Həyatı  sınaqlarda keçən sənətkar

 

Şövkət Ələkbərova - 100

 

 

1922-ci il oktyabrın 20-də Bakı şəhərində dünyaya gəlib. Şan-şöhrət mənasını daşıyan Şövkət adını veriblər ona. Atası Feyzulla kişi fəhlə idi. Zəhmətlə qazanıb gətirirdi ailəsinin, övladlarının ruzisini. O, musiqi sənətinə nabələd deyildi. Azərbaycanın xalq musiqisinə, muğamlarına, aşıq musiqisinə ürəkdən bağlı idi. Anası Hökumə xanım isə qızlardan ibarət orkestrdə tar çalırdı. Evlərindən tez-tez Hökumə xanımın tarda ifa etdiyi musiqi sədaları eşidilirdi.

Atası övladlarının musiqi savadı almalarını arzulayırdı. Böyük oğlu Mirələkbər tar, kiçik oğlu Paşa qaval çalırdı. Şövkət isə on iki yaşında musiqi məktəbinin kamança sinfinə getdi. Kamança çalmağa həvəsi vardı. Ancaq Şövkət başqa bir istedadın sahibiydi. Onun bənzərsiz səsi vardı.

 

 

 

İlk alqış sədaları...

 

 

 

Çox keçmədi ki, Feyzulla kişinin övladları evdə musiqi üçlüyü yaratdılar. Qardaşları müşayiət edirdilər, Şövkət isə oxuyurdu...

Anası Şövkəti tez-tez məşqlərə və konsertlərə aparırdı. Həmin günlərdən biri idi. Hökumə xanımın çalışdığı qadınlardan ibarət orkestr Dağüstü parkda konsert qabağı məşq edirdi. Musiqi ifaçılarından biri gəlməmişdi. Dirijorun gözü Şövkətə dikildi. Ona məşqə gəlməyən müğənnini əvəz etməyi təklif etdi. O gün Şövkət Ələkbərovanın həyatında ən unudulmaz günlərindən biri oldu. Qəlbinə sığmayan həyəcan və fərəhlə "Gəlmə, gəlmə" mahnısını oxudu. Yeniyetmə qızın ifası hamını elə məmnun etdi ki, heyrətlərini, heyranlıqlarını dərhal dilə gətirməkdə çətinlik çəkdilər... Və o gün Şövkət Ələkbərova müğənni kimi ilk dəfə alqışlandı.

Özfəaliyyət dərnəyində ilk addımlarını "Müəllimlər evi"nin klubunda atdı. Sonra "Kəndlilər evi"nin özfəaliyyət dərnəyinə dəvət olundu.

1937-ci il gəlmişdi. Sovet hökumətinin həyata keçirdiyi repressiya siyasətinin kədəri çökmüşdü Azərbaycana. Ancaq o ilin yaddaqalan hadisələri arasında sevincli olanlar da vardı. Onlardan biri Bakıda təşkil olunan Azərbaycan Respublikası Həmkarlar İttifaqının bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi idi. Şövkət Ələkbərova müsabiqənin qalibi seçildi. Tədbirin yekun konserti 1938-ci ilin əvvəllərində Opera Balet Teatrında keçirildi. Münsiflər heyətində əyləşən Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov, Bülbül başqa sənətkarların qarşısında "Qarabağ şikəstəsi"ni oxudu. İfasını dinləyənlər bəyəndilər, təqdir etdilər. Dahi Üzeyir bəyin dəvəti işə qəbul edilməsi ilə Şövkət Ələkbərovanın həyatında yeni dövran başladı.

 

 

 

Zirvələrə doğru

 

 

 

Üzeyir bəy Hacibəylinin dəvəti ilə Azərbaycan Dövlət Xorunda işə başlayan Şövkət Ələkbərova çox sonralar özü etiraf edib ki, o zaman dördsəsli xorda oxumağı ona çox şey verib: "Bu gün müxtəlif üslublu, müxtəlif dəst-xətli ansamblların, orkestrlərin müşayiətilə oxuya bildiyim üçün ilk növbədə Üzeyir bəyə, onun yaratdığı xora borcluyam. Musiqi ilə məşğul olmayan adamlar üçün bəlkə orkestrlə oxumaq çox asan görünür. Lakin bu belə deyildir. Trio ilə oxumaqla simfonik orkestrin müşayiətilə oxumağın arasında yerlə-göy qədər fərq var. Xorda səsin imkanları genişlənir, səs cilalanır, "üzüyola", həm ifadəli olur". Müğənni xorda "Yar gülə-gülə", "Aman nənə", "Ay ləli", "Tello", "Ay bəri bax", "Ləli" xalq mahnılarını, Üzeyir bəy Hacıbəylinin "Kolxoz çöllərində", "Komsomolçu qız", "Qızıl əsgər" mahnılarını oxuduğunu yada salırdı.

Çalışdığı kollektivin konsertlərinə Üzeyir bəy Hacıbəylinin dirijorluq etməsi, onun məsləhətləri, nəsihətləri gənc müğənni üçün elə ən mükəmməl musiqi təhsili idi.

Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdi. 1938-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının Mahnı rəqs ansamblının solisti oldu.

1941-ci ildə II Dünya müharibəsi başladı. Şövkət Ələkbərova da müharibənin səfərbər etdiyi sənətkarlardan biri oldu. Müharibə onun qardaşlarını - Mirələkbər, Paşa Bağırı da alıb aparmışdı.

