Sarsılmaz qardaşlıq və
strateji tərəfdaşlığın real gücü
Azərbaycan və Türkiyə
prezidentləri Şərqi Zəngəzurdan bunu
bir daha dünyaya nümayiş
etdirdilər
Tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətləri 2021-ci ilin 15 iyununda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndi. Azərbaycanın haqq savaşında mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyə müharibədən sonrakı dönəmdə də daim ölkəmizin yanında olduğunu bəyan etdi.
Prezident İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidentinin ölkəmizdə keçirilən Zəfər paradında, daha sonra işğaldan azad olunmuş ərazidə - Qarabağda tikilən ilk aeroportun - Füzuli Beynəlxalq Hava Limanının açılışında, həmçinin bu kimi vacib bir sıra tədbirlərdə, açılış mərasimlərində iştirakı münasibətlərin ölkə rəhbərləri səviyyəsində hər şeydən öncə qardaşlığa, dostluğa dayandığını göstərir.
Cəmi 8 aya tikilən Füzuli hava limanının açılışı da ötən il oktyabrın 26-da Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutdu. Hava limanının rəmzi lentini birlikdə kəsən dövlət başçıları orada yaradılan şəraitlə tanış oldular.
Dünən isə işğaldan azad olunmuş ərazilərimizdə ikinci, Şərqi Zəngəzurda isə ilk beynəlxalq hava limanı açıldı. Ötən ilin aprelində təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanının açılışında da daim Azərbaycanın yanında olan, dəstək göstərən Türkiyə Prezidenti iştirak etdi.
İki qardaş ölkənin birgə fəaliyyətinin göstəricisi
Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizin əməkdaşına açıqlamasında dedi ki, Zəngilan Beynəlxalq Hava Limanının açılışı çox böyük tarixi hadisədir. Azərbaycan bu bölgədə daha bir hava limanı açmaqla ərazinin sosial-iqtisadi inkişafı üçün böyük perspektivlər yaradır. Torpaqlarımız Ermənistan işğalından azad olunduqdan sonra Şərqi Zəngəzurun inkişafı, bərpası məsələsi öndə dururdu. Təsadüfi deyil ki, işğaldan azad olunan ərazilərdə ilk yaşayış məskəni məhz Zəngilanın Ağalı kəndində salındı.
Deputat qeyd edir ki, bu hava limanının açılışı orada yeni iqtisadi layihələrin həyata keçirilməsinə, regionla paytaxtın, eyni zamanda dünyanın digər ölkələri ilə əlaqələrin güclənməsinə, regiona turist marağının artmasına səbəb olacaq: "Füzuli hava limanında olduğu kimi, Zəngilan aeroportunun açılışında da Azərbaycanın yaxın dostu, Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Bu, Azərbaycan-Türkiyə dostluğunun yeni nümunəsidir".
Aydın Mirzəzadə vurğuladı ki, bu, strateji məsələlərin həllində qardaş, dost ölkələrin birgə fəaliyyətinin göstəricisidir. Zəngilan hava limanının açılışı həm Ermənistanla sərhədlərimizin möhkəmlənməsinə, həm sərhədyanı zonaların iqtisadi inkişafına, həm də həmin zonada məskunlaşmaya, ümumilikdə isə Şərqi Zəngəzurun ikinci həyatının başlanmasına böyük imkan yaradacaq, yeni səhifə açacaq.
Azərbaycan-Türkiyə dostluğu birlik nümunəsidir
Milli Məclisin deputatı Tahir Kərimli bildirib ki, Türkiyə Azərbaycan dostluğunun analoqu yoxdur. Heç bir dövlət siyasi, mənəvi, milli baxımdan bir-birinə bu qədər yaxın deyil. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğu dövlətlərarası dostluğun zirvəsini təşkil edir. Türkiyə Prezidentinin Zəngilan hava limanının açılışında iştirak etməsinin isə fövqəladə əhəmiyyəti var.
