BMT-nin
Danimarkadakı mərkəzində Şuşada
“ağıllı şəhər” konsepsiyasının tətbiqi
imkanları müzakirə olunub
BMT-nin
Danimarkadakı mərkəzində Şuşada
“ağıllı şəhər” konsepsiyasının tətbiqi
imkanları müzakirə olunub.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”
çərçivəsində elan etdiyi xüsusi qrant
müsabiqəsinin qalibi olan "Müasir informasiya cəmiyyəti
və innovasiyalar" İctimai Birliyinin İdarə heyəti
üzvlərinin Danimarkanın paytaxtı Kopenhagendə Birləşmiş
Millətlər Təşkilatının (BMT) şəhərciyində,
qurumun rəsmiləri ilə görüşü
keçirilib.
Birlik üzvləri BMT-nin Ətraf Mühit Proqramı (UNEP) kollektivi qarşısında işğaldan azad olunmuş ərazilərdə, xüsusilə, Şuşada həyata keçirilən infrastruktur layihələri, Ağdamın Baş Planı və bu istiqamətlərdə qurulan beynəlxalq əməkdaşlıq barəsində məlumatların da yer aldığı təqdimatla çıxış edib. Görüş əsnasında nümunə olaraq ölkədə qurulan ilk “ağıllı kənd” - Zəngilan rayonunun Ağalı kəndi barədə də ətraflı məlumat verilərək, kəndin əvvəlki və cari vəziyyətini əks etdirən fotolar iştirakçılara nümayiş olunub. Qeyd edilənlərlə yanaşı, işğaldan azad olunan ərazilərin daha dayanıqlı və ağıllı formada yenidən qurulması, bərpaolunan enerji istehsalı ilə bağlı həyata keçirilən layihələr haqqında da ətraflı bəhs olunub.
Proqramın Enerji səmərəliliyi Departamentinin rəhbəri Qabriela Prata Dias, ekspertlər Romanas Saviskas və Zoulun Çen tərəfindən isə bərpa və yenidənqurma işləri zamanı "ağıllı həllər"in yerli xüsusiyyətlər və əhalinin rəqəmsal savadlılıq səviyyəsi nəzərə alınmaqla tətbiqi üzrə BMT-nin digər ölkələrdəki (Çin, Hindistan, Argentina, Türkiyə və s.) təcrübəsi Birlik üzvlərinin diqqətinə çatdırılıb.
Həmçinin, "ağıllı şəhər"in maraqlı tərəflərinin bilik, bacarıqlarının artırılması və proseslərdə iştirak təşəbbüslərinə dəstək məqsədilə təşkil olunan "Potensialın Gücləndirilməsi" (Capacity Building) proqramları və bu sahədə məlumatların daha qısa və effektiv yolla paylaşılması üçün nəzərdə tutulan "Təlimçilər üçün Təlim" (Train for Trainers) layihələrinin əhəmiyyəti vurğulanıb.
Görüşün sonunda BMT nümayəndələri
Azərbaycanda Dayanıqlı İnkişaf
Məqsədləri istiqamətində atılan
addımları, xüsusilə, "ağıllı şəhər"
və “ağıllı kənd” quruculuğu
ilə bağlı təşəbbüsləri yüksək
qiymətləndirdiklərini, bu sahədə
təcrübə paylaşımına daim
hazır olduqlarını ifadə edib.
Azərbaycan.-2022.- 15 oktyabr.- S.24.