1945-ci ilin 9 Mayını - Qələbə gününü Şövkət Ələkbərova da çoxları kimi qüssəli sevinclə qarşıladı. Qardaşı Mirələkbər müharibənin qurbanı olmuşdu.

 

 

 

"Qocalırıq, … ömür keçir, gün keçir"

 

 

 

Şövkət Ələkbərova 1945-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblının solisti oldu. Həmin ildən Azərbaycan Dövlət Filarmoniyasının, sonralar "Azkonsert"in solisti kimi fəaliyyət göstərdi. 1954-ci ildə Əməkdar artist, 1959-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.

Azərbaycan bəstəkarlarının bir çox mahnısı ilk dəfə Şövkət Ələkbərovanın ifasında eşidilir, şöhrətlənirdi. O, yaradıcılığı boyu xalq mahnılarının, muğamların, Üzeyir bəy Hacıbəyli, Cahangir Cahangirov, Səid Rüstəmov, Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, Qənbər Hüseynli, Tofiq Quliyev, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Zakir Bağırov, Emin Sabitoğlu, Polad Bülbüloğlu və başqalarının bəstələdiyi mahnıların, kantataların ən gözəl ifaçılarından biri oldu. Repertuarı musiqisevərlərin sevə-sevə dinlədikləri "Mirzə Hüseyn segahı", "Kəsmə şikəstə", "Qatar", "Şahnaz" kimi muğamlarla, Azərbaycan bəstəkarlarının "Neylərəm", "Füzuli" kantataları, "Ayrılıq", "Aldatmayaq bir-birimizi", "Bir könül sındırmışam", "Gedək üzü küləyə", "Dərələr", "Gəl səhərim", "Küsüb məndən", "Məhəbbət", "Ay işığında", "Tellər oynadı", "Bayram şamları", "Durnalar", "Oxu, tar", "Getmə amandı", "Bakı gecələri", "Ay qız", " çiçək", "Qarabağ", "Çay", "Ana", "Axşam", "Sənsən ürəyim", "Tez gəl" və başqa  mahnılarla zəngindir. Müğənninin repertuarında özünəməxsus yeri olan "Oxu, gözəl" adlı mahnının sözlərini şair Səməd Vurğun ona ithafən yazmış, musiqisini Səid Rüstəmov bəstələmişdi.

Şövkət Ələkbərova keçmiş SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşabaşqa ölkələrdə qastrol səfərlərində oldu. Hər yerdə ifası alqışlarla qarşılandı.

İstedadı kino sənətində də unudulmadı. "Ögey ana", "Koroğlu", "Görüş", "Onu bağışlamaq olarmı?", "Bəxtiyar", "Aygün", "Qızmar günəş altında", "Mahnı belə yaranır", "Kölgələr sürünür" və digər filmlərə yazılan mahnıların gözəl ifaçısı oldu.

O, həm də əsl müəllim idi. Azərbaycanın ayrı-ayrı bölgələrindən istedadlı uşaqların Bakıya gətirilməsinə səy göstərirdi. Onlar Bülbül adına Orta İxtisas Məktəbində və Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsillərini davam etdirirdilər.

Mehriban qayğıkeş ana idi. Özünün iki övladı ilə bərabər, müharibədə həlak olan böyük qardaşının, həm anasız qalan qızına analıq edirdi. Qardaşı Mir Şəfehin iki övladını da evində saxlayır, onlara da qayğı göstərirdi.

O, güclü qadın idi. Səhnə fəaliyyətinə maneələr yaratmağa çalışanlar olsa da, ruhdan düşdü, geri çəkildi.

İlk evliliyində xoşbəxt olmadı. Hərbi həkimlə ailə həyatı qurdu. Qızı dünyaya gəldi. Adını Natella qoydular. Deyilənlərə görə, hərbi həkim hədsiz qısqanc olduğu üçün ailə dağıldı. Sonra o, müharibəyə getdi geri dönmədi.

İkinci həyat yoldaşı, kinorejissor Lətif Səfərovla isə 1955-ci ildə "Bəxtiyar" filminin çəkilişləri zamanı tanış oldu. Şövkət Ələkbərova filmdə Bəxtiyarın mahnılarını səsləndirirdi. Ailə qurdular. Bu evlilikdən Bəşir adlı övladı dünyaya gəldi.

1963-cü il 9 dekabr gecəsi Şövkət Ələkbərovanın həyatının ən dəhşətli gecəsi oldu. Qırx üç yaşlı kinorejissor Lətif Səfərov ov tüfəngi ilə intihar etdi. Səbəbi sirr olaraq qalan bu intihar barədə çox danışıldı...

İllər sonra tale yenə Şövkət Ələkbərovanı çox ağır imtahana çəkdi. Qızı Natella çarəsiz xəstəliyə düçar oldu. Qızının ölümündən sonra Şövkət Ələkbərova tanınmaz hala düşdü. Son günlərində özünə qapandı. Ailə üzvlərindən başqa heç kimin yanına gəlməsini istəmədi. 1993-cü il fevralın 7-də vəfat etdi. Fəxri xiyabanda dəfn olundu.

Həyat onu çox ağır sınaqlardan keçirsə , unudulmazlıq bəxş etdi. Elə buna görə Şövkət Ələkbərova son müsahibəsində "Hər kəsin həyatında narahatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq, mən xoşbəxt insanam", - demişdi.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 20 oktyabr.- S.16.