Şərqi Zəngəzur
möhtəşəm tarixi hadisəyə
hazırlaşır
Sabah, oktyabrın 20-si Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Zəngilanın işğaldan azad olunmasının ikinci ilinin qürur və sevinc hissini yaşayacaq.
Bu təqvim günü həm də ikiqat bayrama çevriləcək. Çünki həmin gün Şərqi Zəngəzur İqtisadi Rayonunda daha bir tarixi hadisə yaşanacaq. Vətən müharibəsindən sonra Böyük qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunda Şərqi Zəngəzurun ilk hava qapısının açılış mərasimi olacaq.
Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə qardaşı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə reallaşacaq. Xatırladaq ki, Türkiyə Prezidenti hələ sentyabr ayında Özbəkistan səfərindən sonra jurnalistlərə müsahibəsində bildirmişdi ki, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bununla da Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə işğaldan azad olunmuş torpaqlarımıza enmiş olacaq. İlk dəfə 2021-ci il oktyabrın 26-da Qarabağda Füzuli Beynəlxalq Hava Limanına düşən Prezident təyyarəsi bir il sonra Şərqi Zəngəzur səmasında dövrə vurub Zəngilan aereportuna eniş edəcək.
Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə 2021-ci ilin mayında başlanılıb. Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Rayonun coğrafi yerləşməsi və burada olan geniş imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.
Zəngilanı anasının qucağında tərk edən körpəyə Ağalı qucaq açdı
Bu gün Zəngilanda, xüsusilə də Ağalı kəndində həyat yenidən qaynayır. Böyük Zəfərin ilk möcüzəsi olan "ağıllı kənd"də hər kəs yaşayışından məmnundur. Buna Zəngilana səfərimiz zamanı bir daha şahidlik etmiş olduq.
Günəş şəfəqlərini səpib hər tərəfi nuruna boyadıqca "ağıllı kənd"in küçələrində hərəkətlilik artır. Kənd sakinləri ara-sıra evlərindən çıxıb işə tələsirlər. İnsanların üzündən məmnunluğu, qayğısızlığı sezməmək mümkün deyil.
Qarşımıza çıxan hər kəsin könlündə, gözündə də sanki bir günəş doğub üzünü işıqlandırmışdı.
Elə küçədəcə qarşımıza çıxan ilk sakinlə söhbətləşməyi qərara alırıq.
1993-cü ilin iyul ayında Zəngilanda anadan olan və elə həmin ilin oktyabr ayında anasının qucağında doğma yurdunu tərk edən Aytəkin Abdullayeva illər sonra Ağalıya qayıdışının heç bir sevinc hissi ilə müqayisəyə gəlməyəcəyini deyir: "Zəngilanı körpə olarkən tərk etsəm də, həmişə yuxumda görürdüm. Anlayırdım ki, yuxuda gördüyüm yerlər babamın mənə danışdığı vətənimdir. Orta məktəbi bitirib BDU-nun Coğrafiya fakültəsinə qəbul olundum. Zəngilanın coğrafiyasını, tarixini daha yaxşı öyrəndim. Yaşa dolduqca Zəngilana olan sevgim də böyüyürdü...
Sentyabrın 7-si... Doğma ata yurdumuza qayıdışımızın ilk günü oldu. Torpağının hər qarışının qanla yoğrulduğu Vətənimizə dönüşün ilk gününün həyəcanını yəqin illər sonra da eynilə hiss edəcəm. Vətən onsuz da doğma olur. Qarabağ, eləcə də Zəngilan bizimçün, bütün azərbaycanlılar üçün həmişə ən həssas, ən müqəddəs yer olub.
Bu gün ailəmlə, atam, anam, bacı-qardaşımla birlikdə doğma Zəngilanımızda məskunlaşmışıq. Zəngilan babamın söhbətlərinin əsas mövzusu idi. Ömrünün son gününə qədər hər dəfə Zəngilandan danışanda gözləri dolardı, qəhər onu boğardı. Həmişə Bəsitçay qoruğunun çinarlıqlarından, oranın əfsanəvi gözəlliyindən danışardı".
Hazırda Prezidentin Zəngilan rayonundakı xüsusi nümayəndəliyində çalışan Aytəkin dövlətin onlara göstərdiyi qayğıdan çox razı olduqlarını, doğma yurdlarına qayıdan bütün sakinlər üçün hərtərəfli şəraitin yaradıldığını söyləyir. Sözlərinə görə, kənddə işsiz adam çox azdır. Amma işləmək istəyən üçün iş yeri kifayət qədərdir. Bir müddət sonra Zəngilan hava limanı fəaliyyətə başlayanda kənddə yenidən xeyli sayda insan işlə təmin olunacaq. Gənc mütəxəssis hesab edir ki, tezliklə işğaldan azad olunan bütün torpaqlarımız daha da çiçəklənəcək, inkişaf edəcək.
