Azərbaycanı ən həyəcanlı
drift yarışının dünya finalında təmsil edəcək pilot seçilib
Azərbaycan
Avtomobil Federasiyası və Bakı Şəhər Halqası
Əməliyyat Şirkətinin təşkilati dəstəyi
ilə Bakıda ilk dəfə keçirilən və
dünyanın ən həyəcanverici drift seriyası olan
“Red Bull Car Park Drift” çempionatının milli final mərhələsi
başa çatıb.
AZƏRTAC xəbər verir ki, münsiflər heyətinin qərarına əsasən, yarışda milli pilotlarımızdan birinci yerin sahibi Adil Axundov olub. İkinci yeri Pərviz Əzizov, üçüncü yeri isə Rauf Dadaşzadə tutublar.
Qalibləri Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov təltif ediblər.
Qeyd edək ki, birinci yerin sahibi Adil Axundov Səudiyyə Ərəbistanında keçiriləcək “RedBull Car Park Drift”in dünya finalında Azərbaycanı təmsil edəcək.
Özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı drift nümayiş etdirən 16 iştirakçı milli final mərhələsində yarışıb. Çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət edən drifterlərdən ilhamlanaraq yaradılmış bu seriya, maneələrlə dolu yerlərdə sürətlə hərəkət etmək, drift məharətlərini sərgiləmək və “pendulum”, “spiral”, “gate”, “flipper” kimi tapşırıqlardan ibarət olub.
Avqust ayında “Red Bull
Car Park Drift” yarışının hazırki
iştirakçıları dünya
şöhrətli livanlı driftçi Abdo Feqalidən ustad dərsləri
almışdılar. 2012-ci ildə Əbu-Dabidə ən uzun drift edən Abdo Feqalinin adı Ginnesin Rekordlar Kitabına
salınıb. O, həmçinin 2008-ci ildə
Livanda keçirilən
ilk “Red Bull Car Park Drift” yarışının
da qalibidir.
Azərbaycan.-2022.-
18 oktyabr.- S.3.