Könül yarım

 

 

Şəhid Ramiq Mikayılovun həyat yoldaşı: "Onun adı hər zaman məni ucaldır"

 

 

 

Daha həyatlarında bir də heç nəyin əvvəlkitək olmayacağı o son telefon danışıqlarında əyan olmuşdu Könülə... İlk dəfə idi ki, Ramiqin səsində bu qədər nigarançılıq, bu qədər həyəcan duyulurdu. O, həyat yoldaşının ürəyindəki təlatümləri hiss etdiyini büruzə verməməyə çalışsa da, Ramiqin "Könül, müharibədir, hər şey ola bilər, sən güclü ol... Ağanı sənə, səni də Allaha tapşırıram" sözlərini eşidəndə dünya başına fırlanmış, qəlbindən ağrıqarışıq bir üsyan nidası qopmuşdu. Bir andaca taqətdən düşən gənc qadın güclə eşidiləcək səslə ümidsizcəsinə pıçıldamışdı: "Yox, yox, mən heç də sənin sandığın kimi güclü deyiləm, bacarmaram, gəl, özün uşağına sahib çıx, Ramiq..."

Sonra...

 

 

 

İndi o da sozalan payız günəşinə bənzəyirdi

 

 

 

...Araya dərin və vahiməli bir səssizlik çökmüşdü və bu sükutu telefonun bir başından gələn partlayış, o biri başından eşidilən hıçqırıq səsləri pozmuşdu...

Beləcə, sevən iki qəlb, həyat yoldaşı, ata-ana bütün həyat səhifələrini elə o bir neçə dəqiqədə baş tutan telefon danışığında çevirmiş, birgə keçmişə aid xatirələrinə də, gələcəyə dair ümidlərinə də ötəri nəzər salaraq birdəfəlik nöqtə qoyub bağlamışdılar. O an dillərinə gətirməsələr də, hər ikisi qoşa çıxdıqları ömür yolunun zalım ayrılığa tuş gələrək ikiyə bölünəcəyini dəhşətlə hiss etmişdilər.

Sentyabrın 30-u 2020-ci il idi...

Artıq gün əyilir, hava yavaş-yavaş toranlaşır və aləm qaranlığa büründükcə, onun da üzərinə vahiməli bir ağırlıq çökürdü. Bu dözülməz sıxıntıdan can qurtarmağa çalışan gənc qadın pəncərələri taybatay açıb, üfüqdə sozalan payız günəşinin arxasınca həsrətlə baxırdı... Nədənsə indi o da özünü üzərinə zülmət çökən son baharın o solğun günəşi kimi çox köməksiz və çarəsiz hiss edirdi...

Övladı görməsin deyə gözlərindən muncuq-muncuq süzülən yaş damlalarını gizlincə silə-silə özünü toxtatmağa, bəd fikirləri qəlbindən qovmağa çalışırdı. Daha Könül bilmirdi ki, çox keçmədən tale ona həyatının ən ağır zərbəsini vuracaq, cəmi bir neçə saat əvvəl danışdığı Ramiqin şəhidlik xəbəri ilə dünyası siyaha boyanacaq...

 

 

 

Bir könüldən min könülə

 

 

 

Ramiqlə Könül 2013-cü ildə tanış olmuş, gənclər elə ilk baxışdan bir könüldən min könülə vurulmuşdular bir-birlərinə. Cəmi bir ildən sonra isə həyatlarını birləşdirmiş, sentyabrın 25-də qız toyu, 27-də isə oğlan toyu olmuşdu. Ramiq hələ o zaman hərbi məktəbin sonuncu kursunda idi.

1993-cü il yanvarın 25-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olmuşdu Ramiq Namiq oğlu Mikayılov. 1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almış, daha sonra 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirmişdi.

