Sosial medianın qanunla tənzimlənməsi günün tələbidir
Dezinformasiyanın
qarşısını almaq üçün ciddi tədbirlər
görülməlidir
Sosial şəbəkələrdə informasiyanın necə sürətlə yayılması hər kəsə bəllidir. Təbii ki, informasiya texnologiyalarının inkişafı, informasiyaya əlçatanlıq müasir dövrün reallıqları olsa da, əsası olmayan və yalan məlumatların yayılması cəmiyyətdə çaşqınlıq yaradır. Belə xəbərlərin, xüsusən həssas dönəmlərdə məqsədli şəkildə paylaşılması insanlar arasında panika, ajiotaj yaratmaq niyyəti güdür. Ölkəmizdə də sosial şəbəkələr üzündən yalan, şantaj və dezinformasiya xarakterli məlumatların paylaşılmasının zaman-zaman şahidi oluruq. Belə xarakterli məlumatların yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görülsə də, yenə də arzuolunmaz hallarla qarşılaşırıq.
Hətta bəzən sosial mediada yayılan yalan və böhtan insanların şərəf və ləyaqətinə toxunur. Eyni zamanda reketlik fəaliyyəti ilə məşğul olan saytların, "jurnalistlər"in belə məsələlərdə daha aktiv olduğu müşahidə edilir. Bu baxımdan bəzi ekspertlər sosial medianın tənzimlənməsini, bu sahədə qanunvericiliyin sərtləşdirilməsini zəruri hesab edirlər.
Türkiyədə artıq internet mediada dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələbləri sərtləşdirilib. Belə ki, qanuna əsasən təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanları 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir. Bununla yanaşı, cinayət onu törədənin şəxsiyyətini gizlətməklə və ya hansısa təşkilatın fəaliyyəti çərçivəsində törədildikdə cəza yarıya qədər artırılacaq.
"Trend" İnformasiya Agentliyinin baş direktor müavini, Əməkdar jurnalist Sahil Kərimli qəzetimizə açıqlamasında deyib ki, son zamanlar ümumilikdə dünyada sosial media sahəsində yaranmış xaos, özbaşınalıq və ciddi neqativ hallar Azərbaycandan da yan keçmir və bu kimi mənfi tendensiyalar olduqca təhlükəli ziddiyyətlər yaradır. Jurnalist qeyd edir ki, dezinformasiya, şər-böhtan, qara piar, insanların şərəf və ləyaqətinin alçaldılması halları sosial media vasitəsilə cəmiyyətin dayaqlarını sarsıdır, mənəvi terrora şərait yaradır. Bu kimi halların qarşısı çox ciddi şəkildə alınmalıdır. Bu günlərdə qardaş Türkiyədə internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələblərinin sərtləşdirilməsi bu baxımdan olduqca zəruri və yerində atılmış addımdır.
Sahil Kərimli hesab edir ki, analoji addım Azərbaycanda da atılmalı, bu sahədə ciddi qayda-qanun yaradılmalıdır: "Sirr deyil ki, ölkəmizdə də bəzi saytlar tərəfindən yalan, şantaj və dezinformasiya xarakterli, sifarişli materiallar yayımlanır. Açıq reketlik fəaliyyəti ilə məşğul olan bu saytlar heç bir əsası olmayan yalan və saxta məlumatlar tirajlayır, ictimaiyyət arasında çaşqınlıq yaradır. Sosial mediada yayımlanan yalan və böhtan insanların şərəf və ləyaqətini alçaldır, işgüzar nüfuzuna xələl gətirir. Bu pozuntuların qarşısının alınması üçün qanunun sərt üzü tətbiq edilməli, ciddi tədbirlər görülməlidir".
Onun sözlərinə görə, bu kimi hallar peşəkar, vicdanlı jurnalistikanın fəaliyyətinə kölgə salır, mediamızın nüfuzunu zədələyir, jurnalistlərin cəmiyyətdəki hörmətinə xələl gətirir: "Jurnalist adını özünə qalxan edərək cinayət törədən, reketliklə məşğul olan məlum saytlar və onların əməkdaşları haqqında ciddi ölçü götürməyin vaxtı çatıb. Düşünürəm ki, Azərbaycanda da bu sahədə müvafiq qanunvericilikdə dəyişiklik edilməli, müddəalar sərtləşdirilməlidir".
Baş direktor müavini vurğulayır ki, bu gün Azərbaycan bütün sahələrdə informasiya müharibəsi aparır, işğalçı Ermənistanın yalan və saxta təbliğatını ifşa edir. Belə bir məqamda ölkə mediası daha ayıq-sayıq olmalı, təxribatdan, dezinformasiyadan uzaq durmalıdır.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 15 oktyabr.- S.23.