Medianın inkişafında yeni mərhələ
Azərbaycan dövləti medianın inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu məqsədə xidmət edən, media qarşısında duran bir sıra vacib məsələlərin həllinə yönələn belə uğurlu addımlardan biri də Media Reyestrinin yaradılmasıdır.
Media Reyestri oktyabrın 14-dən etibarən fəaliyyətə başlayıb. Medianın İnkişafı Agentliyi tərəfindən idarə olunan Media Reyestri media subyektlərinə, onların redaksiyalarına və jurnalistlərə dair məlumatları əks etdirən sənədlərdən ibarət informasiya ehtiyatıdır. Reyestrin fəaliyyət mexanizmi "Media haqqında" qanuna və Prezident İlham Əliyevin "Media Reyestrinin aparılması qaydaları" barədə fərmanına əsasən müəyyən edilir.
Media Reyestrinin yaradılması Azərbaycan mətbuatının inkişafı üçün yeni mərhələnin əsasını təşkil edir. Jurnalist fəaliyyəti ilə məşğul olanlar haqda məlumatlar ilk dəfə olaraq məhz Media Reyestrində vahid bazada toplanılır. Bu, yerli medianın dünya informasiya məkanına inteqrasiyasını sürətləndirir. Reyestr regionda formalaşmış geosiyasi reallıqlar fonunda milli informasiya təhlükəsizliyinin qorunmasına xidmət edir. Həmçinin jurnalist fəaliyyəti ilə məşğul olanları jurnalistikanın obyektivlik, qərəzsizlik və vicdanlılıq kimi təməl prinsiplərinə əməl etmələrini stimullaşdırır.
Media Reyestrinə müraciət
elektron formada həyata keçirilir
Mövzu
ilə bağlı qəzetimizə danışan
Medianın İnkişafı
Agentliyinin Media Reyestri
Xidmətinin rəhbəri
Cahangir Həsənli qeyd edib ki,
Media Reyestrinin yaradılması
ilə medianın inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi yeni mərhələyə qədəm
qoyur.
"Prezident İlham Əliyevin "Media haqqında"
qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin
tənzimlənməsi barədə"
fərmanına əsasən,
Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin
yaradılması və
onun fəaliyyətinin
təmin olunması istiqamətində müvafiq
tapşırıqlar qoyulmuşdur.
Nazirlər Kabinetinin "Jurnalist
vəsiqəsinin forması"nın
və "Jurnalist vəsiqəsinin verilməsinə
və ya dəyişdirilməsinə görə
ödənişin məbləği
və həmin vəsaitdən istifadə
qaydası"nın təsdiq
edilməsi haqqında"
qərarının qəbul
edilməsi ilə hüquqi təminatın yaradılması istiqamətində
verilmiş tapşırıqların
icrası yekunlaşıb.
Media Reyestrinin proqram təminatı ilə bağlı texniki-təşkilati tədbirlərin
tamamlanması nəticəsində
reyestr artıq fəaliyyətə başlayıb",
- deyən Cahangir Həsənlinin sözlərinə
görə, həm
media subyektləri, həm
də jurnalistlər müvafiq qaydalara uyğun olaraq Media Reyestrinə müraciətlərini
edə bilərlər.
"Media haqqında" qanunun
və "Media Reyestrinin
aparılması qaydaları"nın tələblərinə
əsasən, jurnalistin
reyestrə daxil edilməsi üçün
onun əmək müqaviləsi və ya mülki hüquq
müqaviləsi bağladığı
media subyektinin Media Reyestrində
qeydiyyatda olması şərtdir. Yəni jurnalist reyestrə
müraciət edəndə
onun işlədiyi və ya əməkdaşlıq
etdiyi media subyektinin
Media Reyestri şəhadətnaməsi
olmalıdır. Ona görə
də jurnalistlərin
reyestrə media subyektlərindən
sonra müraciət etmələri məqsədəuyğundur.
Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya edilir, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdirilir.
Cahangir Həsənlinin dediyinə
görə, elektron hökumət üzərindən
inteqrasiya prosesində
bəzən müəyyən
məlumatların mübadiləsində
obyektiv səbəblərdən
yaranmış çətinliklər
müşahidə olunur:
"Məlumdur ki, bəzi elektron sistemlərdə yalnız
müvafiq tarixdən sonraya aid məlumatlar əks olunur. Belə hallarda müraciət edən media subyekti və ya jurnalist
qanunvericiliyə uyğun
inteqrasiya olunmayan informasiyalara dair sənədləri agentliyə
kağız daşıyıcıda
təqdim etməlidirlər.
