 50-70-ci illərində fəaliyyətə başlayıb. İkinci mərhələ 80-90-cı illəri əhatə edib, üçüncü mərhələ isə 2000-ci ildən başlayaraq bu günədək davam edir.
Texnoparkların mərhələlərlə inkişafı səbəbsiz deyil. Statistikadan aydın olur ki, hər 15-20 ildənbir texnoparkların yeni formalarının yüksəliş dövrü başlayır. Bu da bazar və iqtisadiyyatın dəyişkən inkişaf tendensiyası, ümumilikdə cəmiyyətin transformasiyası ilə izah olunur.
Davos Forumu ölkəmizin 4-cü Sənaye İnqilabına töhfə verəcəyinə inanır
Dünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Regional Mərkəzinin Azərbaycanda yaradılması haqqında Davosda niyyət protokolu imzalanmışdır. Bu, ölkəmizdə qeyri-neft sənayesinin inkişafı sahəsində görülən işlərə verilən yüksək qiymətdən irəli gəlir və belə bir sənədin imzalanması həmin mötəbər tədbirdə diqqətçəkən məqam olmuşdur. Protokol imzalanandan sonra Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Azərbaycan Prezidentinə müraciət edərək demişdir: "Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan 4-cü Sənaye İnqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq".
Sənayeləşmədə ölkədə yaradılan texnoparkların əhəmiyyəti böyükdür. Texnoparklar yüksək keyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir və buna elmin son nailiyyətlərindən və müasir texnologiyalardan istifadə etməklə nail olunur. Hazırda Bakıda, eləcə də bölgələrdə texnoparkların və sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Bununla yerli və xarici sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə yeni sənaye müəssisələrinin yaradılmasına kömək göstərilir.
Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə ilk dəfə Sumqayıtda Kimya Sənaye Parkı yaradılmışdır. Məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul buraxmaq, onu dünya bazarına çıxarmaq, qeyri-neft sektorunun davamlı inkişafına nail olmaq, həmçinin əhalinin məşğulluğunu təmin etmək idi. Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin - parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılmışdır və proses davam edir. Hazırda bu müəssisələrdə istehsal edilən məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarına da ixrac olunur. Bu da onu göstərir ki, yüksək texnika və texnologiyalardan istifadə olunduğu üçün texnoparklarda rəqabətqabiliyyətli məhsul istehsal edilir.
İkinci böyük sənaye nəhəngi olan Balaxanı Sənaye Parkı isə Prezident İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə yaradılıb. Qeyd edək ki, həmin parkda fəaliyyət göstərən sahibkarların marağı nəzərə alınaraq dövlət başçısının 1 mart 2018-ci il tarixli sərəncamına əsasən, onun ərazisi 1,3 hektar artırılaraq 8,3 hektara çatdırılıb. Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılıb. Bu səbəbdən parkın idarəedici təşkilatı "Təmiz Şəhər" ASC-dir. "Yaşıl iqtisadiyyat"ın inkişafında xüsusi əhəmiyyətə malik olan bu parkın təşkilində başlıca hədəf təkrar istehsal sahəsinə maraq göstərən potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılması idi ki, ona da nail olunub.
Prezidentin 3 iyun 2015-ci il tarixli sərəncamına əsasən, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Bakıda Qaradağ Sənaye Parkı yaradılmışdır.
Eyni zamanda ölkənin hərtərəfli inkişafına nail olmaq üçün bölgələrdə də sənaye müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Dövlət başçısının 26 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılan Mingəçevir Sənaye Parkı məhz bu məqsədə xidmət edir. Üstəlik, sənayeləşmənin ağırlıq yükünün regionlara köçürülməsi həm ölkənin ümumi inkişafı baxımından əhəmiyyətlidir, həm də bölgələrdə yaşayan əhalinin məşğulluğu təmin olunur.
