Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir

 

 

Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın büstünün açılış mərasimi keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.

Əvvəl Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində iştirak edən nümayəndə heyəti və tədbir iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər abidə kompleksini ziyarət ediblər.

Sonra tədbir iştirakçıları Azərbaycanın Əməkdar artisti Kaykeb Aliyevanın həyatı və yaradıcılığı ilə bağlı hazırlanmış videofilmə baxıblar.

Qeyd edək ki, ötən il Azərbaycanın Əməkdar artisti, Özbəkistanın “Dostluqordeni mükafatçısı Kaykeb Aliyevanın dünyasını dəyişməsi ilə əlaqədar rəhbərlik etdiyi “Azərbaycan qızları” rəqs ansamblına tanınmış rəqqasənin adı verilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Kaykeb Aliyevanın həyatı və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Kaykeb Aliyeva 1989-cu ildən Özbəkistanda Azərbaycan rəqslərinin təbliğini həyata keçirib, onun tərəfindən yaradılan və Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblı Özbəkistanın mədəni həyatında aktiv iştirak edib. Kaykeb Aliyeva ansamblla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil etdiyi rəqs dərnəyində yüzlərlə yeniyetmə gəncə rəqs sənətinin sirlərini öyrənib.

S.Abbasov Azərbaycan və Özbəkistan dövlətinin daim Kaykeb Aliyevanın yaradıcılığına xüsusi diqqət göstərdiklərini, ölkə başçılarımız tərəfindən K.Aliyevanın Azərbaycanın “Əməkdar artisti” fəxri adına, Özbəkistanın “Dostluq”, “Şöhrət” və “Müstəqillik” ordenlərinə layiq görüldüyünü bildirib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov bildirib ki, Kaykeb Aliyevanın yaradıcılığı haqqında danışaraq, onun yorulmaz fəaliyyəti nəticəsində Özbəkistanda Azərbaycan rəqsləri tanıdılıb, təbliğ edilibsevilib. Erkin Nuriddinov Kaykeb Aliyevanın “Mehrcon” Hamilər Şurasının həmsədri kimi Özbəkistandakı uşaq evləri və internat məktəblərinin tədbirlərində yaxından iştirak etdiyini, daim onlara hamilik etdiyini vurğulayaraq, bu işin ona ümumrespublika hörmətini qazandırdığını bildirib.

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, mədəni əlaqələri haqqında danışaraq, bu il iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfərinin iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açdığını qeyd edib.

Qənirə Paşayeva 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistanda səfərdə olarkən o vaxt Kaykeb Aliyevanın “Bülbüllər” adlanan rəqs ansamblının ifasını gördükdən sonra onları Azərbaycana qastrol səfərinə dəvət etdiyini qeyd edib.

O, dostluq əlaqələrimizin inkişafı, rəqs sənətimizin Özbəkistanda təbliği ilə bağlı Kaykeb Aliyevanın xüsusi xidmətlərini vurğulayıb və onun rəhbərlik etdiyi ansamblın Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri tədbirlərində yüksək səviyyədə çıxışlarını xatırlayıb.

Qənirə Paşayeva Azərbaycan dövlətinin Kaykeb Aliyevanın yaradıcılığına verdiyi qiymətdən danışıb, 2010-cu ildə Özbəkistanda mədəniyyətimizin təbliğ olunması sahəsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Kaykeb Aliyevaya Azərbaycanın “Əməkdar artisti” fəxri adı verildiyini vurğulayıb.

Q.Paşayeva bu ilin əvvəllərində Özbəkistana səfər edərkən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kaykeb Aliyevanın yaşadığı binaya onun barelyefininvurulduğunu söyləyib.

Sonra Kaykeb Aliyevanın büstünün üzərindəki örpək çəkilib. Büst Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Xalq rəssamı Mariya Borodinova tərəfindən hazırlanıb.

 

Azərbaycan.-2022.- 18 oktyabr.- S.9.