Erməni silahlı birləşmələrinin raket hücumları nəticəsində 44 günlük müharibədə 93 mülki şəxs qətlə yetirilib

 

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib

 

 

Oktyabrın 17-də Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Baş Prokurorluğun və Xarici İşlər Nazirliyinin əməkdaşlarının, 50-ə yaxın ölkənin səfirləri, diplomatik korpusun, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda, yerli və xarici media təmsilçilərinin iştirakı ilə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini hörmətlə yad ediblər.

Daha sonra Gəncə Memorial Kompleksini ziyarət edən tədbir iştirakçıları həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə güllər düzərək, ehtiramlarını bildiriblər.

Anım tədbirində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində 87 cinayət işi üzrə ibtidai istintaq aparılmaqla 36 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar çıxarılaraq, “İnterpolun Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarış elan olunub, 23 ölkəyə hüquqi yardım haqqında sorğular göndərilib.

Qırx dörd günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyinin, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistikkaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadının qətlə yetirildiyi, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadının müxtəlif dərəcəli bədən xəsarətləri almaları diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub.

Eyni zamanda, araşdırmalarla 3875 yaşayış eviya mənzil, 33 qeyri-yaşayış obyekti, o cümlədən 2 tam orta məktəb, 1 uşaq poliklinikası, 1 uşaq bağçası və 1 kinoteatr binası olmaqla ümumilikdə 863.700 kvadratmetr təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində milyonlarla məbləğdə maddi ziyan vurulduğu bildirilib.

Bununla yanaşı, müharibədən sonra ölkəmizin Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü-“mina terroru” ilə qarşı-qarşıya qaldığı bildirilməklə, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər 44 şəxsin həlak olduğu, 216 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı xüsusi qeyd edilib.

Tədbirdə çıxış edən Xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu bildirib, Azərbaycan Respublikasının milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev çıxış edərək xarici ölkələrin dövlət və ictimai xadimləri, diplomatlar, eləcə də jurnalistlərin Gəncədə baş verənlərlə tanış olarkən Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayətin bir daha şahidi olduqlarını, dünya birliyi ölkələrinin bu faciəyə real qiymət verməsinin önəmini vurğulayıb. Bildirib ki, mülki insanların hədəf alınması Ermənistanın hərbi-siyasi rəhbərliyinin ideoloji xəttinə çevrilib. Belə ki, 1918-ci ildə azərbaycanlıların qırğını, 1992-ci ildə Xocalı qətliamı, 1993-cü ildə Başlıbel faciəsi, həmçinin 2016-cı ildə Ermənistan tərəfindən endirilən raket zərbəsi nəticəsində bir yaşlı Zəhranın evinin həyətində qətlə yetirilməsi, Gəncə hadisələri ideoloji olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki insanları hədəfə götürmə siyasətinin bariz nümunəsidir. Ermənistanın hərbi-siyasi rəhbərliyi yüzə yaxın günahsız mülki insanın qətlə yetirilməsi və 500-ə yaxın insanın yaralanmasının mənəvi damğası ilə yaşayır. “Ümid edirik ki, qısa müddətdə bu mənəvi məsuliyyət hüquqi-siyasi məsuliyyətlə əvəz olunacaq. Bütün xarici beynəlxalq institutları bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verməyə çağırırıq”, - deyə Cavid Musayev diqqətə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında xain hücumlar nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün müharibədən sonra dövlət başçısının müvafiq sərəncamı ilə şəhərdə bərpa işlərinə başlanıldığını, evlərinin bərpası mümkün olmayan ailələrə yeni mənzillərin verildiyini, ev əşyalarının alınmasında onlara maddi kömək göstərildiyini, hadisə qurbanlarının və onların yaxın qohumlarının qayğılarının diqqət mərkəzində saxlandığını bildirib.

Anım tədbirinin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

 

Azərbaycan.-2022.- 18 oktyabr.- S.3.