Strateji tərəfdaşlığın mühüm mərhələsi: yeni hədəflərə doğru

 

 

Beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verirAvrasiyada yeni geosiyasi nizam yaranır. Belə bir situasiyada milli dövlətlər fəaliyyət dairələrini genişləndirmək, sıx tərəfdaşlıq vasitəsilə siyasi, iqtisadi maraqları təmin etmək, yeni geostrateji üstünlüklər qazanmaq üçün mühüm addımlar atırlar.

Cənubi Qafqazın lider dövləti Azərbaycanla Mərkəzi Asiyanın önəmli qüvvələrindən olan Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi də bu baxımdan diqqəti cəlb edir. Ona görə də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri həm yerli, həm də beynəlxalq medianın gündəmindədir.

Bu kontekstdə bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır: 

- Bakı-Bişkek geostrateji xəttində intensiv təmaslar və hərtərəfli əməkdaşlıq təkcə iki ölkə arasında deyil, regionda işbirliyinin dərinləşməsinə xidmət edir;

 - Yarım il öncə strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ilə Azərbaycan və Qırğızıstan arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi etibarlı zəmin yaradıb. Bu gün həmin zəmin üzərində mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələrində əməkdaşlıq genişləndirilir;

- İkitərəfli əlaqələrin gündəliyində duran mühüm məsələlər sırasında investisiyaların cəlb edilməsi, yeni yerlərinin yaradılması və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması bu baxımdan böyük önəm daşıyır;

- İki ölkə başçısının səsləndirdiyi fikirlər təsdiq edir ki, Azərbaycan ilə Qırğızıstan qlobal platformalarda bir-birinin maraqlarını qətiyyətlə müdafiə etmək əzmindədirlər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanır;

- Bakı ilə Bişkek arasında qarşılıqlı faydalı işbirliyi türk dünyası üçün olduqca əhəmiyyətlidir;

- Azərbaycan-Qırğızıstan əməkdaşlığı Avrasiyanın nəqliyyat xəritəsinin yenidən tərtib olunmasına mühüm töhfədir. İki ölkənin işbirliyi fonunda "Cənub-Qərb" və "Şimal-Qərb" dəhlizlərinin potensialını genişləndirmək üçün geniş imkanlar yaranıb.

Beləliklə, nəticələrə hədəflənmiş əməkdaşlıq Azərbaycana, Qırğızıstana, tərəfdaşlarımıza və bütövlükdə türk dünyasına mühüm siyasi imkanlar, iqtisadi dividendlər və strateji üstünlüklər qazandırır. İki ölkə strateji tərəfdaşlığın mühüm mərhələsində yeni hədəflərə doğru əmin addımlarla irəliləyir.

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycan.-2022.- 15 oktyabr.-  S.3.