Xarici səyyahlar
Qarabağ və Şərqi Zəngəzurda
erməni vəhşiliyinin şahidi oldular
Onlar bunu ölkələrinin ictimaiyyətinə
çatdıracaqlarını bildirdilər
Azərbaycanlılar artıq əbədi olaraq qədim yurd yerlərinə qayıdırlar. O yerlərə ki, otuz ilə yaxın Ermənistanın işğalında qalmışdı. Yağı düşmən həmin ərazilərdəki tikililəri yerləyeksan etmişdi, təbii sərvətlərini talamışdı. Azərbaycan xalqı kimi, onun maddi, mənəvi, tarixi irsi də soyqırımına uğramışdı.
44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımızın ölkəmizə qazandırdığı zəfər bu əzəli torpaqlarımızın - Qarabağın və Şərqi Zəngəzurun xilası oldu. Artıq Azərbaycan azad olunmuş ərazilərinin sürətlə bərpasına başlayıb. İki ilə yaxındır ki, genişmiqyaslı tikinti-bərpa, quruculuq işləri həyata keçirilir. Azərbaycan postmüharibə dövründə diplomatik müstəvidə də uğurlu nəticələr əldə edib. İşğaldan azad edilmiş ərazilərimizə səfər edən müxtəlif ölkələrin diplomatları, rəsmi şəxsləri, jurnalistləri, səyyahları və digər nümayəndələri quruculuq işləri ilə tanış olurlar. Səyyahlar azad olunmuş ərazilərimizin hər yanında infrastrukturların sürətlə tikildiyini, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verildiyini, Şuşada möhtəşəm layihələr həyata keçirildiyini və digər rayon mərkəzlərimizin müasir formada yenidən qurulduğunu görürlər.
Bu səfərlər zamanı dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar eyni zamanda həmin ərazilərin işğal müddətində ermənilər tərəfindən bütün infrastrukturun məhv edildiyinin, mədəni-tarixi abidələrin dağıdıldığının, ekologiyaya qarşı terror törədildiyinin şahidi olurlar. Dünya səyyahları Qarabağa, Şərqi Zəngəzura səfərlərində gördükləri bu acınacaqlı mənzərələrə həm təəccüblənir, həm də təəssüflənirlər.
Ötən bir il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), "Nomadmania" klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Keçən ilin sentyabrında kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edən xarici səyyahlar Ağdamda, sonra Şuşada olublar. Müxtəlif ölkələrdən olan 30-dan çox dünyaşöhrətli beynəlxalq səyyah Yuxarı Gövhər ağa məscidinə gediblər. Qonaqlara 30 illik işğal dövründə dini abidələrin, həmçinin məscidlərin erməni vandallığına məruz qaldığı barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb. Beynəlxalq səyyahlar şəhərin işğal dövründə erməni vandalizminə məruz qalmış qala divarları ilə tanış olublar. Zəfərdən sonra qalada təmir-bərpa işləri aparıldığını görüblər. Belçikadan olan səyyah Maselis Patrike deyib: "Bu gün biz Ağdamda olduq, oradan isə Şuşaya gəlmişik. Azad edilmiş ərazilərdə qısa müddət ərzində geniş bərpa işləri aparılıb. Ağdam Qafqazın Xirosiması sayılır. Mən orada dağıntıları gördüm. Ümid edirəm ki, ora artıq Xirosima olmayacaq".
Səyyah Sonriza Rasko bildirib: "Biz müharibənin olmasını istəmirik. Biz gördük ki, Azərbaycan artıq işğaldan azad edilmiş əraziləri bərpa edir. Bu, çox yaxşıdır".
ABŞ-dan olan səyyah Gina Moreno işğaldan azad edilmiş ərazilərdəki çoxsaylı dağıntıların arxasında insan faciəsinin dayandığını qeyd edib: "Bu, bizi kədərləndirir. Bu dağıntıların aradan qaldırılması isə bizi sevindirir".
Dünyanın 21 ölkəsindən olan tanınmış səyyahlar bu ilin fevralında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunan səfər proqramı fevralın 16-da Şuşa şəhəri ilə tanışlıqla başlayıb. Həmin gün qonaqlar Ağdamda da olublar. Polşalı səyyah Daniel Zaqrodski gördüyü mənzərələrdən sarsıldığını dilə gətirib: "Yolboyu gördüyüm dağıntılar sadəcə dəhşətdir. Bir zamanlar kəndlərin olduğu ərazilərdə indi heç nə qalmayıb, hər şey dağıdılıb, silinib. Mən bu yerlərin çoxlu şəkillərini çəkdim. Ağdamdakı görüntülər kədərlidir. Bura "ruhlar şəhəri"nə çevrilib..."
Səfər proqramı Laçın və Kəlbəcər rayonlarını əhatə edib. Qonaqlar Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər tuneli qarşısında ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsini yad ediblər. Sonra Kəlbəcərin İstisu qəsəbəsinə gediblər. Onlara məlumat verilib ki, burada məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və sanatoriyası ilə bütün dünyada tanınıb. Daha sonra qonaqlar Laçın dəhlizindən keçiblər. Onlar yolboyu ətrafda ermənilər tərəfindən dağıdılmış binalara və tikililərə baxıblar.
İyunda 10 ölkədən - Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən gəlmiş 24 səyyah və bloqçudan ibarət qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub. Şuşa, Ağdam, Zəngilan rayonlarına səfər edən qonaqlar həmin ərazilərdə erməni vandallığını öz gözləri ilə görüblər. Həmçinin Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.
