Günümüzü
işıqlı edənlər
20 Oktyabr
Energetiklər Günüdür
Yaxın keçmişdə enerji qıtlığından əziyyət çəkən Azərbaycan indi regionun ən işıqlı ölkəsinə çevrilib. Enerji sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarımstansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində mühüm layihələr icra olunub. Hər il neçə-neçə yeni generasiya gücləri yaradılır. İstifadəyə verilən stansiya və yarımstansiyaların əksəriyyətinin açılışında Prezident İlham Əliyevin iştirak etməsi diqqəti bir daha bu hadisələrin önəmli olduğuna yönəldir.
"Hər bir ölkənin energetika sistemi onun döyünən
ürəyidir, əsas
motorudur. Bu olmasa,
heç nə olan deyil. Bu olmasa, heç
bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji
olmayan yerdə inkişaf yoxdur".
2020-ci il iyunun 25-də
Mingəçevir şəhərində
"Azərbaycan" İES-in əsaslı yenidənqurmadan
sonra açılış
mərasimində Prezident
İlham Əliyevin dediyi bu sözlər
həmin istiqamətdə
gedən işləri aydın xarakterizə edir.
Azərbaycanda həyata keçirilən
sənayeləşmə prosesi,
əhalinin artım
tempi, sosial infrastrukturun
genişlənməsi, əhalinin
yaşayış səviyyəsinin
yüksəlməsi elektroenergetika
sektorunun daim inkişaf etdirilməsi vəzifəsini qarşıya
qoyur. Uzun illər işğal
altında olan torpaqlarımızın azad
edilməsindən sonra
elektrik enerjisinə tələbatın çoxalması
bu sistemdə aparılan tikinti və yenidənqurma işlərinin daha da sürətləndirilməsini
şərtləndirir.
Dövlət başçısının dediyi kimi: "Dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb.
Buna baxmayaraq, Azərbaycanda
öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin
istifadəyə verilməsi
həm maliyyə imkanlarımızı göstərir,
maliyyə müstəqilliyimizdən
xəbər verir, texniki imkanlarımızı
göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var. Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir".
Təkcə bir faktı xatırlatmaq kifayətdir ki,
Azərbaycanda 6 gün
ərzində - bu il fevralın 8-13-də 7 mühüm əhəmiyyətli
elektrik enerjisi obyekti istifadəyə verilib. Şübhəsiz ki, cəmi
6 gündə enerji sahəsində belə bir uğur tək-tək
ölkələrdə, həm
də nadir hallarda qazanıla bilər.
Yenidən qurulan enerji
obyektlərindən biri dövlətlərarası
strateji əhəmiyyətə
malik 330/220/110/10 kilovoltluq
"Yaşma" qovşaq
yarımstansiyasıdır. Bu enerji obyekti "Sumqayıt", "Qobu",
"Xaçmaz" elektrik
stansiyaları ilə birbaşa, "Azərbaycan"
İstilik Elektrik Stansiyası və "Cənub" Elektrik Stansiyası ilə "Abşeron" yarımstansiyası
vasitəsilə əlaqələndirildiyindən
üzərinə çox
mühüm strateji funksiya götürür.
"Yaşma"nın
"Qobu" Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan "Xızı-Abşeron" Külək-Elektrik
Stansiyası və tikintisinə başlanılacaq
yeni "Yaşma"
Elektrik Stansiyasının
enerji sisteminə inteqrasiyasının həyata
keçirilməsi üçün
yeni yuvalar quraşdırılıb.
Eləcə də iki enerji obyektindən ibarət "Qobu" Enerji Qovşağı - yükötürmə gücü
1000 meqavat olan
330/220/110 kilovoltluq "Qobu"
yarımstansiyası və
385 meqavatlıq "Qobu"
Elektrik Stansiyası mühüm funksiyaya malikdir.
2020-ci ilin avqustunda
təməli qoyulan bu enerji qurğuları
rekord müddətdə
tikilib. Azərbaycan energetikası tarixində
ilk dəfə istilik elektrik stansiyasını xarici institutlar deyil, "Azərenerji"
ASC-nin Layihə-Axtarış
Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib.
Qeyd edək ki, burada
tikilən yarımstansiya
Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.
"Qobu" Enerji Qovşağı ölkəmizdə,
xüsusilə Bakıda
və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə
artan tələbatı
ödəmək, paytaxtın
və yarımadanın
regionlardakı elektrik
stansiyalarından asılılığını
azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını
və etibarlılığını
maksimum səviyyəyə
çatdırmaq, texniki
itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma
endirmək baxımından
olduqca əhəmiyyətlidir.
Bakıda və Abşeron yarımadasında
tənzimləyici generasiya
gücü funksiyasını
üzərinə götürərək
500 kilovoltluq "Abşeron"
yarımstansiyasının əvəzedicisi
funksiyasını daşımaq,
paytaxtın 330 kilovoltluq
dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər onun önəmini daha da artırır.
Təqdirəlayiq haldır ki, sözügedən 6 gün
ərzində açılan
yeni enerji obyektlərinin üçü
işğaldan azad edilmiş ərazidə, biri isə onun
qonşuluğunda yerləşir.
