“Azərbaycan-Türkiyə Beynəlxalq
Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq
Meşəsi” Kompleksinin təməli qoyulub
Azərbaycan
və Türkiyə prezidentləri mərasimdə iştirak
ediblər
Qardaşlığın
Zəngəzur zirvəsi
Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verdi.
Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində, həmçinin “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması nəzərdə tutulub.
Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilib. Ərazi dəniz səviyyəsindən 603 metr yüksəklikdə, Bakı şəhərindən 340 kilometr, Zəngilan Beynəlxalq Hava Limanından 72 kilometr, Füzuli Beynəlxalq Hava Limanından isə 35 kilometr məsafədə yerləşir.
Məlumat verildi ki, kompleksdə üç mərtəbədən ibarət Meşə Təlim Mərkəzində konfrans zalı, təlim otaqları, qonaq evi, ikimərtəbəli inzibati bina, laboratoriya, yeməkxana, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” yaradılacaqdır. Təlim Mərkəzində türkiyəli mütəxəssislər və beynəlxalq təlimçilər tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər region ölkələrinin meşə mütəxəssislərinə təlimlər keçiriləcək.
Mərkəzin elektrik təchizatı üçün 180 kilovat gücündə Günəş Elektrik Stansiyasının quraşdırılması planlaşdırılır.
Diqqətə çatdırıldı ki, “Ağıllı Tingçilik”də qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, köçürmə sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcəkdir. Burada il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarında meşələrin salınmasında və yaşıllaşdırma işlərində istifadə olunacaq.
Məlumat verildi ki, layihə ərazisində torpaqqazma və doldurma işlərinə bu il iyunun 20-də başlanılıb və layihənin 2024-cü il iyulun 1-də tam yekunlaşdırılmaqla istismara verilməsi nəzərdə tutulur.
Sonra Azərbaycan və Türkiyə prezidentləri ərazidə ağac əkdilər.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxdılar.
Qeyd edək ki, Azərbaycan ərazisində ceyranların sayının kritik həddə azalması təhlükəsi nəzərə alınaraq ceyran populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2003-cü ildə Şirvan Milli Parkı yaradılıb və həyata keçirilən intensiv mühafizə tədbirləri nəticəsində ölkəmizdə ceyranların populyasiyası bərpa edilib.
2021-ci ilin noyabr sayımına əsasən, Şirvan Milli Parkının ərazisində 6228 baş ceyran məskunlaşıb.
Həssas ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri davam etdirilir.
İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələrin icrası planlaşdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin-ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.
Azad
olunmuş ərazilərdə balıq növlərinin
populyasiyasının bərpası üçün də
davamlı işlər görülür. İki il
ərzində Bəsitçay, Həkəri və Bərgüşad
çaylarının hövzələrinə balıq
körpələrinin buraxılışı təşkil olunub və bu işlər
növbəti illərdə də həyata keçiriləcək.
Azərbaycan.-2022.- 21 oktyabr.- S.4.