Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi qeyd olunub

 

Oktyabrın 14-də Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri salamlama nitqi ilə açan BAMF-ın prezidenti Umud Mirzəyev bildirib ki, Fond 1992-ci ildə yaradılıb və BMT-nin Sosial İqtisadi Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Deyib ki, BAMF media və vətəndaş cəmiyyətinin inkişafı, qaçqın və məcburi köçkünlərin problemləri, sülh quruculuğu və münaqişələrin həlli, icmaların inkişafı və təhsil istiqamətlərində proqramlar həyata keçirir. U.Mirzəyev 30 il ərzində Fondun təşəbbüsü ilə böyük və önəmli işlər görüldüyünü diqqətə çatdırıb.

BAMF-ın Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan həqiqətlərinin mətbuat vasitəsilə dünyaya çatdırılmasının vacib olduğunu söyləyib. Bildirib ki, Heydər Əliyev Fondunun kitabları çap olunduqdan sonra Azərbaycanın mövqeyi, Xocalı faciəsinin həqiqətləri dünyaya daha geniş miqyasda çatdırılıb.

Sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova ölkəmizin QHT sektorunda 30 il fasiləsiz fəaliyyət göstərən, çoxsaylı layihələri ilə ölkəmizin müxtəlif regionlarında və xaricdə mütərəqqi işlər görən Fondun kollektivini təbrik edib. Bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Ermənistan-Azərbaycan münaqişəsi, ərazilərimizn 20 faizinin işğal olunması, etnik təmizləmə, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi, siyasi-iqtisadi səbatsızlıq nəticəsində yaranan hərbi, siyasi, iqtisadi, humanitar böhran ölkəmizi olumölüm seçimi qarşısında qoymuşdu. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması ölkəmizi bu ekzistensional təhlükələrdən xilas etdi. Bundan sonra siyasi-iqtisadi formasiyada fundamental dəyişikliklər, ölkəmizdə dövlət quruculuğu, köklü islahatların aparılması zərurəti yeni dövrə xas təsisatların yaranmasını şərtləndirdi. Azərbaycanın ictimai həyatında dövlətlə cəmiyyət arasında kommunikator rolunda çıxış edən vətəndaş cəmiyyəti institutları formalaşmağa başladı.

Səadət Yusifova diqqətə çatdırıb ki, bu gün QHT-lər dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin vacib institutlarından biridir. Ölkəmizdə 3640-dan çox QHT fəaliyyət göstərir. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə QHT sektorunun inkişafında yeni dövrün başlanğıcı hesab oluna bilər. Şura tərəfindən görülmüş işlər ictimai sektorun inkişafına və dövlət-vətəndaş cəmiyyəti arasında əməkdaşlığa yeni təkan verib.

“Dövlət və cəmiyyətin həyatında QHT-lərin rolunun artması, onların fəaliyyətlərinin yeni dövrün çağırışlarına uyğun qurulması, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə Şuranın varisi kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıldı. Bu gün Agentlik qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər aparır. QHT-lər ölkəmizdə islahatların həyata keçirilməsi, postpandemiya problemlərinin həlli, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, postmünaqişə məsələlərinin həlli, sülhyaratmareinteqrasiya proseslərində fəal iştirak etməli və dövlətə bu sahədə dəstək olmalıdırlar”, - deyə Səadət Yusifova bildirib.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ölkəmizdə QHT-lərə dövlət dəstəyi, dövlət-QHT əməkdaşlığına aid kifayət qədər nümunələr var. Bu əməkdaşlığın ən bariz nümunələrindən biri elə məhz Beynəlxalq Avrasiya Mətbuat Fondudur.

Otuz il bundan əvvəl olduğu kimi, bu günFondun fəaliyyətində humanitar aspekt üstünlük təşkil edir. İyirmi ildir Azərbaycanda Mina Təhlükəsizliyi ilə mübarizə proqramına qoşulan Fond Azərbaycan ərazilərinin müharibə qalıqlarından və minalardan təmizlənməsi prosesində ANAMA-nın əsas tərəfdaşlarından biridir. BAMF 30 il ərzində təmas xəttində, 44 günlük Vətən müharibəsi bitdikdən sonra işğaldan azad edilmiş ərazilərdə minalar və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində maarifləndirmə işləri aparır”, - deyə Səadət Yusifova qeyd edib.

BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi əvəzi Quido Ambroso bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu özünün məşvərətçi statusu ilə BMT-nin müxtəlif qurumları ilə yaxından əməkdaşlıq edir. Diqqətə çatdırılıb ki, BAMF ANAMA ilə yaxından əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq çərçivəsində Fond minalardan təmizləmə fəaliyyətlərinə cəlb olunub.

Əl Cəzirə Media Şəbəkəsinin Baş direktoru Mustafa Suaq Fondun 30 illik fəaliyyətini yüksək dəyərləndirib. Deyib ki, Fondun münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və insanların mina təhlükəsi ilə bağlı maarifləndirilməsi istiqamətində fəaliyyəti zəruridir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva BAMF-ın 30 il əvvəl, ölkəmiz üçün çox çətin zamanda yaradıldığını bildirib. Vurğulayıb ki, BAMF-ın əsas fəaliyyət istiqamətləri Qarabağın işğalı zamanı qaçqınların və keçmiş məcburi köçkünlərin taleyinin, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına töhfə verməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Fondun ötən 30 illik fəaliyyətinə yekun vurulduğunuyeni dövr üçün planlar qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu təsis olunduqdan bəri bütün fəaliyyətini sülh quruculuğu prosesinə həsr edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov böyük təcrübəyə malik Fondun Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, mina təhlükəsi ilə mübarizə proqramlarında fəal iştirak etdiyini bildirib. Deyib ki, mina təhlükəsi ilə mübarizə sahəsində BAMF-la 2002-ci ildən başlayan əməkdaşlıq bu gündavam edir. “BAMF minalardan zərər çəkənlərin ehtiyaclarının öyrənilməsində, minaların sosial-iqtisadi mənfi təsirinin tədqiqatında, maarifləndirmədə və minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində əhəmiyyətli işlər yerinə yetirib. Azərbaycanın üzləşdiyi mina probleminin dünyaya çatdırılmasında dövlət-vətəndaş cəmiyyətinin birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir”, - deyə V.Süleymanov diqqətə çatdırıb.

Digər çıxış edənlər - BMT-nin QHT bölməsinin sabiq rəhbəri Andrey Abramov, Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutunun (GIWEH) direktoru Nidal Salim, Türkiyə-Avropa Jurnalistlər Birliyinin sədri Adnan Fişenk, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Beynəlxalq Reytinq Agentliyi Beynəlxalq Reytinq Mərkəzinin ABŞ, Kanada, Avropa və Avropa İttifaqında (İsrail) baş konsulu Aleksandr Rabinoviç Fondun fəaliyyətini yüksək qiymətləndirib, kollektivinə təbriklərini çatdırıblar.

Sonra Nobel mükafatı laureatı professor Məhəmməd Yunusun, BMT-nin Cenevrə ofisinin baş direktoru David Çikvaidzenin və “Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Künün videomüraciətləri nümayiş olunub.

Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Əl Cəzirə Media Şəbəkəsi arasında və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Beynəlxalq Türk Mədəniyyət İrsi Fondu arasında əməkdaşlıq memorandumları imzalanıb.

 

Azərbaycan.-2022.- 15 oktyabr.- S.23.