Ramiq Mikayılov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdi. O, hərbiyə olan sevgisi, istedadı, şəxsi əzmi sayəsində hələ çox erkən, cəmi 27 yaşında qərargah rəisi vəzifəsinə yüksəlmişdi. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyi üçün "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medallarına layiq görülmüşdü.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da Xocavənd uğrunda gedən döyüşlərdə Ramiq Mikayılov şəhadətə yüksəlib. Qəhrəman şəhid doğulduğu Ovçulu kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən, Ramiq Mikayılov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

 

 

"Bir gün bir mərmi məni sənin həyatından ala bilər"

 

 

 

Ramiq Könüllə ilk görüşlərinin birində ona demişdi: "Könül, unutma, bir gün bir mərmi məni sənin həyatından ala bilər".

Amma Könül bu dəhşətli gerçəkliyi heç zaman qəbul etməmiş, qətiyyətlə fikrindən çıxarmağa çalışmışdı.

İndi Ramiqin hər sözünü, hər kəlməsini dönə-dönə yenidən ürək ağrısı ilə xatırlayan Könül deyir ki, hər zaman elə bil təbiət də bizim tezliklə ayrılacağımıza işarə vururdu.

- Qəribədir ki, hər dəfə Ramiq məzuniyyətə gələndə günəşli gün olsa da, yağış yağardı. Mən də hər dəfə ona zarafatla deyərdim ki, "ay Ramiq, sən niyə hər dəfə evə yağışla gəlirsən?" O isə hər dəfəsində üzümə baxıb gülümsəyər, deyərdi ki, "hələ bu nədir ki, Könül, mən öləndə tabutuma üçrəngli bayraq bürünəcək ha, bax, onda göylər də ağlayacaq, yerlər də..."

Ramiqi gördüyüm son gün, sentyabrın 22-də axşam işdən evə gələndə işıqlar söndü, səhərə qədər yanmadı. Sanki Allah həyatımın işıqlarının sönəcəyini qabaqcadan bildirir, məni buna hazırlayırdı.

 

 

 

Sınıq xatirələr

 

 

 

Könül söyləyir ki, Ramiqlə birlikdə keçirdikləri cəmi altı illik qısa zaman onun üçün bir ömrə bərabər olub.  Baxmayaraq ki, heç bu altı ilin özünü də ürəkdolusu birgə yaşaya bilməyiblər.

- Övladımız Ağaseyid 2015-ci ilin iyul ayında dünyaya gəlib. O zaman Ramiq cəmi 10 gün yanımızda ola bildi, daha sonra Ağcabədidə xidməti vəzifəyə getdi. Oradan mənə zəng vurdu ki, biz müvəqqəti ayrı qalmaq məcburiyyətindəyik, sizi bura gətirə bilmərəm. Mən Astarada anamgildə qaldım. Ramiq yanımıza yalnız məzuniyyət vaxtı gəlirdi. 6 il ailəli olduq, amma bu illər ərzində aramızda həsrət, hicran çox oldu. Hər zaman deyirəm ki, Ramiq mənim itməyən təqvimim oldu,  ilboyu şənbə-bazarları, həftələri, ayları sayırdım ki, o, məzuniyyət götürüb yanımıza gələcək. Amma Ramiq gələndə bizə bütün bu çətinliklərimizi unutdururdu. Çox ailəcanlı, mehriban, qayğıkeş idi. Yanımızda olduğu günlərdə həyatımız o qədər şən, sevincli keçirdi ki, ayrılığı yaddan çıxarırdıq. Ramiq özü də deyirdi ki, "səninlə Ağa üzümə qapını açanda, elə bilirəm ki, bütün iş yorğunluğum canımdan çıxır..."

Düzdür, həyatımı Ramiqlə birləşdirəndə hərbçi həyatının çox çətin olduğunu bilirdim. Amma bu çətinliyi bilə-bilə onu seçdim və əgər bir daha dünyaya gəlsəm, sonumuzun ayrılıq olduğunu bilsəm belə, təkrar onu seçərdim. Ramiq əsl vətənpərvər Azərbaycan oğlu, sədaqətli həyat yoldaşı, qayğıkeş ata idi.

 

 

 

"Yaralı olsam da, sürünə-sürünə özümü sənə yetirəcəm"

 

 

 

2020-ci ilin avqustunda Ramiq Ağcabədinin Qiyaməddinli kəndində ev tutaraq, birdəfəlik ailəsini yanına aparır. Amma nə yazıq ki, ailənin bu xoşbəxt və sevincli günləri cəmi 23 gün sürür. Bu 23 gün həm də həyatda üçünün birlikdə keçirdiyi son günlər kimi silinməz izlərlə Könül və balaca Ağanın yaddaşına ömürlük həkk olunur. Bu 23 gün Könülün son Ramiqli, Ağanın son atalı günləri olur.