Jurnalistin müraciəti zamanı
əmək müqaviləsi
elektron hökumət portalından sistemə inteqrasiya olunur. Əgər jurnalist media subyekti ilə mülki hüquq müqaviləsi əsasında əməkdaşlıq
edirsə, həmin müqavilə haqda məlumatlarla yanaşı,
sistemə sənədin
elektron versiyasını
da yükləməlidir".
Jurnalistlərin Media Reyestrində qeydiyyatı üçün bir sıra tələblər
müəyyən edilib. Bu tələblər
"Media haqqında" qanunun
74.2-ci maddəsində əksini
tapıb və
"Media Reyestrinin aparılması
qaydaları"nın
6.6-cı bəndində jurnalistlərin
reyestrə daxil edilməsindən hansı
hallarda imtina olunacağı təsbit edilib.
Cahangir Həsənli deyib ki, həmin tələblər arasında
jurnalistin ali
təhsilli və jurnalistika sahəsində ən azı 3 illik stajının olmasının vacibliyi yer alıb: "Həmçinin jurnalistin fəaliyyət müddətində
peşə etikası
qaydalarına riayət
etməsi, informasiyadan
istifadə və istinad tələblərinə
uyğun davranması,
əməkdaşlıq etdiyi
media subyektinin davamlı
fəaliyyət göstərməsi
və s. tələblər
də mövcuddur. Fikrimcə, jurnalistin peşə etikalarına sadiqliyi tələbi onun ali
təhsilli və ən azı 3 illik təcrübəyə
malik olması tələbindən daha mühümdür".
Vahid jurnalist vəsiqəsinin tətbiqi media mühitinin
sağlamlaşdırılmasına xidmət edir
Media subyektlərinin reyestrdə
qeydiyyatı məcburi,
jurnalistlərin qeydiyyatı
isə könüllülük
prinsipi əsasında
həyata keçirilir. Media subyektləri 6 ay ərzində
reyestrdə qeydiyyatlarını
tamamlamalıdırlar. Qeydiyyatdan keçən media subyektlərinə
şəhadətnamə, jurnalistlərə
isə vəsiqə təqdim edilir. Media Reyestri şəhadətnaməsi
media subyektlərinə, o cümlədən
onların redaksiyalarına
dair məlumatların,
jurnalist vəsiqəsi
isə ona aid məlumatların reyestrə
daxil edilməsini təsdiq edən sənəddir. Şəhadətnamə müddətsiz, jurnalist vəsiqəsi isə üçillikdir.
Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin
təqdim olunması
media mühitinin sağlamlaşdırılması
baxımından vacibdir. Bu, reketçiliklə mübarizədə
mühüm alət hesab edilə bilər.
Cahangir Həsənli bildirib ki, jurnalist kimi
fəaliyyət göstərmək
üçün Media Reyestrinə
daxil olmaq mütləq xarakter daşımır: "Yəni
reyestrin təqdim etdiyi vəsiqə həmin şəxsin jurnalist olduğunu təsdiqləmir, onun haqqında qanunla nəzərdə tutulan məlumatların Media Reyestrində
olduğunu göstərir.
Ona görə də həmin vəsiqə rəsmi peşəkarlıq
meyarı və ya digər vəsiqələri
inkar edən sənəd kimi qəbul edilməməlidir.
Media subyektləri öz əməkdaşlarına
redaksiya vəsiqələrini
verməkdə sərbəstdirlər.
Media Reyestrinə daxil edilməyən jurnalistlər də fəaliyyətlərini maneəsiz,
qanunla müəyyən
edilmiş bütün
müdafiə mexanizmlərindən
istifadə etməklə
həyata keçirə
bilərlər".
C.Həsənli deyib ki, jurnalist vəsiqəsinin forması və ölçüsü beynəlxalq
standartlara əsasən
müəyyən edilib:
"Vəsiqənin arxa
tərəfindəki QR kod
mobil cihazlar vasitəsilə oxunan zaman Media Reyestrinin informativ xarakterli veb-səhifəsinə keçid
edilir və vəsiqənin elektron variantı görünür.
Bu, qarşı tərəfin həmin jurnalist haqda məlumatların dəqiqliyinə
əmin olmasını
təmin edir. Vəsiqənin üzərində "Media haqqında" qanunun
6-cı maddəsinə uyğun
olaraq, jurnalistin peşə fəaliyyətinə
müdaxilənin yolverilməzliyi
də xüsusi qeyd edilib".
