İndi Azərbaycan həm də beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşduğu məkandır

 

Əsrlərboyu qədim İpək yolunun əsas qovşağı olan Azərbaycan bu imkandan faydalanaraq Şərq və Qərblə qarşılıqlı faydalı ticarət əlaqələri qurmuşdur. Azərbaycanda iri şəhərlərin yaranması və onların ticarət mərkəzləri kimi formalaşması da bununla bağlı idi. Təəssüf ki, Azərbaycanın əvvəl çar, sonralar bolşevik Rusiyası tərəfindən işğalı bizi bu imkanlardan məhrum etmişdir.

Müstəqilliyimizə yenidən qovuşduqdan sonra Ümummilli Lider Heydər Əliyev tarixi imkandan yenidən faydalanmaq barədə qərar qəbul etdi. Ulu Öndər bu istiqamətdə ciddi diplomatik səy göstərərək "Şərq-Qərb" nəqliyyat marşrutu olan TRASEKA-nın formalaşmasına nail oldu. Amma bu, bir başlanğıc idi. Sonralar Prezident İlham Əliyev bu siyasəti 19 il uğurla davam etdirərək Azərbaycanı dünya əhəmiyyətli nəqliyyat qovşağına çevirdi.

Yaşadığımız XXI əsr sürət əsridir. İndi çox şeyin dəyəri sürətlə ölçülür. İnternetin, avtomobilin, qatarın, gəminin, təyyarənin sürətlisi daha qiymətlidir. Bu faktor dünya ticarət əlaqələrində də xüsusi əhəmiyyət kəsb edir.

Hazırda dünya ticarətinin 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Əvvəllər bu, yükgöndərən və yük qəbul edən tərəfləri qane edirdi. İndiki sürət əsrində isə hər iki tərəf ticarət əlaqələrinin tez bir zamanda icra olunmasında maraqlıdır. Bu üzdən dünyanın nəhəng istehsalçıları ilə idxalçıları alternativ yolların axtarışına çıxıblar.

Rusiya Çin və Şərqi Asiya ölkələrinə Trans-Sibir dəmir yolundan istifadəni təklif edirdi. Bununla yanaşı, şimal qonşumuz ikinci Trans-Sibir dəmir yolunun tikilməsi təşəbbüsünü də irəli sürmüşdü. Rusiya həmçinin yüklərin Avropaya və geriyə daşınması üçün Şimal Buzlu okean marşrutunu da təklif edirdi. O, bunu ilin bütün fəsillərində yüklərin daşınmasına imkan yaradan güclü buzqıran donanmasının olması ilə əlaqələndirirdi. Lakin Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun bütün istəklərinə son qoydu. Qərb-Rusiya qarşıdurmasının illərlə çəkəcəyi fikri həm Qərb, həm də Rusiya siyasətçiləri tərəfindən açıq şəkildə söylənilir. Üstəlik, məlum sanksiyalar üzündən ciddi fikir ayrılıqlarına malik olan tərəflərin yenidən iqtisadi münasibətləri və nəqliyyat əlaqələrini nə vaxt bərpa edəcəyi bilinmir.

Qeyd etdiyimiz faktorla bağlı dünya Trans-Xəzər marşrutunu ən məqbul variant sayır. Bu nəqliyyat dəhlizi yüklərin tez, təhlükəsiz və sərfəli tariflərlə daşınmasına imkan yaratdığı üçün bütün tərəflərə sərfəlidir. Üstəgəl, bu marşrut texniki parametrlərə görə də etibarlıdır. Yəni Trans-Xəzər nəqliyyat dəhlizi mükəmməl texniki bazaya malikdir.

Trans-Xəzər marşrutunu ticarət tərəfdaşları üçün cəlbedici edən amillər güclü dəniz donanması və Ələt Beynəlxalq Ticarət Limanıdır. Belə ki, bu limanın illik yükötürmə qabiliyyəti tezliklə 25 milyon tona çatacaq. Liman vasitəsilə həmçinin ildə 1 milyon konteyneri qəbul edib yola salmaq mümkündür. Artıq qətiyyətlə söyləmək olar ki, Ələt Beynəlxalq Ticarət Limanı dünyanın ən böyük ticarət limanlarından biridir. Elə buna görə son dövrlər bu limana təkcə Şərq ölkələri deyil, Avropa İttifaqı da böyük maraq göstərir.

