İlham Əliyevdən ortaq türk dili quruculuğuna davamlı töhfə

 

 

Yüz ildən çoxdur ki, türk aydınları türk xalqları arasında ortaq dil məsələsini həll etmək üçün səy göstərir, təklif irəli sürür, elmi məqalələr yazır, konfranslar keçirirlər. Görülən işlərə rəğmən, təəssüflər olsun ki, bu problem hələ də qalmaqdadır. Etiraf edək ki, ortaq türkcə məsələsində Azərbaycan həmişə daha maraqlı olub, aparıcı rol oynamışdır. Bunun da əsas səbəbi Azərbaycanın geostrateji əhəmiyyətə malik olmasıdır.

Uzun müddət çar Rusiyasının, sovet imperiyasının işğalı altında olan türk xalqları Türkiyədən uzaq düşmüş, həm dil, həm də mədəniyyət baxımından daha fərqli inkişaf prosesi keçmişdir. Amma Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi türk dilləri Oğuz qrupuna daxil olduğu, digər tərəfdən qonşu dövlətlər olduğu üçün bu dil birliyi gündən-günə inkişaf edir. Həmçinin çar Rusiyasının və sovet imperiyasının asılılığında olduğumuz zaman Orta Asiya və digər türk xalqları ilə dərin əlaqələrimiz yaranmışdır. Bütün bunlar birmənalı şəkildə onu göstərir ki, Azərbaycan bu birliyin yaradılmasında əsas rol sahibidir. Biz bunu son illərin siyasi proseslərinə diqqət yetirsək, daha aydın görə bilərik.

Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət türk xalqları arasındakı münasibətlərin güclənməsini bir daha şərtləndirdi. Bu möhtəşəm qələbənin ardından Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Orta Asiyadakı türk dövlətlərinə səfərləri, sonradan türk dövlətlərinin müdafiə, iqtisadiyyat, təhlükəsizlik nazirlərinin birgə görüşləri, ortaq qərarlar alınması bunu bir daha sübut edir.

Bütün bunların fonunda ortaq türk dili məsələsi bir daha gündəmə gəlir və bunun üçün tədqiqatçıların, alimlərin, institutların əməli və ciddi təkliflər verməsini şərtləndirmiş olur. Artıq əlifba mövzusu çözülməkdədir, çünki əksər türk dövlətləri latın əlifbasından istifadə qərarı alıb. Qanı bir, dili bir, ruhu bir türk xalqlarının birinciləri bir araya gələrkən hamımızı düşündürən əsas sual onların öz aralarında hansı dildə danışmaları olur. Yəqin ki, rusya ingilis dillərində. Düzdür, burada Azərbaycan və Türkiyənin problemi yoxdur, lakin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkəmənistan dövlət başçıları ilə rahat ünsiyyətdə çətinlik yaranır. Qırğız və qazaxların da bir-birini rahat anlaması mümkündür. Türkmənistan da Türkiyə və Azərbaycanla ortaq türkcədə danışa bilir. Amma hamısının bir-birini daha rahat anlaması bu gün üçün mümkün deyil. Ortaq türkcə mövzusunda Türkiyə türkcəsinin seçilməsi daha münasibdir. Sonrakı dövrdə təbii yolla ortaq türkcə yaranacaq. Bu gün onsuz da xalqlar öz arasında ortaq ünsiyyət dili kimi Türkiyə türkcəsini qəbul etmişdir. Bu dil hazırda türk xalqları içində ən çox danışılandır. Türkiyə iqtisadi, siyasi, mədəni, hərbi baxımından digər türk dövlətlərindən çox inkişaf edib, dünyada daha çox qəbul edilir.

İngilis, rus dillərini yüksək səviyyədə bilən Azərbaycan Prezidenti də Türkiyə türkcəsinə dərindən hakimdir, nitqində ortaq türkcədən rahat şəkildə istifadə edir. Vətən müharibəsi zamanı Ali Baş Komandanın Türkiyə mətbuatına verdiyi müsahibələri izlədikcə, bir daha şahid olduq ki, İlham Əliyev nəinki Türkiyə türkcəsini çox yüksək səviyyədə bilir, hətta təfəkküründə, bir növ nitqində ortaq türkcəni formalaşdırmışdır da. Həmin dövrdə  Azərbaycan Prezidenti müxtəlif ölkələrin mətbuatına 4 dildə müsahibələr verdi. Bu müsahibələrin əksəriyyəti canlı idiİlham Əliyevin danışa-danışa sürətli və müdrik düşünmə qabiliyyətini bir daha sübut etdi. Türkiyənin televiziya kanallarından gələn müxbirlərin suallarına verilən cavablar məzmunca zəngin idi, həmçinin prezidentimiz azərbaycanca danışmasına baxmayaraq, Türkiyə türkcəsindəki kəlmələrdən ustalıqla elə istifadə edirdi ki, nə Azərbaycan dilinə xələl gəlirdi, nə türkiyəli qardaşlar anlamaqda əziyyət çəkirdi.