Media Reyestri xidmətinin məlumatlarına əsasən, jurnalist vəsiqəsinin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü ərzində həmin vəsiqəni agentliyə təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir. Vəsiqədəki məlumatlar dəyişdikdə və ya yararsız vəziyyətə düşdükdə, yaxud vəsiqədəki məlumatlarda səhv aşkar edildikdə vəsiqənin dəyişdirilməsi üçün müraciət edilməlidir. Əmək müqaviləsinə xitam verilmiş jurnalistlər isə sonuncu iş günündə vəsiqəni çalışdığı media subyektinə təhvil verməli, media subyekti isə həmin vəsiqəni agentliyə təqdim etməlidir.
Bu xidmətin tətbiqi ölkə mətbuatı üçün faydalıdır
Media ekspertləri də təsdiqləyirlər ki, medianın işinin saflaşdırılması və modernləşdirilməsi istiqamətində uğurlu addım hesab edilən Media Reyestri xidməti kifayət qədər yeniliklə zəngindir və belə xidmətin tətbiqi ölkə mətbuatı üçün çox faydalıdır.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli qeyd edir ki, reyestrin yaradılması KİV qurumlarının vahid mərkəzdə qeydə alınmasını və birləşdirilməsini təmin edir. "Bu vaxta qədər müxtəlif media subyektlərinin qeydiyyatı fərqli dövlət qurumlarında aparılırdı. Məsələn, elektron KİV Milli Televiziya və Radio Şurasında, qəzetlər isə Ədliyyə Nazirliyində qeydiyyata alınırdı. Media Reyestrinin yaradılması ilə bu mənbələr birləşdirilir və KİV qurumlarının işi asanlaşdırılır. Həmçinin Media Reyestri ölkədə fəaliyyət göstərən media subyektlərinin və jurnalistlərin sayı barədə statistik məlumatın formalaşdırılmasına imkan verir. Vahid statistik mənbənin mövcudluğu bu sahədə müəyyən sosial proqramların həyata keçirilməsi zamanı öz faydasını verəcək. Nəzərə almaq lazımdır ki, reyestrdə qeydiyyatdan keçmiş jurnalistlər üçün gələcəkdə müəyyən sosial güzəştlərin tətbiqi də planlaşdırılıb. Həmçinin həmin jurnalistlərə verilən vəsiqələr onların yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə akkreditasiya prosesinin daha operativ və asan həyata keçirilməsinə kömək edəcək", - deyə o bildirib.
M.Ələsgərli vurğulayıb ki, reyestr xidməti
KİV-də müəllif hüquqlarının qorunmasına
xidmət edir: "Reyestrə
daxil olmaq üçün KİV qurumunun
standart loqosunun
olması, həmçinin jurnalistlərin peşə
etikasına sadiqliyi tələbi müəllif
hüquqlarının qorunması işini
asanlaşdıracaq. Ölkədə müstəqil fəaliyyət
göstərən, yəni heç bir media subyekti
ilə əmək müqaviləsi olmayan
jurnalistlər də Media Reyestrində
qeydiyyatdan keçə bilərlər. Həmin jurnalistlər
media məkanında ciddi
rola sahib olduqları üçün onların fəaliyyəti
diqqətdan kənarda saxlanılmır. İndiyə qədər
onlar de-fakto mövcud olsalar da, statusları hüquqla tanınmırdı.
İndi isə həmin jurnalistlər istənilən KİV qurumu
ilə yalnız mülki müqavilə bağlamaqla reyestrdə
qeydiyyatdan keçə
və vəsiqə əldə edə bilərlər. Bu, sərbəst çalışan
jurnalistlərin hüquqlarının
tanınması baxımından
faydalıdır".
Media Reyestrinin yaradılması
ölkədə dərinləşdirilmiş
media islahatlarının tərkib
hissəsidir. Bu, müasir
çağırışlara cavab verən media strukturlarının inkişafı,
eləcə də ölkə mətbuatının
qlobal mediaya inteqrasiyası baxımından
vacibdir. Reyestrin qarşıya
qoyduğu hədəflər
medianın inkişafında
yeni səhifə açacaq və mediada müşahidə edilən müsbət dinamikaya öz töhfəsini verəcək.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 18 oktyabr.- S.11.