Azərbaycan səfirliklərinə
hücumlar bütün
diplomatik konvensiyaların ciddi
pozulmasıdır
Vətən müharibəsində məğlub olan Ermənistan müharibə bitdikdən sonra da təxribatlar törətməkdən əl çəkmədi. Döyüş meydanında acizliyinin qisasını almaq üçün indi yalnız Azərbaycanın dinc sakinlərini hədəfə almaqla kifayətlənmədi. Son zamanlar isə xarici ölkələrdə olan səfirliklərimizə radikal erməni qruplaşmalarının hücumları artmaqdadır.
Bu il avqustun 2-də bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum etdi. Səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq asdılar, divarlara, pəncərələrə ərəb dilində şüar yazdılar və səsləndirdilər. Sentyabrın 18-də isə Gürcüstanın paytaxtında Azərbaycan səfirliyinə qarşı təxribata cəhd göstərdilər. Belə ki, Tiflisdə yaşayan ermənilər Gürcüstandakı səfirliyimizə doğru yürüş etmək istədilər.
Həmin gün - sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvləri hücum etdilər. Onlar səfirliyə zorla daxil olmağa cəhd göstərdilər. Əllərindəki əşyalarla binaya və ətraf əraziyə maddi ziyan vurdular. Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırıldı. Görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim olundu.
Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında diqqətə çatdırdı ki, Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi: "Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir".
Hər kəsə məlumdur ki, diplomatik korpusun yerləşdiyi binaya hücum cinayət əməlidir. Çünki səfirliyə hücum elə həmin dövlətə hücum sayılır.
Oktyabrın 10-dan 11-nə keçən gecə diplomatlarımıza qarşı açıq şəkildə terrora cəhd göstərildi. Belə ki, Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açıldı. Hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz ABŞ-ın müvafiq qurumlarını dərhal məlumatlandırdı, kamera görüntüləri təqdim olundu. Oktyabrın 12-də ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırıldı, ciddi narahatlığımız və narazılığımız, diplomatik nümayəndəliyimizin təhlükəsizliyinin təmin edilməsi tələbi nəzərə çatdırıldı.
Hücumlar ayrı-ayrı ölkələrdə həyata keçirilsə də, bunların eyni mərkəzdən idarə edildiyi şübhə doğurmur. Məlumdur ki, ermənilərin ASALA və digər terror təşkilatları fəaliyyət göstərir. Azərbaycan və Türkiyənin diplomatik korpusları onların hədəfindədir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında bildirildi ki, son vaxtlar xarici ölkələrdəki erməni icmalarının radikal nümayəndələri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumların sistematik xarakter daşıması, o cümlədən Azərbaycanın Vaşinqton, Paris, Beyrutdakı səfirliklərinə qarşı hücumlar və vandalizm aktları ciddi narahatlıq yaradır. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi beynəlxalq konvensiyaya uyğun olaraq yerləşdiyi həmin ölkələrin üzərinə düşür. Bununla bağlı Azərbaycan XİN hər bir insidentlə bağlı müvafiq araşdırma aparılması və Azərbaycan səfirliklərinin və diplomatlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi tələbini bir daha vurğuladı.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-2022.- 18 oktyabr.- S.10.