Ermənistanın "böyük bacısı"nın növbəti riyakarlığı

 

Fransa qərəzli fəaliyyətini davam etdirir

 

 

 

İkinci Qarabağ müharibəsinin reallıqlarından biri Fransanın özünü ifşa etməsi oldu. Müharibənin ilk günlərindən prezident Emmanuel Makron ölkəsinin neytrallığını unudaraq tam ermənipərəst siyasət yürütdü. Əlbəttə, onun bu addımı Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında heç bir uğur qazanmayaraq iflasa uğradı. Makronun anti-Azərbaycan mövqeyi Ermənistanın kapitulyasiya barədə məlum sənədi imzalamasından bu günə kimi davam etməkdədir.

Fransa prezidenti son zamanlar Azərbaycanla Ermənistan arasındakı danışıqlarda, "Brüssel prosesi"ndə, sülh müqaviləsinin hazırlanmasında özünü əsas vasitəçilərdən, söz sahiblərindən biri kimi göstərməyə çalışır. Lakin belə görünür ki, onun təcrübəsinin, diplomatiya savadının səviyyəsi imkan vermir ki, heç olmasa, zahirən də olsa vasitəçi statusuna uyğun bitərəflik, neytrallıq nümayiş etdirsin.  Əksinə, hər addımda Azərbaycanın ünvanına absurd, reallıqdan uzaq, beynəlxalq hüquqa zidd ittihamlar səsləndirərək Ermənistana açıq dəstək mesajları verir.

Bu günlərdə "France 2" telekanalına müsahibəsində Makron bir qədər də irəli gedərək, Azərbaycanı sərhədboyu hücuma keçməkdə qınayıb: "Ermənistan bizim unikal əlaqələrimiz olan ölkədir. Azərbaycan sərhədboyu bir neçə hücum həyata keçirib. Biz bunu pisləmişik. Biz Ermənistanı buraxmayacağıq. İki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan dağlıq Qarabağda müharibə gedirdi, amma Ermənistan Qarabağda idi, çünki Qarabağ bu ölkənin ürəyindədir. Azərbaycan çoxsaylı itki və şiddətli səhnələrlə dəhşətli müharibəyə başladı və bu ərazini işğal etdi".

Bunları  BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, eyni zamanda da 30 ildir Qarabağ münaqişəsinin həllində, guya, vasitəçi rolunda çıxış edən dövlətin başçısı deyir.  Makronun bu açıqlamalarını siyasi, diplomatik naşılıq, savadsızlıq və təcrübəsizlik kimi də qələmə verə bilərik.

Vətən müharibəsinə kimi beynəlxalq ictimaiyyət Ermənistanın Qarabağ danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmirdi. Ona görə Ermənistan artıq fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də hesaba almırdı.

1992-ci ildə yaradılan Minsk qrupubu qrupun 1997-ci ildən həmsədrlərindən biri kimi Fransa münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Qrupun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilirdi. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişədə obyektiv ola bilməzdilər.

Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdi. Ermənistan isə danışıqlar adı ilə imitasiya ilə məşğul idi. ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları isə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirirdi. ATƏT-in Minsk qrupu, əslində, təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməli idi. Lakin bunu etmirdi.

Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan hərbi yolla həll etdi. Müharibə müddətində də Fransa problemin sülh yolu ilə həllinin mümkünlüyünü diqqətə çatdırırdı. Ancaq onların sülh yolu ilə yoluna qoya bilmədiyi problemi Azərbaycan güc yolu ilə həll etdi. 

Ümumiyyətlə, Fransa prezidentinin həm müharibə, həm də postmüharibə  dövründəki açıqlamaları göstərir ki, o, haqsızlığın və işğalçının yanındadır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 15 oktyabr.-  S.13.