- Sentyabrın 22-də gecə Ramiq işdən gəldi ki, bizi anamgilə yola salsın, özü də qayıdıb işə gedəcəkdi. Maşın gələnə qədər xeyli söhbət etdik. Artıq Ramiq işə dönməliydi, o bizimlə görüşəndə Ağa atasının ayaqlarını qucaqladı ki, "ata, sən də gəl bizimlə gedək"... O isə dedi ki, "atam (o, Ağanı belə çağırırdı), indi get, bir-iki günə yenə gələcəksiniz yanıma".

Nədənsə mən də kövrəlmişdim, elə bil nəsə ürəyimə dammışdı, görüşəndə dedim, "elə bilərsən ki, yanımda hər kəs var, anam, atam, bacı-qardaşım. Amma bilirsən ki, yanımda Ağa olsa belə həyatımda kimsə səni əvəz edə bilməz mənə".

O da kövrəldi, "narahat olma, mən yaralı olsam da, sürünə-sürünə özümü sənə yetirəcəm..." dedi.

 

 

 

O gün göylər də ağlayırdı...

 

 

 

- Sentyabrın 27-dən sonra Ramiqlə telefonla danışırdıq, deyirdi ki, hər şey yaxşıdı, narahat olma. Amma televiziyadan cəbhədəki xəbərləri izləyirdim, daim narahatlıq içərisindəydim. 30-u günü səhər də, günorta da danışdıq. Nədənsə bu dəfə dedi ki, "işdir, nəsə olarsa, Ağa sənə əmanətdir". Ağayla da danışdı, ona da dedi ki, "məndən sonra evin kişisi sənsən, anandan muğayat ol".

Amma onda hər şeydən bixəbər körpəmin dilində bircə söz var idi ki, "ata, nə vaxt gəlirsən bizi də yanına aparmağa?"

Üzərindən heç bir neçə saat keçməmiş Ramiqin qara xəbərini aldım.

O, komandanlığın əmri olmasa belə döyüş yoldaşlarını tək buraxmamaq üçün əslində gecə getməli olduğu Xocavəndə yollanmışdı. Demişdi ki, yolu yaxşı tanıyır və getməsə olmaz. Həmin vaxt Ramiq digər 5 hərbçi yoldaşı ilə birgə Xocavəndə yola düşür. Bu zaman yolda düşmən onların maşınlarını atəşə tutur. Ramiq üç döyüşçü yoldaşı ilə birgə orada şəhadətə yüksəlir, iki nəfər isə yaralanır.

Ramiqin şəhidlik xəbərini eşitdikdən sonra mən Astaradan Şamaxıya necə getdiyimi bilmədim, orada Ramiqi nə halda gözlədim. Onun tabutunu üçrəngli bayrağa bürünmüş halda gətirdilər. O gün düz 11 saat Ramiq mənim bu dünyadakı ən əziz qonağım oldu. Eləcə səssiz, səmirsiz uzanmışdı, bizə hay da vermirdi. Ağa gəlib atasının tabutunu qucaqlayıb qışqırırdı ki, "ata, bəlkə oyanasan?" Onu birtəhər tabutdan uzaqlaşdırırdıq, amma uşaq yenidən qayıdıb gəlirdi, atasını çağırırdı, "ata, mənə cavab ver" deyirdi.

Artıq Ramiqin nəşini götürüb əbədi yolçuluğa uğurlayanda, hər zaman özünün də dediyi kimi, qəfil günün üzü tutuldu, göylər belə başladı tabutun üstünə ağlamağa...

Onda göyə baxıb çığırırdım ki, "Ramiq, sən arzuna yetdin. Əvvəl dediyin üçrəngli bayraqla gəldin, indi də göylər ağlayır. Eşidirsənmi məni, ay vəfasız, dur ayağa".

