Özbaşınalıq, oğurluq, fərarilik

 

Məğlub Ermənistan ordusunda hərbi vəzifələr rüşvətlə alınır

 

Ermənistanda, demək olar ki, bütün sahələr üzrə qeydə alınan tənəzzül daha sürətli xarakter almağa başlayıb. Sosial-iqtisadi sferada daha böyük çətinliklərlə üzləşən ölkədə siyasi, humanitar problemlərin də miqyası davamlı şəkildə genişlənir.

Nəticə etibarilə əhalinin həm maddi vəziyyəti gərginləşir, həm də insanlar pozulmuş hüquqlarını bərpa etməkdə yeni maneələrlə üzləşirlər. Belə vəziyyətdə Ermənistandan birdəfəlik köçüb gedənlərin sayının artması tamamilə təbii sayılır.

Hazırda erməni cəmiyyətində müşahidə edilən problemlər silahlı qüvvələrdə də özünü qabarıq şəkildə büruzə verir. Postmüharibə dövründə də orduda özbaşınalıq, oğurluq, fərarilik, nizamnamədənkənar hərəkətlər və digər qanun pozuntuları hökm sürür. Orduda cinayətlərin sayının artması vəziyyətin daha acınacaqlı hala gəldiyini göstərir. Orduda özünü qabarıq göstərən neqativ hallardan birioğurluq, silah və sursatların detallarının sökülərək satılmasıdır.

Ermənistan cəmiyyətində qeyd olunur ki, artıq dörd ildir hakimiyyət silahlı qüvvələrdə islahatlara başlandığını elan edir. Vurğulanır ki, N.Paşinyanın ictimai bəyanatlarında çox kəskin bir məqamda orduda genişmiqyaslı islahatlara başlanıldığı bəyan edilib. "Past" nəşri yazır ki, ölkənin silahlı qüvvələrində böyük islahatlar aparılsaydı, Ermənistan ordusu bu gün belə ağır durumda olmazdı. Bildirilir ki, silahlı qüvvələrin sistemində ciddi dəyişiklik olmadığı üçün hakimiyyət ictimaiyyəti ancaq imitasiya ilə məşğul edə bilər. Belə bir imitasiya, məsələn, üç aylıq təlimləri 25 günlə əvəz etməkdir. Bununla belə, onların çox qısa bir dövrü əhatə edən toplantılarla konkret hansı problemi həll etmək istədikləri qeyri-müəyyən olaraq qalır. Əgər həqiqətən də ölkənin təhlükəsizliyinin artırılmasından söhbət gedirsə, o zaman daha əhatəli tədbirlər paketinə start verilməlidir. Hökumətin son iclasından da göründüyü kimi, qadınların təlimləri də təşkil oluna bilər və bu, böyük ehtimalla Ermənistan tarixində analoqu olmayan islahat kimi ictimaiyyətə təqdim olunacaq.

Müəllif iddia edir ki, Ermənistan hakimiyyəti öz təşəbbüsləri ilə məşğul olsa da, həllini tapmayan çoxlu primitiv problemlər var: "Məsələn, sığınacaqlarımızın hansı vəziyyətdə olduğu hələ də bəlli deyilya birdən-birə vəziyyət daha da ağırlaşacağı təqdirdə, əhali bu cür hadisələrə hazırdırmı? Tunellər və lazımi keçidlərin olub-olmaması sual altındadır. Amma ən gülməlisi odur ki, bütün bunlardan sonra Paşinyan hökumətin iclasında ciddi üzlə bəyan edir ki, bundan sonra hərbçilərin heç nəyə, hətta çörəyə də ehtiyacı yoxdur. Ən əsası isə orduda yemək məsələsini özləri həll etmələri ilə fəxr edirlər".

Qeyd olunur ki, çətin hərbi-siyasi vəziyyətdə olan bir ölkə üçün ordunun ərzaq məsələsi nə qədər vacib olsa da, ikinci dərəcəli, hətta onuncu problem olmalı idi, onun həlli üçün iclasda bəyanat verməyə belə ehtiyac qalmamalı idi. Bununla da orduda ərzaq probleminin həll olunduğuna dair böyük təbliğat köpüyü yaratmağa çalışıblar. Başqa məsələni həll etmədikləri üçün hər dəfə yeməkdən danışmalı olurlar.

Bütün bunların fonunda orduda hərbi qulluqçuların müxtəlif vəzifələrə təyin edilməsi üçün böyük miqdarda rüşvət vermələri ilə bağlı çoxlu sayda qalmaqal yaşanır. Sosial şəbəkələrdə paylaşılan məlumatlar onu göstərir ki, Ermənistan ordusunda rüşvətxorluq baş alıb gedir və Müdafiə Nazirliyi bunun qarşısını heç cür ala bilmir. Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində zabitlərdən yuxarı vəzifəyə təyin olunmaq, tabor komandiri olmaq üçün 7000, bölük komandiri vəzifəsinə təyin olunmaq üçün 2500-4000, müqaviləli hərbi xidmət üçün isə 1000-2000 ABŞ dolları məbləğində rüşvət tələb edildiyi bildirilir.

Sosial şəbəkələrdə yazılan məlumatlarda o da iddia edilir ki, yerindən asılı olaraq qiymətlər dəyişilə bilər. Yəni "yaxşı" yerə təyinat almaq üçün daha yüksək məbləğdə rüşvət tələb olunur. Maraqlı odur ki, Ermənistan Müdafiə Nazirliyi həm rüşvətxorluq hallarına, həm də bununla bağlı yayılan məlumatlara heç bir reaksiya vermir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 18 oktyabr.- S.10.