Azərbaycanın geosiyasi məkanda artan rolu bütün sahələrdə
özünü göstərir
İki il öncə bütün xalq televiziya ekranları qarşısında Ali Baş Komandanın müraciətlərini səbirsizliklə gözləyirdi... Hər gün cəbhədən, ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarından, işğal altında olan torpaqlarımızın azad olmasından xoş müjdələr verilirdi xalqa...
Yenə xalqın diqqəti Müzəffər Ali Baş Komandana yönəlib. Müharibə bitsə də, mübarizə davam edir... Bu dəfə Ali Baş Komandan düşmənlə siyasi-diplomatik meydanda üz-üzədir... Sözsüz ki, şərtləri qalib ölkənin başçısı diktə edir. Düşmən də qəbul etmək məcburiyyətindədir...
Söhbət dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə iştirak etdiyi Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində Praqada aparılan danışıqlardan gedir.
Oktyabrın 6-da Prezident İlham Əliyev Praqada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşdü. Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində söhbət aparıldı. Dövlətimizin başçısı Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşlərin əhəmiyyətini qeyd edərək Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd etdi. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında beş saat davam edən görüş oldu. Xalqımızın maraqla izlədiyi əsas məsələ də bu görüşün gedişatı və əldə olunan nəticələr idi.
Fransa Prezidenti Emmanuel Makronun ermənilərin yaxın dostu olduğu heç kimə sirr deyil. Siyasi ekspertlər Nikol Paşinyanın onun yanında özünü rahat hiss etməsini, görüş zamanı yenə erməni hiyləsinə əl ata biləcəyini ehtimal edirdilər. Lakın görüş öncəsi qalib ölkənin Prezidentinin təmkinli davranışları, qürurverici hərəkətləri və özünə inamı ümidlərimizi daha da artırırdı. Hiss olunurdu ki, Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində oktyabr bu dəfə yaddaşımıza diplomatik mübarizənin qalibi olduğumuz ay kimi yazılacaq. Belə də oldu, görüşdən dərhal sonra nəticələr barədə rəsmi bəyanat verildi.
Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər: "Onlar təsdiqləyiblər ki, bu, sərhədlər delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.
Missiya oktyabrda fəaliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir".
Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda "dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da çıxış edən Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistan tərəfindən 30 illik işğala, bu dövrdə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.
Dövlətimizin başçısı Azərbaycan, Türkiyə-Ermənistan münasibətlərinə toxunaraq qeyd edib ki, Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir. Vurğulayıb ki, Azərbaycanla Ermənistan, eləcə də Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.
Biz sülhə daha da yaxınlaşırıq
Azərbaycan Respublikasının Prezidenti görüşdən sonra televiziya kanallarının suallarını cavablandıran zaman fikirlərini nikbinliklə ifadə edib: "Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq".
"Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır"
Jurnalistlərin suallarını cavablandırarkən dövlətimizin başçısı Avropa ilə olan çoxsahəli əməkdaşlığa toxunaraq qeyd edib: "Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.
Digər istiqamətlər, əlbəttə ki, siyasi dialoq. Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır…"
Azərbaycanın artan iqtisadi qüdrəti, yerləşdiyimiz strateji əhəmiyyətli coğrafi məkan həm də siyasi gücümüzə güc qatıb desək, yanılmarıq. Dünyanın nəhəng dövlətləri bu gün Azərbaycanla iqtisadi-siyasi əməkdaşlığa maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Hətta Azərbaycanla daha ciddi iqtisadi əməkdaşlığa can atırlar. Jurnalistlərin suallarını cavablandıran dövlət başçısı yaranmış vəziyyəti dəyərləndirərək qeyd edib: "Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərini nəzərdə tuturam. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Yəni bir çox sahələr üzrə - əlbəttə ki, təhsil, humanitar sahə çox önəmlidir. Mən deyə bilərəm ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Mən bunu çox yüksək qiymətləndirirəm".
Azərbaycan Avropa ailəsinin bir üzvü olur
Jurnalistlərin suallarını cavablandırarkən dövlətimizin başçısı ölkəmizin belə bir möhtəşəm tədbirə dəvət olunmasına da münasibət bildirib: "Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsinə, bunu, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi - Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır".
Azərbaycan Respublikasının Prezidenti televiziya əməkdaşlarının suallarını cavablandırarkən vurğulayıb ki, dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı: "Bu yaxınlarda Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də mən bu barədə məlumat verdim ki, biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən, növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox".
Vətəndaş olaraq həm iqtisadi, həm siyasi uğurlarımızla sevinməyə, öyünməyə kifayət qədər haqqımız çatır. 2020-ci ilin payızında bizi hərb meydanında qələbəyə aparan, ordumuzun zəfərini təmin edən Müzəffər Ali Baş Komandan bu gün dünyada qəbul edilən nüfuzlu liderdir. Döyüş meydanında qazanılan uğurlar imzalanmış bəyanatlarda, təsdiq olunmuş sənədlərdə öz əksini tapır. Əgər Ermənistan hərbi-siyasi rəhbərliyi danışıqlar prosesində səmimi davransa, dövlətimizin başçısının qətiyyəti nəticəsində regionda sülhü tezliklə bərpa etmək mümkün olacaq.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2022.- 15 oktyabr.- S.21.