Günlərlə Ramiqin məzarından ayrıla bilmirdim, o torpaqdan elə bil Ramiqin gözəl ətri gəlirdi...

Ondan sonra mənim üçün həyat dayanıb. Biz ailə quranda cəmi 19 yaşım var idi, şıltaq, dəcəl bir qızcığaz idim, o mənim nazımı körpə uşaq kimi çəkirdi. İndi böyümüşəm, qocalmışam, təqvimlə 27 yaşım olsa da, ruhən özümü 50 yaşında hiss edirəm.

Rəqəmlərin mistikasına heç zaman inanmamışam, amma mənim həyatımın xoş rəqəmləri nədənsə çevrilib siyah oldu. Sentyabrda doğum günümü, evlilik ildönümümüzü qeyd edirdim. Amma o, bir anda dəyişdi, mənim sentyabrım qara oldu.

 

 

 

"Bir zamanlar sevinclə keçən yaşantılarımızı indi gözyaşıyla xatırlayıram"

 

 

 

- Ramiq məndən zamansız getdi, ayrılıq qapımızı çox tez döydü. Ürəyimiz istədiyi kimi bir-birimizin yanında ola bilmədik. Yenicə çətin günlərimizi arxada qoymuşduq ki, fələk imkan vermədi, ömürlük ayrılıq divarı hördü aramıza. Bir zamanlar sevinclə, təbəssümlə keçən yaşantılarımızı indi gözyaşlarıyla xatırlayıram.

Gecələr nağıl əvəzinə oğlumuza Ramiqlə aramızda olan sevgidən, atasının vətənpərvərliyindən, igidliyindən danışıram. Təsəllim odur ki, indi oğlumuzun timsalında mən yenidən bir Ramiq böyüdürəm. Vətənpərvər, bayrağına dəyər verən, şəxsiyyətli bir insan.

Ramiq gedişi ilə mənə sağalmaz yara vursa da, demə bütün gücünü, cəsarətini də verib gedibmiş. Bu gün mən hətta bir qadın üçün çətin olan işlərin öhdəsindən də Ramiqin ruhundan, onun mənə əmanəti olan Ağanın gözlərindən güc alaraq gəlirəm. 

Düşünürəm ki, o, hər zaman mənimlədir, tez-tez yuxularıma gəlir, həmişə də deyir ki,  niyə ağlayırsan, axı mən heç hara getməmişəm, burada yanındayam.

Ramiqin yoxluğunun ağrı-acısını sözlə ifadə etmək çox çətindir. Amma həm də qürurlu şəhid xanımıyam. Axı mən Ramiqin, sevib evləndiyim, fəxarət duyduğum şəxsiyyətli Azərbaycan kişisinin həyat yoldaşıyam. Onun adı  hər zaman məni ucaldır. Hər dəfə kimsə deyəndə ki, şəhid Ramiq Mikayılovun həyat yoldaşıyam, onda qürurumu yerə-göyə sığdıra bilmirəm. Çünki Ramiq mənim üçün sağdır. Ruhu hər zaman mənimlədir və bütün günü evdə təkbaşına onunla danışıram.

 

 

 

Ramiqdən sonra...

 

 

 

2020-ci il sentyabrın 30-da o, təkcə Ramiqi yox, sevdiyi insanla birgə bütün arzularını, xəyallarını, sevincini, xoşbəxtliyini də dəfn etdi. Ömrünün yazında zimistana yaxalandı, gecədən qara saçlarına bəyaz qar dənləri ələndi. Gənclik eşqi ilə çarpan ürəyinə qəmdən kölgə düşdü, üzünə kədər cığır saldı, könlü yaralandı.

Ramiqdən sonra o, bu həyata sadəcə bir amala yetmək üçün bağlandı. Həyat yoldaşına söz verdiyi kimi, güclü olacaq, onun əmanəti Ağanı şəhidimizin şöhrətli adına yaraşacaq şəkildə böyüdəcək. Ağa da vətənini sevən qürurlu zabit olacaq. Elə qəhrəman şəhidimiz Ramiq Mikayılovun arzularında olduğu kimi...

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 19 oktyabr.- S.7.