Hər şey arzu etdiyimizdən də çox yaxşıdır
Ağalını 19 yaşında tərk etmək məcburiyyətində qalan kənd sakini Səbinə Əliyeva isə hazırda həyatının ən xoş anlarını yaşayır. Həmsöhbətimiz ömrünün geridə qalan illərini vərəqlədikcə gözləri yaşla dolur: "Çox şükür ki, bu günü gördük. Kəndimizi o qanlı-qırğınlı illərdə tərk edəndə cəmi 19 yaşım var idi. Arazı keçəndə soyuqdan damarlarımda qanım donmuşdu. Çox ümidsiz idik. Başımıza gəlməyən çətinliklər qalmadı. Həyat, yaşamaq gözəldir, odur ki, biz də dözdük...
"Günəşli" sanatoriyasında məskunlaşmışdıq. Orada iki övladımız - Həcər və Anar dünyaya gəldi. Çox şükür, indi Uğur adında bir nəvəm də var. Ağalıya nənə kimi qayıtmışam. 4 otaqlı mənzillə təmin edilmişik. Hər cür rahatlığımız, əla şəraitimiz var. Yoldaşım Qədir bağban işləyir. Oğlum bərbərdir. Dövlətimiz ona fərdi sahibkar kimi hər cür şərait yaradıb.
Bakıda yaşayanda nə qədər qazanırdıqsa, hamısı xərclənib gedirdi. Yaman gün üçün arxaya bir manat belə qoya bilmirdik. Amma indi hər şey arzu etdiyimizdən də çox yaxşıdır. Hərdən öz həyatıma baxıb, bu gözəlliyin içində olduğuma özüm də inana bilmirəm. Elə bilirəm yaşadıqlarımız bir yuxudur. Evimiz, işimiz, rahatlığımız var. Ən başlıcası isə, bütün bunlar bizim doğulub böyüdüyümüz doğma yurdumuzda, illərlə həsrətində olduğumuz Ağalıdadır.
Bizə bu xoşbəxtliyi yaşadan dövlətimiz var olsun! Prezidentimiz İlham Əliyevə nə qədər alqış etsək, azdır".
Evimiz də var, işimiz-gücümüz də...
Sakinlərlə bir qədər söhbətləşdikdən sonra Ağalıda fəaliyyət göstərən "Gill Med" MMC-yə - steril və qeyri-steril tibbi vasitələrin istehsalı müəssisəsinə baş çəkirik.
Burada tibbi maskalar, tibbi geyimlər, əməliyyat üçün önlüklər, tibbi kombinezonlar tikilərək müxtəlif ünvanlara göndərilir.
Müəssisənin rəhbəri Habil Abdullayev qeyd edir ki, burada 12 qadın çalışır. Yaxın günlərdə sifarişdən asılı olaraq həm istehsal sahəsinin genişlənməsi, həm də işçilərin sayının artması gözlənilir.
Hazırda daha çox tələbat tibbi maskalara, önlüklərə və tibb şalvarlarınadır. Müəssisədə hər gün 5000-dən çox maska, 100-dən artıq önlük, bir o qədər də şalvar istehsal olunur.
Tikiş ustalarından Gülşən Ağalarova, Zeynəb Hüseynova, Kəmalə Orucova, Qiyafət Həsənova və Minayə Əhmədova ilə söhbət edirik. Ağalının işgüzar xanımları doğma yurdlarında yaradılmış şəraitdən, işlədikləri zəhmətin dəyərləndirilməsindən razılıq edirlər.
Kəmalə Orucova deyir ki, 44 günlük müharibənin şanlı Zəfərindən sonra doğma kəndlərinin tez bir zamanda inşası onlar üçün ən böyük hədiyyədir: "30 ilə yaxın köçkünlük dövründə o qədər tənəli sözlər eşitdik ki... Şükür ki, indi həm ev-eşiyə sahib olmuşuq, həm də halal zəhmətlə qazandığımız çörəyimizi yeyirik. Bizə bu şəraiti yaradan dövlətimizə, Prezidentimizə, hər zaman bizə dəstək olan Mehriban xanım Əliyevaya kollektivimiz adından minnətdarlığımı bildirirəm".
