Şuşa ilə Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb

 

Erməni işğalından azad olunmuş Şuşa şəhəri ilə Türkiyənin Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən iki qardaşlaşmış şəhərlər mədəni, sosialiqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədirlər. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Şəhər təmsilçiləri, həmçinin qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlıq edəcəklər.

Sənədi Kayseridə səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun AbbasovKayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç imzalayıblar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib: “Nəzərə alsaq ki, Şuşa şəhəri 2023-cü ildə TÜRKSOY-un qərarı ilə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib, bu baxımdan Türkiyənin qədim tarixə malik Kayseri şəhəri ilə qardaşlaşma haqqında sənədin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, sentyabrın 21-də Şuşa Qoruğu Ərzurum şəhər bələdiyyəsi ilə də eyni məzmunlu sənəd imzalayıb. Şuşa şəhərinin Türk dünyasının digər mühüm şəhərləri ilə bu istiqamətdə əməkdaşlığı davam edəcək”.

Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç bildirib ki, Şuşa şəhəri ilə qardaşlaşmaq onlar üçün böyük şərəfdir. Şuşa şəhərinin 28 illik işğaldan sonra azad olunması, şəhərin sürətlə bərpa edilməsi, çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bütün Kayseri sakinlərini sevindirən bir haldır.

Kayseri şəhərinə səfər çərçivəsində Şuşa şəhərinin nümayəndə heyətini həmin bölgənin valisi Gökmən Çiçək də qəbul edib.

Görüşdə Azərbaycanın Qələbə rəmzi olan “Xarıbülbül” döş nişanı valiyə hədiyyə olunub.

Səfər zamanı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Azərbaycan Qardaşlaşma parkı və Xocalı parkı, Kayseri qalası və Milli Mücadilə Muzeyini ziyarət etdikdən sonra Kayseridə ənənəvi keçirilən kitab sərgisinin açılışında iştirak edib.

Həmçinin şəhərin Talas bələdiyyəsinin əməkdaşları, “Kayseriqaz” şirkətinin nümayəndələri və Kayseridə təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirilib.

 

Azərbaycan.-2022.- 15 oktyabr.- S.23.