Bəs bu nəqliyyat dəhlizinin üstünlükləri nədir? Birincisi, o, yüklərin daşınmasında vaxt və qiymət baxımından tərəflər üçün əlverişlidir. Yəni yüklərin nəqli alıcılar üçün tezucuz başa gəlir. İkincisi, yüklərin mənzilbaşına vaxtında çatdırılması üçün bütün texniki imkanlar mövcuddur. Məsələn, Asiyadan Avropaya göndərilən yüklərin Xəzər dənizinin üzərindən tez çatdırılması üçün güclü bərə donanması mövcuddur. Ən başlıcası, yüklərin bu marşrut üzərindən daşınması təhlükəsizdir. Odur ki, dünya Trans-Xəzər marşrutunu ən etibarlı yükdaşıma vasitəsi hesab edir.

"Şərq-Qərb" nəqliyyat dəhlizi ilə yüklərin daşınma müddətini 12 gündən 10 günə endirmək mümkündür. Bu fikir Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğluya məxsusdur. Nazir vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb. Odur ki, Orta dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır: "Anadolunun qərbindən başlayaraq şərqə uzanan bu yol ticarətin fərqli qitələrə, hətta dünyaya yayılmasına imkan verir. Çindən Avropaya gedən yük qatarı Orta dəhlizi və Türkiyəni seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da AsiyaAvropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Belə ki, Süveyş kanalı üzərindən gəmi 20 min kilometr yol qət edir. Orta dəhliz öz imkanları və region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm həlqələrindən biri olacaq. Biz Orta dəhlizi daha da gücləndirəcəyik".

Bir neçə il öncə Süveyş kanalında baş verən gəmi qəzası bir daha göstərdi ki, dünyanın təhlükəsiz alternativ marşrutlara ehtiyacı var. Məlumat üçün bildirək ki, hazırda dünya dəniz ticarətinin 7 faizi bu kanal üzərindən həyata keçirilir. Səbəb çox sadədir. Asiyadan Avropaya və əksinə hərəkət edən gəmilər Afrikanı dolanıb keçdikdə 8 gündən çox vaxt itirir. Süveyş kanalından istifadə isə vaxta qənaət etməklə yanaşı, həm də artıq vəsaitin xərclənməsinin qarşısını alır.

Göründüyü kimi, Süveyş kanalından istifadə dünya ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Marşrutun qəza üzündən bağlanması nəticəsində dünya birjalarında neftin bahalaşması da bunu sübut edir. Xatırladaq ki, bu hadisədən sonra neft məhsullarının qiyməti birdən-birə 5 faiz bahalaşmışdı. Təsadüfi deyil ki, kanalın bağlı qalması hər gün dünya iqtisadiyyatına 10 milyard dollar ziyan vururdu.

Bu gün isə Avrasiya nəqliyyat dəhlizi daha cəlbedicidir. Üstəlik, Zəngəzur dəhlizinin açılması bu marşruta olan marağı daha da artıracaq. Artıq dünyanın nəhəng yükdaşıma şirkətləri yeni marşrutların axtarışına çıxıb. Həmin şirkətlər yüklərin ünvana təhlükəsiz və tez çatdırılması üçün yeni marşrutlara üstünlük vermək istəyirlər.

Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Çindən Finlandiyaya gedən ilk blok qatar yükləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yola salınıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TRACEKA) çərçivəsində Qazaxıstanın Kurik limanından "Ağdam" və "Naxçıvan" gəmi-bərəsi ilə daşınan 54 konteynerdən ibarət blok qatarının birinci hissəsi mayın 27-də Bakı limanına çatdırılıb. Bərə terminalına yan alan yüklərin boşaldılması əməliyyatı operativ formada - 1 saat 45 dəqiqə ərzində icra edilib. "Naxçıvan" gəmi-bərəsində də sənədləşmə işləri tamamlandıqdan sonra boşaldılan yüklər operativ şəkildə alıcılara göndərilib. Finlandiyanın "Nurminen Logistics" şirkətinə məxsus yüklərin əsas hissəsi avtomobil ehtiyat hissələri, plastik məhsullar, tekstil avadanlıqları və qeyri-qida məhsullarından ibarətdir. Konteynerləşdirilmiş formada, platformalar üzərində daşınan bu yüklər Gürcüstanın Poti limanına yola salınaraq oradan Qara dəniz vasitəsilə gəmi-bərələrlə Avropaya - Ruminyanın Konstansa limanına göndərilib. Daha sonra isə blok qatar son təyinat ünvanı olan Finlandiyaya çatdırılıb. Qeyd edək ki, bir müddət əvvəl "Nurminen Logistics" şirkətinin rəhbər heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib, texniki imkanlarla tanış olduqdan sonra blok qatarın məhz bu marşrutla daşınmasına qərar vermişdi.

