Fransanın "erməni mərəzi"
Fransa prezidenti Emmanuel Makronun son müsahibəsində anti-Azərbaycan mövqeyi ölkəsinin ermənipərəst siyasətini açıq-aşkar bir daha ortaya qoydu.
Erməni lobbisinin güclü olduğu Fransanın hər zaman Ermənistan tərəfdən çıxış etdiyi, onun işğalçılıq siyasətini görsə də, qəbul etdiyi məlumdur. Bunu ATƏT-in Minsk qrupunun həmsədri olaraq ötən illər ərzində Azərbaycan - Ermənistan münaqişəsinin həll olunmasında heç bir addım atmadıqlarından da görmək mümkündür.
Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı qeyd etdi ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Dövlət başçısı xatırlatdı ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur: "Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik".
Həmçinin Rusiya Federasiyasının ünvanına "Rusiya Azərbaycan oyununu oynadı" kimi qərəzli bəyanatlar səsləndirildiyini bildirən Azərbaycan Prezidenti deyib: "Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük".
Siyasətçilərin fikrincə də, Fransa Prezidentinin Azərbaycana qarşı yalan və təxribat xarakterli bəyanatlarla çıxış etməsi həmin ölkənin açıq şəkildə Ermənistanın mövqeyində olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanımadığını və danışıqlarda vasitəçi ola bilməyəcəyini göstərir.
"Böyük bacı" diplomatiya müstəvisində Ermənistanın cəbhədə qarşılaşdığı reallıqla üzləşib
Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev Makronun iki il əvvəl Paşinyanı "inadekuat", yəni adekvatlıqdan uzaq, yerində olmayan adlandırdığını xatırladaraq qeyd edib ki, bu cür açıqlamalarından Makronun da Paşinyandan fərqlənmədiyi aydınlaşır. Deputat bildirib ki, fərqlənməməyinin nəticəsi olaraq Makron Fransa kimi bir dövləti hər addımda rəzil vəziyyətdə qoyur. Astanada Azərbaycan Prezidenti İlham Əliyev belə demək mümkünsə, hay faşizminin anatomiyasını açıb göstərdi. Makron isə özgəsinin torpağına bir milyondan çox mina basdıran, azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirən, abidələrimizi, o sıradan məscidlərimizi dağıdan, Qaregin Njde, Monte Melkonyan kimi nasist və terrorçuları fetişləşdirən bir ölkənin guya sülh və tolerantlıq uğrunda çarpışdığını bildirir. O, Qarabağın Ermənistanın ürəyində, yəni mərkəzində yerləşdiyini deyir. Əgər bu yeni coğrafi "kəşf" yox, obrazlı yanaşmadırsa, yaxşı, onda Marsel Ermənistanın harasında yerləşir və yaxud nəyidir?
Deputat vurğulayır ki, bu cür açıqlamaların nədən irəli gəldiyi heç kimə sirr deyil. "Böyük bacı" diplomatiya müstəvisində kiçik bacı adlandırdıqları Ermənistanın cəbhədə qarşılaşdığı reallıqla üzləşib. Praqa görüşündə Makrona yeri və həddi göstərildi. Ona görə də belə sərsəmləmələrə yol verir.
Sahib Alıyev bildirir ki, Makron kimilərinin bu regionda istəklərinin keçməyəcəyini Praqa görüşü kimi dövlət başçımızın Qırğızıstan və Qazaxıstana səfərləri də bir daha göstərdi: "Prezident İlham Əliyevin Qırğızıstanda "ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışın olduğunu" gördüyünü, bunun "Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər" tutulduğunu vurğulamasının nə anlam daşıdığı və onun səfəri başa çatar-çatmaz cənab Japarovun qardaş Türkiyəyə göndərdiyi "Akıncı"ıyla şəkil çəkdirib paylaşmasının arxasında hansı reallığın durduğu fikrimcə, hər kəsə aydındır. Azərbaycan Prezidenti Qırğızıstanla Tacikistan arasında gərginlik yaşandığı bir vaxtda qardaş ölkəyə səfər etməklə həm də kimin yanında olduğumuzu, dostcasına davranışla yanaşı, maraqlarımızın əleyhinə yönələn hərəkətləri də cavabsız qoymadığımızı, qoymayacağımızı diqqətə çatdırdı".
Makron kimilərinin bütün cəhdlərinə rəğmən, Qazaxıstan Prezidenti Tokayevin təbirincə desək, bu, ölkəmizin "təkcə öz regionunda deyil, həm də daha geniş coğrafiyada böyük rol oynayan" gücə çevrildiyinin, dünyaşöhrətli strateq Zbiqnev Bjezinskinin Mərkəzi Asiya dövlətlərinin müstəqilliyinin Azərbaycanın müstəqilliyinə bağlılığı haqda fikirlərinin hər ötən il daha çox hiss edildiyinin və ona uyğun siyasət yeridildiyinin göstəricidir.