Aşağıda verəcəyimiz nümunələrdən görünür ki, İlham Əliyev məhz o kəlmələri, ifadələri türkcə işlədir ki, həmin sözlər Türkiyə türkcəsində ya heç yoxdur, ya da çoxdandır ki, istifadə edilmir. Bu həm də çevik zəkanın göstəricisidir. Nitqi, əsasən, Azərbaycan dilində olsa da, bəzi sözlərin qarşılığını Türkiyə türkcəsində istifadə edir.

13 oktyabr 2020, İlham Əliyevin Türkiyənin "Haber Türk" televiziya kanalına verdiyi müsahibə:

1. Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şey. Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir kaç şəhər və köyümüzü işğaldan azad etmişdir.

2. Ermənistanın bu xain saldırısının səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər. Üyə olduğu kollektiv güvənlik müqavilə təşkilatını bu münaqişəyə cəlb etmək istəyirlər.

3. 200-dən çox tank imha edildi, 2 S-300 hava hücumuna qarşı qurğu imha edildi. Tank, 33 tank qənimət kimi götürülmüşdür.

4. ...O ki qaldı uluslararası təşkilatların və beynəlxalq ictimaiyyətin buna reaksiyası...

5. Əziz qardaşım R.T.Ərdoğanın açıqlamaları, digər üstdüzey yetkililərinin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi.

6. Yəni ilk növbədə bayaq qeyd etdiyim məsələlər çözülməlidir: topraqların boşaldılması, mültəcilərin qaytarılması, ulaşdırma məsələlərinin, sınırların açılması, ondan sonra ticarət. Ondan sonra barış güclərinin gətirilməsi də istisna deyil.

7. Mən artıq bir kaç dəfə demişəm ki, Minsk qrupu 92-ci ildə yaradıldı və o zaman hangi əsaslar buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgəylə ilgilənmirlər. Bu bölgədə onların hər hangi bir çıkarları da yox, təsiri də yox.

8. O ki qaldı yabancı insanlara, o da yalandır, o bizə atılan çamurdur, o iftiradır, böhtandır.

9. İndi basında kim yazırsa, yazsın. O bizi ilgiləndirməz.

10. Azərbaycan ərazisində kifayət qədər bizim gəlişmiş savunma sistemimiz var.

"Haber Türk" kanalına verilən bu müsahibədə işarələnmiş sözlərə diqqət edək: Həmin sözlər məhz Azərbaycan türkcəsində ifadə edilsə idi, qarşı tərəf bunu anlamazdı. Digər tərəfdən onu da görürük ki, İlham Əliyev heç bir halda yersiz fonetik uyğunlaşdırmalara nitqində yer ayırmayıb. Çünki eyni dili istifadə edən hər iki xalqın nitqindəki fərqlər "farkdakı" qədərdir və ləhcə əlaməti olaraq sadəcə çox kiçik leksik fərqlərdən ibarətdir. Gəlin işarələnmiş sözlərin Azərbaycan dilindəki qarşılığına diqqət edək.

* sivillərə - sakinlərə

* bir kaç - bir neçə

* saldırısının - hücumunun

* üyə - üzv

* imha edildi - məhv edildi

* uluslararası - beynəlxalq

* üstdüzey yetkililərinin - yüksək vəzifəlilərin

* mültəcilərin - qaçqınların

* ulaşdırma - çatdırma

* barış güclərinin - sülhməramlıların

* ilgilənmirlər - maraqlanmırlar

* çıkarları - xeyirləri

* yabancı - xarici

* çamurdur - iftiradır

* basında - mətbuatda

* gəlişmiş savunma - inkişaf etmiş müdafiə

 Gördüyümüz kimi, Azərbaycan dilində qarşılığı verilmiş bu sözlər ya türkcədə işlədilmir, ya da tam mənasını ifadə etmir. Bütün cümlə Azərbaycan dilində olduğu halda, "bir kaç", "çamur", "ilgilənmək" kimi sözlər ustalıqla əlavə edilir. Çünki bu sözləri qarşı tərəf anlamayacaq, bu zaman fikir qırıqlığı yaranacaq. Digər bütün sözlər də eyni formada istifadə edilmişdir.

