Şərqi Zəngəzurda Zəfər və Qardaşlıq bayramı

 

 

Bu gün Şərqi Zəngəzurda Azərbaycan-Türkiyə birliyinin növbəti təntənəsi yaşanacaq. Zəngilanın azad olunduğu 20 oktyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə - Şərqi Zəngəzura səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını bir daha dünyaya bəyan edəcək.  Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfər edəcəyini Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "A Haber" televiziya kanalına müsahibəsində deyib.

 

 

 

İlham ƏLİYEV: "Bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq"

 

 

 

Torpaqlarımızın işğaldan azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi tarixə xalqımızın qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Beynəlxalq hüququn işləmədiyi, işğalçının öz adı ilə çağırılmadığı və dolayısı ilə torpaqlarımızın ilhaqına dəstək verildiyi bir şəraitdə Azərbaycan güc yolu ilə öz milli haqqını təmin etdi.

Vətən müharibəsi yeni reallıqlar yaratmaqla yanaşı, həm də məlum həqiqətlərin yeni təntənəsi oldu ki, bunlardan biri də Azərbaycan-Türkiyə qardaşlığıdır. Türkiyə dövləti savaşın ilk günündən sonunadək Azərbaycanın yanında oldu, mənəvi-siyasi dəstəyini əsirgəmədi. Müharibə günlərində və ondan sonra  qardaş dövlətin siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdi, Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi", -deyə Prezident İlham Əliyev bildirib.

 

 

 

İşğaldan azad olunmuş ərazilərə üçüncü, Zəngilana ikinci səfər

 

 

 

Xatırladaq ki, bu, Türkiyə Prezidentinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə üçüncü, Zəngilana isə ikinci səfəri olacaq. İlk dəfə Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də Şuşaya səfər edib. Ötən il oktyabrın 26-da Azərbaycana rəsmi səfərə gələn Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Zəngilana səfər edən prezidentlər həmin gün rayonda "Dost Aqropark"ın təməlini qoymuş, Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşdular. Həmin gün Ağalıda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilmişdi. "Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən, rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki bütün müharibə dövrü ərzində birlikdə idik, bu günbir yerdəyik" - deyə Prezident İlham Əliyev Ağalıda mətbuata bəyanatında bildirmişdi.

Bəli, müharibə günlərində olduğu kimi, Azərbaycan və Türkiyə savaşdan sonra da bir yerdədirlər. İki qardaş dövlətin Vətən müharibəsi sınağından layiqincə çıxan münasibətləri Şuşa Bəyannaməsinin imzalanması ilə yeni keyfiyyət mərhələsinə yüksəldi, daha da möhkəmlənərək yeni strateji məzmun kəsb etdi.

Qarabağın və Şərqi Zəngəzurun bərpasında da iki qardaş dövlət bir yerdədir. Bu gün Türkiyə şirkətləri həyata keçirilən quruculuq işlərində fəal iştirak edir, azad olunmuş ərazilərimizə yeni həyat bəxş olunmasına özlərinin layiqli töhfələrini verirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfəri bir daha təsdiqləyəcək ki, Azərbaycan və Türkiyə müharibədən sonra da bir yerdədirlər. Bu səfər dünyaya bəyan edəcək ki, iki qardaş dövlət böyük qələbədən sonra da ortaq milli maraqlarını birlikdə və qətiyyətlə təmin edirlər.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 20 oktyabr.- S.13.