Xarici ölkələrin
hərbi attaşeləri Gəncədə erməni terroru qurbanlarının xatirəsini
anıblar
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan mülki əhalinin xatirəsini anıblar.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, oktyabrın 14-də
Müdafiə Nazirliyinin təşkilatçılığı
ilə hərbi attaşelər Vətən müharibəsi
zamanı erməni hərbi birləşmələri tərəfindən
Gəncədə törədilən terror hadisəsinin
baş verdiyi ərazini ziyarət edib, həlak olan dinc sakinlərin
xatirə guşəsinin önünə gül dəstələri
düzüblər.
Beynəlxalq
Hərbi Əməkdaşlıq İdarəsinin rəisi
general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi
nümayəndələrinə 2020-ci ildə 44 günlük
müharibə zamanı Ermənistan silahlı qüvvələri
tərəfindən beynəlxalq humanitar hüququn norma və
prinsiplərinə zidd olaraq mülki əhali arasında
maksimum itki vermək məqsədilə Gəncə, Bərdə,
Tərtər, Mingəçevir, Beyləqan, Qəbələ,
Goranboy, Ağcabədi, Naftalan, Abşeron və Xızı
rayonlarının qəsdən ballistik raketlər və digər
ağır artilleriya qurğuları ilə
bombalandığı barədə ətraflı məlumat
verib.
Bildirilib ki, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, 2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində çoxmənzilli yaşayış binaları raket atəşinə tutulub. Hadisə nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər isə yaralanıb. Yaralananlardan biri də sonradan xəstəxanada həyatını itirib.
Ümumiyyətlə, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla, 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.
Hərbi attaşelərin diqqətinə çatdırılıb ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq və 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Xüsusi vurğulanıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb.
Səfər çərçivəsində hərbi
attaşelər Nizami Gəncəvi Məqbərə
Kompleksində də olublar. Burada onlara dünya
ədəbiyyatının görkəmli nümayəndəsi,
dahi Azərbaycan şairi
və mütəfəkkiri Nizami Gəncəvinin
yaradıcılığı barədə ətraflı məlumat
verilib.
Azərbaycan.-2022.- 15 oktyabr.- S.3.