"Mehriban xanım Əliyeva bişirdiyim çörəkdən daddı və bəyəndi"
Müəssisədə çalışanlara işlərində uğurlar arzulayıb, Ağalıda qaynayan həyata qarışırıq. Kənddə "ASAN xidmət" mərkəzi, bank xidməti, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi, iki market, poçt məntəqəsi, kafe, çayxana, ət kəsimi məntəqəsi və digər xidmət sahələri fəaliyyət göstərir.
Nahar vaxtı yaxınlaşdığı üçün insanlar daha çox marketlərə daxil olub, təndir çörəyi alırlar. Biz də Ağalıda bişən təndir çörəyindən dadmaq üçün içəri daxil oluruq. İlk diqqətimizi çəkən isə vitrinin üzərindəki çərçivəyə salınmış şəkil olur. Bu foto Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə çörəkbişirən xanımın birgə şəklidir. Marağımıza səbəb olduğu üçün təndirə çörək yapmaqda olan Təranə Quliyeva ilə qısa söhbət edirik. Bəlli olur ki, Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva Ağalıya səfər edərkən Birinci vitse-prezident marketə daxil olub və Təranə xanımın bişirdiyi təndir çörəyindən dadıb. Təndirçi xanım həmin anları belə xatırlayır: "Vallah, heç özüm də bilmirəm necə oldu. Heç yatsam, yuxuma da girməzdi ki, nə vaxtsa, işğaldan azad edilən torpaqlarımızda təndir çörəyi bişirəcəm və ölkənin birinci xanımı gəlib mənim çörəyimdən dadacaq. Çox sevincli idim. Mehriban xanım bişirdiyim təndir çörəyini təriflədi. Sonra məni qucaqladı və birgə şəkil çəkdirdik. Bu, bəlkə də həyatımda keçirdiyim ən xoşbəxt günlərdən birincisidir".
"Təmiz havamız, evimizin içində iş yerimiz var. Bundan artıq bizə nə lazımdır ki?"
Evinə nahar fasiləsinə gələn kənd sakini Elman Əliyev Ağalıya ilk köçənlərdəndir. Söhbətimiz zamanı bəlli olur ki, Elman kişi hazırda Minatəmizləmə Agentliyində (ANAMA) sürücü işləyir. Aldığı maaş artıqlaması ilə bəs edir: "Allaha and olsun ki, indi əsl həyat yaşamağa başlamışıq. İllərlə məcburi köçkünlük həyatı yaşadıq. Sağ olsun dövlətimiz, şəraitimiz pis deyildi. Amma qazandığımızın hamısı elə xərclənirdi ki, kənara pul qoya bilmirdik. Üstəlik, Bakının tıxacı, metronun basabası...
Şükürlər olsun ki, indi öz doğma yurdumuz, təmiz havamız, evimizin içində iş yerimiz var. Bundan artıq nə lazımdır ki?!
Bakıda olarkən ayda bir dəfə balıq yeyərdik. Amma indi çaylardan qızıl balıq tutub yeyirik. Bundan gözəl heç nə ola
bilməz. Həyat yoldaşım tibb
məntəqəsində çalışır.
İkimizin maaşımız bizə artıqlaması ilə yetir. Kim çalışmaq istəyirsə, iş var. Hər kəs işləyir və rahat dolanır.
Var olsun Prezidentimiz! Ömür-boyu İlham Əliyevə
alqış edəcəm.
Torpaqlarımızı düşməndən
qaytardı və bizi az bir zamanda kəndimizə
köçürdü. Özü də
ən müasir, modern
kənd qurdu bizim üçün.
İşıqlarımız sönmür, daim
isti-soyuq suyumuz var. Hər cür şərait yaradılıb,
bundan artıq dövlət neyləməlidir
ki?
Sakinlərlə söhbətimizdən belə
qənaətə gəldik
ki, Ağalı yalnız ölkəmizdə
birinci "ağıllı
kənd" olmağı
ilə fərqlənmir,
həm də bu, vətəndaşlarımızın
xəyallarının gerçəkləşdiyi
ilk kənddir. İnsanlar bu kənddə
yuxuda belə görmədiklərini gerçək
həyatlarında yaşayırlar.
65 evdə 325 sakinin məskunlaşdığı
kənddə heç
bir məşğulluq
problemi yoxdur. İşləmək istəyənlər
üçün kifayət
qədər iş yeri var.
Bir sözlə,
Ağalıda həyat
qaynayır, doğma yurd-yuvasına qayıdan sakinlər həm müəssisələrdə, ictimai-iaşə
obyektlərində çalışır,
həm də həyətyanı sahələrdə
təsərrüfatla məşğul
olurlar. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında həyat daha gözəl olacaq.
Rəşad
BAXŞƏLİYEV,
Elşən
QƏNİYEV,
Azərbaycan.-2022.- 19 oktyabr.- S.4.