Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur

 

 

O, üzərinə götürdüyü hüquqi öhdəlikləri tezliklə yerinə yetirməsə, "dəmir yumruq" yenidən işə düşməli olacaq

 

 

"...2020-ci ilin noyabr bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq". Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bir daha bəyan etdi ki, Ermənistan hüquqi öhdəliklərini icra etməsə, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etməsə, Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini çıxarmasa, bu, onun üçün çox acınacaqlı nəticələrə gətirib çıxaracaq.

Ermənistanın sözügedən bəyanatın özünə aid hissəsini tez bir zamanda icra etməməsi "dəmir yumruğ"un yenidən işə düşməsinə səbəb olacaq və növbəti dəfə  bu ölkəni nəinki arxalandığı bəzi Qərb dairələri, heç digər dünya ölkələri də bir yerə yığılsa, xilas edə bilməyəcək.

Necə ki Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını dalğalandırdığı zaman vurğulamışdı: "Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kimheç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik".

 

 

 

Azərbaycan sülhə tərəfdardır

 

 

 

Azərbaycan 44 günlük Vətən müharibəsini parlaq zəfərlə başa çatdırdıqdan dərhal sonra Ermənistana iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün təkmil sülh modeli təklif edib. Ölkəmiz regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsinə yönəlik təşəbbüslərlə daim çıxış edib.

Lakin işğalçılıq eyforiyasından hələ də ayıla bilməyən Ermənistanın ötən vaxt ərzində sülh istiqamətində hansısa real addımlar atdığının şahidi olmamışıq. İşğalçı bu müddət ərzində barışığa aparan bütün yollarda maneə yaratmaqla məşğul olub, sülh istiqamətində gedən prosesləri yubatmağa, pozmağa yönəlik hər cür təxribata əl atıb.

Avropa İttifaqının vasitəçiliyi ilə keçən ilin dekabrından başlayan "Brüssel prosesi" sayəsində üçtərəfli görüşlərdə Ermənistan üzdə sülhə razı olduğunu bildirsə də, hər dəfəsində sülh sazişinin bağlanması ilə əlaqədar əməli işlər görməkdən yayınmağa çalışıb.

Lakin o da var ki, ermənilər hər dəfə ölkəmizə qarşı təxribatlara əl atdıqda layiqincə yerlərinə otuzdurulublar. Bu il avqustun 3-də Ermənistanın növbəti təxribatına cavab olaraq "Qisas" əməliyyatının keçirilməsi və ordumuzun Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsi, həmçinin sentyabrın 12-si gecədən başlayaraq Azərbaycana qarşı daha bir təxribat zamanı rəşadətli ordumuzun düşmənin layiqli cavabını verməsi buna əyani sübutdur.

 

 

 

Ermənistanın danışıq masalarındakı riyakarlıq oyunu 

 

 

 

44 günlük Vətən müharibəsində Azərbaycanın qarşısındakı biabırçı məğlubiyyətini həzm edə bilməyən Ermənistan daim revanşist mövqedə olub, xarici havadarlarına güvənərək ölkəmizə qarşı təxribat əməllərini davam etdirib.

Ermənistan rəhbəri danışıqlar prosesində riyakarcasına sülhə razı olduğunu bildirsə də, pərdə arxasında xislətinə uyğun davranaraq təcavüzkar siyasətindən əl çəkmədiyini göstərib.

Ermənistan elə sonuncu Praqa görüşündə də eyni ssenarioyunu nümayiş etdirdi. Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş zamanı qəbul edilən bəyanata əsasən, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını bildirmək məcburiyyətində qaldı. Praqada qəbul edilmiş bəyanatda da əksini tapdığı kimi, Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyüsuverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Yəni faktiki olaraq bu bəyanatda da Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqini tapdı.

O cümlədən görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Bu missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Məhz bu səbəbdən ölkəmiz buna razılıq versə də, bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə olunan cəhdlər rəsmi Bakı tərəfindən qətiyyətlə rədd edildi. Buna görə də missiyanın Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşdirilməsi razılaşdırıldı.

 

 

 

Sülh prosesini pozmaq üçün edilən əhəmiyyətsiz cəhdlər

 

 

 

İndiyədək keçirilən görüşləri sülhə yaxınlaşmaq üçün mühüm vasitə sayan Azərbaycandan fərqli olaraq, qarşı tərəf hər vəchlə prosesləri pozmaq cəhdlərini davam etdirir. Hər gün Ermənistan tərəfindən sərhəddəki mövqelərimizin atəşə tutulması buna bariz nümunədir.

Ermənistan Azərbaycanın sülhpərvərliyindən qaynaqlanan səbrindən istifadə edərək boynuna götürdüyü öhdəliklərdən yayınmaq üçün bacardıqca vaxtı uzatmağa çalışır.

Amma Azərbaycanın səbir limiti də tükənməz deyildaşmaq üzrədir. Düşmən unutmamalıdır ki, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü güc hesabına bərpa etdi, işğalçını kapitulyasiyaya məcbur etdi. O da gerçəklikdir ki, əgər erməni silahlıları öz xoşları ilə ərazilərimizi tərk etsəydilər, heç 44 günlük müharibəyə də ehtiyac olmazdı.

Eləcə də indi Ermənistanın qarşısında yalnız bir seçim var. Ya öz xoşu ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək bölgədə sülhə nail olunması işinə əngəl törətməkdən əl çəkəcək, ya da Azərbaycan güc yolu ilə onu buna məcbur edəcək.

 

·         Yasəmən MUSAYEVA,

·         Azərbaycan.-2022.- 19 oktyabr.- S.6.