Fransa sülh üçün yaranmış imkanları məhdudlaşdırmağa çalışır
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, Fransa Prezidenti Makronun müsahibəsindəki fikirlər hər şeydən əvvəl ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəyə görə bu dərəcədə səmərəsiz olduğunu aydınlaşdırır. Ömrünü başa vurmuş Minsk qrupunun həmsədr ölkələrindən biri də Fransadır. Bu ölkə keçmiş Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı hər zaman qeyri-obyektiv mövqe sərgiləyib. Minsk qrupu 1997-1998-ci illərdə münaqişənin tənzimlənməsi üçün üç variant təklif edib və bu variantların hər birində Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırma cəhdlərini tapmaq mümkündür. Makronun səsləndirdiyi fikirlər həm də ona dəlalət edir ki, xüsusilə Fransa başqa olmaqla, Qərb dairələri nəinki münaqişənin tənzimlənməsində maraqlı, əksinə, onlar indiki şəraitdə, yəni Azərbaycanın haqlı maraqlarının təmin olunduğu, ərazilərinin işğaldan azad edildiyi bir şəraitdə sülh üçün yaranmış imkanları məhdudlaşdırmağa çalışırlar.
44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbə qazanaraq BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnaməni öz gücü hesabına təmin etdiyini xatırladan E.Mirbəşiroğlu deyir ki, bu qətnamələr Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı idi. Makron aşkar şəkildə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, ölkəmizin ermənilər yaşadığı ərazilərini əsası olmadan "mübahisəli" adlandırır, "Dağlıq Qarabağ" ifadəsi işlədir.
Deputat qeyd edir ki, Azərbaycanın Qarabağ ərazisində az sayda ermənilər yaşayır. Onlar isə sonradan Qarabağa köçüb gələnlərdir. Əgər Makron ermənilərin yaşadığı ərazini "mübahisəli" adlandırırsa, bu məntiqlə çıxış etsək, deməli, Fransanın 600 minə qədər erməni yaşayan 3 regionunu da "mübahisəli ərazi" adlandıra bilərik. Eyni zamanda Makronun yanaşmasından aydın hiss olunur ki, o, Rusiyaya qarşı növbəti cəbhənin Cənubi Qafqaz regionunda açılmasında maraqlıdır. Bu əsassız ittihamlardan görünür ki, Qərb Rusiya ilə münasibətlərinə həm də bu regionda aydınlıq gətirməyə çalışır. Bu da olduqca təhlükəli proseslərə başlama cəhdindən xəbər verir.
E.Mirbəşiroğlu vurğulayır ki, Azərbaycan öz iradəsi ilə sülh gündəliyini irəli aparmaqdadır. Mahiyyət etibarilə Ermənistan Azərbaycanın sülh imzalanması üçün irəli sürdüyü təklifləri qəbul edib, amma görünür Ermənistan müstəqil siyasət yürüdə bilmir. Fransa, ABŞ Ermənistanı idarə edərək, onu sülh sazişini imzalamaqda manipulyasiyalar etməyə sövq edirlər. Ermənistanın qeyri-adekvat davranışları da aydın göstərir ki, bu ölkə Qərbdən gələn təlimatlar əsasında tez-tez mövqelərində kəskin transformasiyalara yol verir, hər vasitə ilə yekun sülh sazişindən yayınır.
Makronun iştirakı ilə Praqada dördtərəfli görüşü xatırladan deputat əlavə edib ki, görüşün başlıca məqsədi Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsindən ibarət idi. Amma bu görüşdən sonra Makron aşkar şəkildə ölkəmizə qarşı qərəzli mövqe tutur, Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaqdan yayındırmağa çalışır. Makronun müsahibəsində bütün bu cəhdlər açıq şəkildə görünür. O, çox gözəl bilir ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayıb, həmin ərazilərdə görünməmiş vəhşilik, vandallıq törədib, ərazilərimizdə 1 milyondan artıq mina basdırıb. Hələ bundan sonra da ərazilərimizin minalardan təmizlənməsi üçün uzun illər və resurslar tələb olunacaq. Prezident İlham Əliyev bildirib ki, minaların təmizlənməsi üçün 30 il vaxt, təxminən 25 milyard dollar vəsait tələb olunur. Makronun bunları bilərək riyakarlıqla həqiqətləri təhrif etməsi bir daha onu göstərir ki, Qərbin istəkləri sülh istiqamətində manipulyasiyalar etməkdir. Açıq-aydın görünür ki, məqsədləri proseslərə dəstək olmaq deyil, əksinə, sülh prosesini ləngitməkdir.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 18 oktyabr.- S.4.