Milyonların arzusunun
reallaşdığı gün
18
oktyabr Müstəqilliyin Bərpası Günüdür
Dövlət müstəqilliyi xalqın ən böyük səadətidir. Azərbaycan xalqı bu səadətə XX əsrin ikinci onilliyində çatdı. 1918-ci il mayın 28-də adı Şərqin və türk dünyasının tarixinə ilk demokratik respublika kimi yazılan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycanın şimalında yaşayanlar "Gülüstan" (1812) və "Türkmənçay" (1828) müqavilələrindən sonra heç zaman bu qədər azad, müstəqil və xoşbəxt olmamışdılar...
Tarix heç kimi və heç nəyi unutmur
1828-ci il fevralın 10-da bir-biri ilə müharibə etmiş iki dövlət - Rusiya ilə İran arasında imzalanan "Türkmənçay" müqaviləsindən sonra Azərbaycan iki yerə bölünmüşdü. Şimalına Rusiya, cənubuna isə İran sahiblənmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olması ilə Şimalı Azərbaycan Rusiya imperiyasının əsarətindən qurtulmuşdu.
Müstəqil dövləti yaradanlar böyük arzularla quruculuq işlərinə başladılar. Ancaq müstəqil dövlət qurmaq qədər onu qorumaq da çətin oldu. Azərbaycanı azad görmək istəməyənlər həm ölkənin daxilində, həm də xaricində vardı. Onlar Azərbaycan Xalq Cümhuriyyətinə qarşı amansızlıqla mübarizə aparırdılar. Və təəssüf ki, gənc müstəqil dövlətin düşmənləri dostlarından qat-qat çox və güclü oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Cümhuriyyət hökuməti süqut etdi. 1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Müstəqil ölkənin üçrəngli bayrağının endirilməsindən doğan qüssəni şairə Ümgülsüm Sadıqzadə belə ifadə etmişdir:
Yazıq səni Bayrağım, endirdilər, öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar,
O haq yeyən haqsızlar, vəhşilər, tanrısızlar
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o, gördüklərim, həpisi?
Bağlandımı üzümə türk elinin qapısı?
O zaman Azərbaycanı işğal edən XI orduya qarşı dirənənlər, silah qaldıranlar az olmadı, etiraz dalğaları uzun müddət səngimək bilmədi. Azərbaycanın neçə-neçə vətənsevər, millətpərvər övladı dövlətinin müstəqilliyi yolunda canından keçdi. Ancaq uzun illər bu tarixi həqiqətlərin də üzərini yalanlarla örtməyə çalışdılar. 70 il davam edən sovet hakimiyyəti dövründə XI ordu xilaskar kimi təbliğ olundu. Elə təqdim etdilər ki, guya Azərbaycan xalqı yollara düzülüb işğalçıların gəlməsini, varlığından qürur duyduğu, böyük ümidlər bəslədiyi müstəqil dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsini gözləyirmiş. Atalarımız "Yalan ayaq tutar, yeriməz" deyiblər. Amma çox təəssüf ki, 70 il bu yalanlar ayaq da tutdu, yeridi də. Həm də keçdiyi yolları elə silib-süpürməyə, yandırmağa çalışdı ki, Azərbaycan xalqının yeni nəsilləri heç zaman öz həqiqi tarixini bilməsin, gerçək qəhrəmanlarını tanımasın. Sovet hökumətinin təbliğat-təşviqat maşını saysız-hesabsız "elmi" və "bədii" əsərlər yazdırdı, "kitab"lar çap etdirdi. Həmin "kitab"ları uşaq bağçalarından tutmuş orta və ali məktəblərədək oxutdurdular, əzbərlətdirdilər. Amma zaman göstərdi ki, tarixin yaddaşı olduqca güclüdür, heç nəyi və heç kimi unutmur.
Bir əsrdə ikinci dəfə müstəqilliyini elan edən ölkə
Dövlətini yenidən azad, müstəqil, üç rəngli, ay-ulduzlu bayrağının yüksəklərdə dalğalanan görmək arzusu könüllərdə illərlə boy ata bilməsə də, cücərdi. Bu arzu, bu məqsəd XX əsrin sonlarına doğru Azərbaycan xalqını ayağa qaldıraraq bir yumruq kimi birləşdirdi. Və yenə də böyük mübarizə başladı.
Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq üçün də ağır sınaqlardan keçdi. Soydaşlarımız 1990-cı ilin yanvarında o dövrün ən müasir silahları ilə silahlanmış sovet qoşunu hissələrinin, onların tanklarının üzərinə əliyalın yeridilər. Göstərdilər ki, xalq birləşəndə onun gücünün qarşısını qorxu, təşviş yaratmaqla, ən dəhşətli silahlarla, ən ağır, ən qəddar cəzalarla almaq mümkünsüzdür.
XX əsrin axırlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə elan etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası işə başladı. Müzakirələr 4 gün davam etdi.
1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Sənəddə bildirilir ki, "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı. Əhalinin 95 faizi səsvermədə iştirak edərək Azərbaycanın müstəqilliyinə, suverenliyinə səs verdi.
Müstəqilliyini bərpa edən Azərbaycanın dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul olundu.
Bu tarixi hadisələrin baş verdiyi sonrakı illər Azərbaycan üçün çox çətin və məsuliyyətli dövr oldu. Müstəqilliyinə qovuşmuş ölkəmiz həm iqtisadi böhranla, həm də Ermənistanla müharibəyə cəlb edilməklə sınağa çəkildi. Azərbaycan ərazilərinin 20 faizi işğal olundu, bir milyondan çox soydaşımız yurdlarını tərk etmək məcburiyyətində qaldı. Onların da problemləri gənc dövlətin üzərinə düşdü.
Azərbaycan o mürəkkəb, çətin illərin də sınağından çıxdı, dövlətinin müstəqilliyini dünyada tanıtdırdı. 1996-cı il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə respublikanın ozamankı Prezidenti Heydər Əliyev xalqa müraciətində demişdir: "Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının hamısının üzvüdür, iştirakçısıdır. Ötən beş il ərzində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da inkişaf etmiş, möhkəmlənmişdir. Ancaq bu dövr ölkəmizin həyatında çox gərgin və mürəkkəb proseslər dövrü olmuşdur".
O gün - dövlət müstəqilliyimizin beşinci ildönümünü qeyd edərkən Heydər Əliyev xalqa müraciətində qarşıda çox böyük vəzifələrin durduğundan da danışmışdır: "Ən böyük vəzifə ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin, ölkəmizin işğal olunmuş torpaqları azad edilsin, işğal olunmuş torpaqlardan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə-yurdlarına qayıtsınlar", - deyirdi.
Bu gün işğalçı Ermənistan məğlubdur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə zəfər qazandı. Erməni qəsbkarları 1990-cı illərdə zəbt etdikləri torpaqlarımızdan qovuldular. İndi isə işğaldan qurtulmuş Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm tikinti-quruculuq, bərpa, abadlıq işləri aparılır.
Respublikamız dünyanın əksər dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaqda, sazişlər imzalamaqda davam edir. Azərbaycan beynəlxalq təşkilatlarda da sözünü deyir, qətiyyətli mövqeyini nümayiş etdirir.
Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən işlər, Vətən uğrunda yaşamağı da, ölməyi də bacaran xalqımızın sevgisi, sədaqəti, təəssübkeşliyi əminlik yaradır ki, Azərbaycan daim öz müstəqilliyi, suverenliyi, istiqlaliyyəti ilə var olacaq.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2022.- 18 oktyabr.- S.5.