Hazırda dünya ölkələri daşımaların daha ucuz və təhlükəsiz olan quru və dəmir yolu ilə həyata keçirilməsinə maraq göstərir. Zəngəzur dəhlizinin açılması ilə həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Belə ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi yükdaşımaların etibarlılığını artıran mühüm faktordur.

Amma məlum olduğu kimi, ermənilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmaq istəyirlər. Bu da səbəbsiz deyil. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyənin dünya üçün siyasi əhəmiyyətini daha da artıracaq və nəticədə hər iki ölkə dünyada gedən siyasi proseslərə təsir göstərmək imkanı  qazanacaq. Prezident İlham Əliyev layihəyə əngəl törətmək istəyən qüvvələrə qəti şəkildə xəbərdarlıq edərək demişdir: "İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq".

Bu baxımdan 2020-ci il noyabrın 10-da imzalanmış məlum sənədə Prezident İlham Əliyevin tələbi ilə ilk baxışda məlum münaqişəyə aid olmayan, lakin ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə sayılmalıdır. Həmin maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına imkan verir ki, bu da ilk növbədə muxtar respublikanın nəqliyyat blokadasından çıxması deməkdir. Lakin Azərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası həm də "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizləri ilə bağlı yeni şərait yaradır.

Prezident İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasiiqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, böyük siyasi dividendlər gətirəcək. Əvvəla ona görə ki, Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan qısadır və bu həm yükgöndərən, həm də yük qəbul edən tərəflər üçün sərfəlidir. Dövlətlərarası ticarətdə bu faktora xüsusi önəm verirlər, çünki məsafə qısaldıqca daşınma xərcləri ucuzlaşır. Digər mühüm əhəmiyyət daşıyan fakt isə odur ki, alternativi çox olan hər bir marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir səbəbdən - istər siyasi, istərsə də təbii, yaxud texnogen qəzalar üzündən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırarsa, yüklərin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq.

Məlum sanksiyalar səbəbindən Rusiya bu gün AsiyaAfrika bazarlarına daxil olmağa çalışır. Hazırda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi şimal qonşumuzun əsas ümid yeridir. Onu da qeyd edək ki, Rusiyanın Zəngəzur dəhlizinə maraq göstərməsi də alternativ marşrut əldə etmək istəyi ilə bağlıdır. Zəngəzur dəhlizinin fəaliyyəti Rusiya üçün yeni bir nəfəsliyin açılması deməkdir.

Göründüyü kimi, Azərbaycan "Şərq-Qərb", "Şimal-Cənub" və "Şimal-Qərb" nəqliyyat dəhlizləri kimi regional bağlantıda mühüm mövqeyə malikdir. Ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dünyanın bir çox ölkəsi bu reallığı qəbul edib Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa üstünlük verir. Vaxtilə Azərbaycana bu işdə siyasi əngəl törədənlər indi bizimlə iqtisadi əməkdaşlığa can atırlar.

Prezident İlham Əliyev dövlət başçısı seçildikdən sonra apardığı siyasətin tərkib hissələrindən biri də ölkəmizi beynəlxalq marşrutlar üzrə haba çevirməkdir. Bu siyasət davam edir. Belə ki, dövlət başçısı dəhliz məsələsini oktyabrın 11-də Qırğızıstanda səfərdə olarkən Prezident Sadıq Japarovla da müzakirə etmişdir. Prezident vurğulamışdır ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. İlham Əliyev oktyabrın 13-də Qazaxıstan Prezidenti Kazım-Jomart Tokayevlə görüşərkən ölkəmizin Orta Dəhliz adlandırılan beynəlxalq dəhlizə dəstək verdiyinibildirmişdir.

Dövlət başçısı ölkəmizin nəqliyyat imkanları barədə nüfuzlu regional təşkilat olan Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının iclasında demişdir: "Hörmətli həmkarlar, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb.

Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir".

Bu marşrut yaranışından bəri müxtəlif adlarla adlandırılır. Əsas məsələ odur ki, hansı ad daşımasından asılı olmayaraq "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin qovuşduğu məkan Azərbaycandır.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 19 oktyabr.- S.10.