Belə ki, 3 obyekt düşmənin
tar-mar etdiyi Ağdamda
qələbəmizdən sonra
qısa müddətdə
tikilib araya-ərsəyə
gəlib. Biri isə sistem
əhəmiyyətli "Ağcabədi"
yarımstansiyasıdır. 40 il əvvəl
tikilən, istismar müddəti sona çatan, artan tələbatı ödəyə
bilməyən 110/35/10 kilovoltluq
"Ağcabədi" yarımstansiyası
genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub və onun gücü
artırılıb. Burada yeni
İdarəetmə Mərkəzi
tikilib.
Ağdam
şəhərində açılan
"Ağdam-1" və
"Ağdam-2" yarımstansiyaları,
o cümlədən "Qarabağ"
Regional Elektrik Şəbəkəsinin
Rəqəmsal İdarəetmə
Mərkəzi işğaldan
azad edilən ərazilərdə həyata
keçirilən mühüm
layihələrdəndir.
Xatırladaq ki, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 13 enerji obyekti tikilib, yaxud yenidən qurulub. "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su-Elektrik stansiyaları, Laçındakı "Güləbird" SES yenidən qurularaq istismara verilib. "Kəlbəcər-1" Kiçik Su - Elektrik stansiyasında işlər tamamlanıb. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiyası tikilib. Mayda "Şuşa", iyunda "Füzuli" və "Şükürbəyli", avqustda "Kəlbəcər", oktyabrda "Cəbrayıl", "Zəngilan" və "Qubadlı" yarımstansiyaları işə salınıb. Ötən il görülmüş işlərin siyahısını xeyli uzatmaq da olar və təqdirəlayiq haldır ki, bu istiqamətdə yeni layihələrin reallaşdırılması davam edir.
Prezident İlham Əliyev regiona hər səfəri zamanı yeni elektrik enerjisi obyektlərinin təməlini qoyur, yaxud açılışını edir. Dövlət başçısının Kəlbəcər və Laçın rayonlarına bu il iyunun 26-dakı səfərində də məhz belə oldu. Həmin gün dövlət başçısı Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydu.
Hazırda Kəlbəcər rayonu ərazisində xüsusi dövlət əhəmiyyətli obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması istiqamətində genişmiqyaslı işlər görülür. İndiyədək "Gəncə-2" yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik verilişi xətti çəkilib. Bu xətt Kəlbəcərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.
Yüksək dağlıq ərazidəki çətin şərait "Azərişıq" ASC-yə işləri sürətlə davam etdirməyə mane olmur. Sovet dövründə belə elektrik enerjisinin olmadığı ucqar yerlərdə müasir elektrik şəbəkələri qurulur. Rayonun Alagöllər və digər əraziləri ilk dəfə işıq alıb, Zod qızıl yatağı ərazisinə kabel xətti çəkilir.
"Azərenerji" isə Laçın rayonunda 110 kV-luq "Qorçu" elektrik yarımstansiyasının tikintisini davam etdirir. Rayonun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün ötən il istismara verilən "Kəlbəcər" yarımstansiyasından Laçının Qorçu kəndinə 42 kilometr məsafədə ötürücü xətt çəkilir. Eyni zamanda kənddə dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir.
Qeyd edək ki, yarımstansiya tikilməkdə olan hava limanının yaxınlığındadır. Qorçu kəndi mərkəz olmaqla burada 7 kəndi birləşdirən yaşayış massivinin inşası planlaşdırılır. Yeni yarımstansiya Laçın hava limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Prezident İlham Əliyevin bərpaolunan enerji mənbələrini ölkənin inkişafında strateji prioritet kimi müəyyənləşdirən "yaşıl enerji" kursu da uğurla həyata keçirilir. Hazırda Azərbaycanda bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr reallaşır. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. Perspektivdə yeni layihələrin gerçəkləşməsi dayanır. Belə ki, ölkəmiz "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edib.
Bərpaolunan enerji sahəsində zəngin təcrübəsi olan xarici şirkətlər Azərbaycanın dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə inamla qoşulublar. Xüsusilə Prezidentimizin işğaldan azad edilmiş əraziləri "yaşıl enerji" zonası elan etməsi böyük maraq doğurur. Məsələn, bp şirkəti ilə Cəbrayıl rayonunda tikiləcək 200 meqavatdan çox gücə malik olan günəş-elektrik stansiyası layihəsi ilə bağlı məsələlər uğurla həll edilir. Bir sıra digər ölkə və şirkətlərin də Azərbaycanla bu sahədə əməkdaşlıq və tərəfdaşlıq etmək istək və məqsədləri var.
Bu gün Azərbaycanı regionun ən işıqlı ölkəsinə çevirən, onu həm də elektrik enerjisi ixrac edən ölkə kimi tanıdan peşə sahiblərinin bayramı - Energetiklər Günüdür. Bayramınız mübarək, işıqlı insanlar!
Flora SADIQLI,
Azərbaycan.-2022.- 20 oktyabr.- S.15.