12 oktyabr 2020-ci ildə Türkiyənin "Haber Global" televiziya kanalına verdiyi müsahibədə də İlham Əliyev yenə səlis Azərbaycan dilində danışır, lakin "uduzurlar" əvəzinə "kayb edirlər" deyir, ardınca da "uduzmaq" kəlməsini işlədir. Bu, həmçinin bir müəllim yanaşmasıdır. Nəzərə alsaq ki, həmin dövrlər çox gərgin idi, əsasən fikrini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün dünya mətbuatı ilə bir növ təkbaşına döyüşürdü, buna baxmayaraq, İlham Əliyev fikrini daha dəqiq, daha düzgün, daha sadə, daha anlaşıqlı ifadə etmək üçün dilin imkanlarından maksimum yararlanırdı. Çünki "uduzmaq" kəlməsi türkcədə işlədilmir, lakin Azərbaycan xalqının bir qismi "kayb etmək" kəlməsini də tam başa düşə bilməyə bilərdi. Və ya "savunmaq" sözünü götürsək, yenə də görərik ki, "müdafiə etmək" türkcədə istifadə edilmironun qarşılığı olan "savunmaq" kəlməsini seçir. Bu qeydləri bütün cümlələrə və fikirlərə aid etmək olar. Yenə də hansısa fonetik dəyişikliyə yol verilmir və fikirlər hər iki xalqın, bir millətin anlayacağı formada danışılır.

16 oktyabr 2020-ci ildə İlham Əliyevin Türkiyənin "A Haber" televiziya kanalına verdiyi müsahibədə də diqqət edilməli və örnək götürülməli məqamlar çoxdur. Cənab prezidentin nitqi özünə güvənən, inanan, liderliyinin fərqində olan cəsarəti əks etdirirdi. Digər tərəfdən də hər iki dövlətin bir millətinin nümayəndələrinin rahat anlaması üçün verilən dəyər və zəhmətdir. Məsələn, aşağıdakı cümləyə diqqət edəndə görürük ki, cümlədəki bütün sözlər tam səlis, düzgün, rəvan azərbaycancadır, amma son kəlmə Türkiyə türkcəsindədir: "...ondan sonra digər bizim şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına ihlal etdilər". 14 sözdən ibarət olan cümlədə sadəcə son söz "ihlal etdilər" uyğunlaşdırılmışdır. Məhz ona görə ki, burada "pozdular" kəlməsi işlədilsəydi, qarşı tərəf anlamaqda çətinlik çəkəcəkdi. Amma digər bütün sözlər Türkiyə türkcəsində rahat anlaşılır. Və digər cümlədə olan "Çünki bilirsiniz, Dağlıq Qarabağ kontrolsüz bir ərazi. Hər hangi bir uluslararası kontrol mexanizması orda yox idi". "Kontrolsüz" kəlməsi "nəzarətsiz" kimi deyilsə idi, biz həmin problemin yaşandığının şahidi olacaqdıq. Biz bu dil ustalığını bir başqa məqamda da görürük: "Bu uçağı alan Rusiyada yaşayan zəngin erməni adamlarıdır." Bu cümlədə də "təyyarə" sözü "uçaq"la əvəz edilib, amma diqqətimi daha çox çəkən "zəngin" sözüdür. Bu söz dilimizdə var, amma bunun digər qarşılığı olan varlı sözüvar. Bizim türkcədə varlı sözü, zəngin sözünə nisbətdə daha çox işlənir, buna baxmayaraq, İlham Əliyev "zəngin" sözünü seçir. Çünki Türkiyə türkcəsində varlı sözü yoxdur.

Bu üç müsahibə əsasında apardığımız araşdırma və qeyd etdiyimiz faktlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə Azərbaycan dilinə böyük hörmət bəsləyir, onu bir dilçi qədər yaxşı bilir, "iki dövlət və bir millət" prinsipini qoruyur və nitqində əməli şəkildə buna dəstək verir, 300 ildən sonra ilk dəfə atalarımızın cəsarətini öz iradəsi ilə sübut edir, milli kimliyimizi, gücümüzü ortaya qoyur, Türkiyə ilə qardaşlığımızı heç zaman unutmur, hakim olduğu hər iki türkcəni doğru, düzgün, elmi əsaslarla istifadə edir, intellektual ziyalı kimi qarşı tərəfə qonaqpərvərliyini açıq aydın və səmimi şəkildə ifadə edir, Türk Dövlətləri Birliyinin gerçəkləşməsi naminə cəsarətli addımlar atır, öz kimliyinə xələl gətirmədən ortaq türk mədəniyyətinə sahib çıxır.

 

Şəmil SADİQOV,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2022.- 20 oktyabr.- S.14.