Sentyabrın 8-dən isə dünyanın 20-dən
çox ölkəsindən 40-a yaxın
beynəlxalq səyyah Qarabağ və
Şərqi Zəngəzurda səfərdə olublar.
Səfərin davam etdiyi
üç gün ərzində
beynəlxalq səyyahlar Şuşa-Ağdam,
Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl
marşrutları üzrə hərəkət ediblər. Heyətin rəhbəri dünyanın ən nəhəng
dörd səyyah klubundan
biri olan ABŞ-ın
MTP (Most Travelled People (Ən çox Səyahət
Edən İnsanlar) klubunun
təsisçisi Şarl Veley
olub. Qonaqlar səfərin
ilk günü Ağdama və Şuşaya
gediblər. Növbəti gün Xocavənd
və Füzuli rayonlarında olub, işğal zamanı
həmin ərazilərdə ermənilər tərəfindən
törədilən vandalizm və azad olunan ərazilərdə
tikinti-quruculuq işləri ilə
maraqlanıblar. Səyyahlar azad olunmuş ərazilərdə mina
təhlükəsini, quruculuq və bərpa
işlərini, erməni vandalizmi
haqqında öz fikir
və rəylərini dilə gətiriblər.
Bolqarıstanlı səyyah Anna Pelova vurğulayıb ki,
beynəlxalq ictimaiyyət diqqətini yalnız müəyyən
ölkələrə yönəltməməlidir, onlar mina problemi
ilə üzləşən hər kəsə, eləcə də
Azərbaycana kömək etməyə borcludurlar.
Səyyah deyib: "Əminəm ki, bu bölgənin turizm üçün böyük potensialı var.
Burada ilk turistlər bizim kimi ekstremal
idmanı sevən turistlər olacaq. Biz İspaniyaya, Portuqaliyaya, Fransaya uçmaqda maraqlı deyilik. Bizdə emosional iz buraxan,
yaxşı hekayə
danışa bilən
yerləri sevirik.
Çünki sonda biz biganə
qalmayacağıq. Bundan
əlavə, Azərbaycanın
çox gözəl təbiəti, xoş xasiyyətli, mehriban insanları var. Azərbaycanlılar
bərpa işlərini
başa vurduqda, şübhəsiz ki, nəinki turistləri, hətta beynəlxalq təşkilatları, mətbuat
nümayəndələrini də cəlb etmək imkanı olacaq ki, bu
da Azərbaycanın möhtəşəm və
təhlükəsiz ölkə
olması faktlarının
yayılmasına kömək
edəcək".
Böyük Britaniyadan gələn
London Universitetinin tarixçisi,
Yaxın Şərq üzrə ekspert Furkan Cavaid Qarabağ
münaqişəsinin faciəli
olduğunu, ancaq xoşbəxtlikdən Azərbaycanın
öz ərazilərini
erməni işğalından
azad etdiyini vurğulayıb: "Tikinti-bərpa
işlərinin, xüsusən
də Şuşada nə qədər sürətlə aparıldığı
heyrət doğurur. Şəhər əlbəttə ki, turizm mərkəzinə
çevriləcək. Məscidlərin, mədəni və
tarixi irsin bərpası təkcə
Azərbaycan mədəniyyəti
üçün deyil,
ölkəyə gələn
qonaqlar üçün
də mühüm məqamdır. Azərbaycan bu
istiqamətdə çox
gözəl işlər
görür". Səyyah erməni
vandalizminin qəbuledilməz
olduğunu söyləyib.
Bildirib ki, qarşı tərəfin tarixinə, adət-ənənəsinə hörmətlə
yanaşmaq lazımdır,
müharibə olsa belə obyektləri, binaları dağıtmaq olmaz. Furkan Cavaid deyib ki,
beynəlxalq ictimaiyyət
və təşkilatlar,
həmçinin UNESCO boş
dayanmamalı, çoxtərəfli
həllər hazırlamalı
və minatəmizləmə
səylərini dəstəkləməlidirlər:
"Əks halda münaqişələr uzun
müddət davam edir. Məsələn, Anqolada onilliklər
keçməsinə baxmayaraq,
insanlar hələ də mina partlayışlarının
qurbanına çevrilir,
əl-qolunu itirirlər.
Ona görə də dünya təşkilatları
mütləq öz dəstəklərini verməlidirlər,
kənarda qalmamalıdırlar".
Almaniyalı səyyah Yorgen Kuller bildirib ki, Şuşa
və Ağdama səfər zamanı yolboyu çoxlu dağıntılar görüb:
"Eyni zamanda yeni evlər, hotellər, mağazalar gördüm, fəal tikinti işləri gördüm, yeni yolu gördüm, bu, məni çox
heyrətləndirdi".
Danimarkalı səyyah Matte Mikkelsen
isə deyib: "Sevindiricidir ki, Azərbaycan Qarabağda ekoloji dayanıqlı layihələrə investisiya
qoyur. "Ağıllı
kənd" konsepsiyası
təkcə "ağıllı"
layihələrə deyil,
həm də ekoloji dayanıqlı layihələrə investisiyalar
baxımından kifayət
qədər maraq kəsb edir".
Hər gəlişlərində
işğaldan azad edilmiş ərazilərimizdə
sürətlə aparılan
quruculuq işlərindən
təəccüb və
məmnunluqla danışan
xarici səyyahlar çox keçməyəcək
ki, Qarabağ və Şərqi Zəngəzurda həyatın
həmişəlik öz
axarına düşdüyündən,
yerli sakinlərin geri dönüb firavan yaşadıqlarından
bəhs edəcəklər.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-2022.- 19 oktyabr.- S.9.