Xatırladaq ki, Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi Prezidentin iştirakı ilə 2016-cı il sentyabrın 21-də keçirilmişdir. Parkda rezident kimi qeydiyyata alınmış "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə dəyəri 85 milyon dollar, illik istehsal gücü 20 min ton iplik olan 2 fabriki ("Ring" və "Open End" üsulu ilə) də 2018-ci il fevralın 27-də dövlət başçısının iştirakı ilə istifadəyə verilmişdir. Buradakı avadanlıqlar Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən alınaraq quraşdırılmışdır. Texnoparkda fəaliyyət göstərən fabriklərdə şəhər əhalisi üçün 750 yeni iş yeri açılmışdır.
Yeri gəlmişkən, sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında və əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində mühüm rol oynayır. İndiyədək sənaye zonalarında 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan çoxu artıq fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, onun da 1,4 milyard manatlığı (təqribən 28 faizi) ixrac olunub.
Bütün bunlar həm də sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması hesabına mümkün olmuşdur. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların istehsal məqsədilə idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Qeyri neft-qaz sənayesi məhsullarının ixracı artır
Ötən il sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilib. İndiyədək sənaye zonalarında ümumilikdə 5,8 milyard. manatlıq məhsul istehsal edilib ki, bunun da 1,7 milyard manatlıq hissəsi ixrac olunub. 2020-ci ildə sənaye zonalarında 1,27 milyard manatlıq məhsul istehsal edilmişdisə, keçən il 2,4 milyard manat təşkil edir. Ötən il sənaye zonaları üzrə ixracın həcmi 2020-ci illə müqayisədə 2,7 dəfə artaraq qeyri-neft sənayesi məhsullarının ixracındakı payını 30,8 faizə çatdırmışdır.
İşğaldan azad olunmuş ərazilərdə texnoparkların yaradılmasına start verilib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdamda və Cəbrayıl rayonunun Soltanlı kəndində də texnoparklar yaradılır. Həmin texnoparkların fəaliyyəti ilk növbədə işğaldan azad olunmuş ərazilərin potensialından istifadə etməyə hesablanıb. Bununla yanaşı, doğma yerlərə dönəcək soydaşlarımızın məşğulluğunun təmin ediləcəyinin hədəf seçilməsini də unutmaq olmaz. Bu isə o deməkdir ki, həmin texnoparklar bölgənin iqtisadi inkişafnı təmin etməklə yanaşı, həm də sosial məsələlərin həllinə müsbət təsirini göstərəcək.
Tikilməkdə olan Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir, artıq 2 sahibkara sənaye parkının rezidenti statusu verilib. İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyində bununla bağlı keçirilən tədbirdə sahibkarlara Sənaye Parkının rezidentinin qeydiyyat şəhadətnaməsi təqdim olunub.
Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq "Dadaş-N" MMC Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək, investisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadratmetrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Ağdam Sənaye Parkının digər yeni rezidenti - "Veliev" MMC tərəfindən "Prefabrik dəmir-beton məmulatları istehsalı" layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir-beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir-beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsalı planlaşdırılır. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvadratmetr dəmir-beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi iş yeri yaradılacaq, burada Türkiyə istehsalı və yerli texnologiyalardan istifadə ediləcək. Müəssisədə istehsal olunan məhsullar ilkin olaraq daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezidentin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, yem, gübrə istehsalı və emalının, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili nəzərdə tutulur.
Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar sayəsində ölkədə yüzlərlə kiçik, orta və iri müəssisə, sənayeni inkişaf etdirmək məqsədilə nəhəng istehsal sahələri olan texnoparklar yaradılıb.
Texnoparklar həm ərazisinə, həm də burada yerləşən müəssisələrin sayına və istehsal etdiyi məhsulların növünə görə sənaye nəhəngləri sayılır. Digər sənaye birlikləri - sənaye məhəllələri isə texnoparklardan fərqli olaraq kiçik və yığcamdır. Buradakı müəssisələrdə əsasən yerli xammaldan istifadəyə üstünlük verilir. Lakin texnoparklardakı kimi, sənaye məhəllələrində də yüksək texnologiyalardan istifadə edilərək keyfiyyətli məhsul istehsal olunur. Sənaye məhəllələrinin digər bir üstün cəhəti də bölgələrdə yerləşməsidir. Bu, yerli sahibkarlara az məbləğdə investisiya qoymaqla dövlətin güzəştlərindən istifadə etmək imkanı yaradır. Onlar da bu imkanlardan yararlanaraq öz işlərini müasir səviyyədə qura bilirlər.
Yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafını və əhalinin məşğulluğunu təmin etməkdə sənaye məhəllələrinin rolu böyükdür. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından da sənaye məhəllələrinin müstəsna əhəmiyyəti var.
Regionların inkişafında sənaye məhəllələrinin rolu yüksəkdir
Ölkəmizdə sənayenin inkişafına ən yüksək səviyyədə diqqət təsadüfi deyil. Əvvəla, sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Qeyd etdiyimiz kimi, uğurla həyata keçirilən sənayeləşmə siyasəti sayəsində Azərbaycanın müxtəlif regionlarında yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, eləcə də ixracın həcmi və coğrafiyası genişlənib.
Ən başlıcası isə, əsas hədəf olan qeyri-neft sənayesinin inkişafı sürətlənib və dönməz xarakter alıb. Sənaye məhəllələrinin istehsal sahələri həcmcə kiçik olsa da, istehsal etdikləri məhsul növlərinə görə çoxşaxəlidir. Belə məhəllənin bir üstünlüyü də odur ki, ölkənin bütün şəhər və rayonlarında bu cür müəssisələr yaratmaq mümkündür və yaradılır da. Çünki bir çox müəssisənin xammalı həmin bölgələrdə yerləşir. Kiçik sahələri əhatə etdiyi üçün onların quraşdırılmasının xərci də azdır. Belə müəssisələr onlara kiçik və orta sahibkarların sərmayə qoymaq imkanına malik olduqları üçün də sərfəlidir. Yeri gəlmişkən qeyd edək ki, bu istiqamətdə həyata keçirilən siyasətin əsas məqsədi rayonlarda sənaye məhəllələrinin yaradılmasıdır.
Neftçala Sənaye Məhəlləsi bu sahədə birincilərdəndir. Burada hətta minik avtomobilləri də istehsal olunur. "Xəzər" avtomobilləri alıcıların rəğbətini qazanmağa başlayıb. Odur ki, gələcəkdə müəssisədə ildə 10 min avtomobilin istehsalı nəzərdə tutulur.
Məhəllədə "Kəhf" MMC də fəaliyyət göstərir. Müəssisənin illik istehsal gücü 25 ton balıq yemi istehsal etməkdir. Qarşıdakı illər müəssisədə mal-qara üçün, eləcə də digər yemlərin istehsalı planlaşdırılır. Onu da bildirək ki, müəssisənin yaradılması üçün 12 milyon manat investisiya qoyulub. Bunun 5,9 milyon manatı Sahibkarlığın İnkişafı Fondundan alınmış güzəştli kreditdir.
Neftçala Sənaye Məhəlləsində daha bir müəssisə fəaliyyət göstərir. İllik istehsal gücü 2 milyon tara olan "Metak" MMC-yə 1,35 milyon manat investisiya yatırılıb.
Həmin müəssisəyə də Sahibkarlığın İnkişafı Fondu tərəfindən 600 min manat güzəştli kredit verilib. "Gilan PİVOT" MMC-nin investisiya dəyəri isə 1 milyon manatdır. Müəssisədə 15 nəfər işlə təmin edilib. Bundan başqa, Neftçala Sənaye Məhəlləsində "Toğrul-2008", "Providence Limited", "Azproduct", "Petroqeoaz" MMC-lər fəaliyyət göstərir.
Hacıqabul və Sabirabad sənaye məhəllələri də ölkədə məhsul istehsalına töhfələrini verir. Masallı Sənaye Məhəlləsi isə Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb. Eləcə də yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. Hazırda burada mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı məmulatları istehsal olunur.
Bütün bu sənaye ocaqlarının fəaliyyəti və gələcək perspektivləri Prezidentin diqqət mərkəzindədir. Bu da onların inkişafına yeni təkan verir, yüksəlişə stimul yaradır.
Rüstəm KAMAL,
Azərbaycan.-2022.- 15 oktyabr.- S.20.