Deputat hesab edir ki, iki ölkə arasında dostluq, müttəfiqlik əlaqələri, birgə fəaliyyət daim davam edəcək. Türkiyənin dəstəyi Azərbaycan üçün çox önəmlidir. Azərbaycan-Türkiyə dostluğu təkcə iqtisadi baxımdan deyil, həm də mənəvi baxımdan birlik nümunəsidir. Aeroportun Şərqi Zəngəzurda açılması da çox vacibdir və gələcəkdə yüklərin, sərnişin daşınmasında əhəmiyyətli rol oynayacaq.
Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığının dünyaya daha bir bəyanı
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, 30 illik işğal dönəmində Qarabağ və Şərqi Zəngəzurda daşı daş üstünə qoymayıblar. Deputat vurğulayıb ki, işğal dövründə nəinki quruculuq-bərpa işi aparılmayıb, əksinə, vaxtilə azərbaycanlıların qurub-yaratdığı evlər, təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerləyeksan edilib. Azərbaycanın isə işğala son qoyduğu 2020-ci ilin noyabr ayından bəri bütövlükdə bölgəyə həyat qayıdıb. Təsəvvür edin, azad olunan torpaqlarda çox keçmədən su-elektrik stansiyası istifadəyə verildi, kənd təsərrüfatı canlandı. İşğaldan azad edilərkən bayraq sancmağa bir tikili tapılmadığı Füzulidə cəmi 8 aya beynəlxalq hava limanı tikilib istifadəyə verildi. 30 il təyyarə görməyən Qarabağ və Şərqi Zəngəzur səması, nəhayət ki, ilk beynəlxalq səviyyəli qonaqlarını qəbul etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin o əlamətdar gündə Azərbaycanın müzəffər lideri İlham Əliyevlə birlikdə hava limanının açılışını etdi.
B.Məhərrəmov dedi ki, oktyabrın 20-də daha bir strateji əhəmiyyətli açılış mərasimi - Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi gerçəkləşdi. Bu açılış hər şeydən öncə Azərbaycan xalqının ermənilərdən fərqli olaraq bu torpağın əsl sahibi kimi qurub-yaratmaq əzminin, dövlətimizin sülh, sabitlik və əməkdaşlıq niyyətinin, Azərbaycan liderinin əzminin, revanşist məqsədlərdən əl çəkməyən düşmən və havadarları qarşısında qətiyyətinin göstəricidir.
Deputat vurğuladı ki, Türkiyə Prezidentinin bu mərasimdə iştirak etmək üçün yenidən ölkəmizə gəlməsi isə iki ölkə qardaşlığının sarsılmazlığının dünyaya bir daha bəyan olunmasıdır: "Ümumiyyətlə, hava limanının açılışı və Türkiyə Prezidentinin mərasimə qatılması dünyanın gözü önünə Ermənistan və havadarları ilə Azərbaycanın və strateji tərəfdaşının nə qədər fərqli olduğunu gətirir. Bizim tərəfdaşlığımızın nəticəsi qurulan, abad edilən, narkotika plantasiyalarından və narkotranzitdən mədəniyyət mərkəzinə çevrilən Qarabağ və Şərqi Zəngəzurdur".
Azərbaycan-Türkiyə əməkdaşlığının bölgəyə rifah gətirdiyini deyən deputat əlavə etdi ki, bu, hərbi müttəfiqlik bölgədə sülh, sabitlik və istiqrar üçün təminatdır: "Ermənistan və havadarlarının birliyi isə sülh və tərəqqi üçün ən böyük təhdiddir. Elə Fransa Prezidenti Makronun son bəyanatlarının timsalında bir daha əmin olduq ki, Ermənistanın "Böyük bacısı" və əsas havadarı olan Paris faktiki olaraq regionda sülh və sabitlik arzulamır. Nəinki arzulamır, həm də mövcud əməkdaşlıq şansları və ilkin etimad mühitini dağıtmaq üçün əlindən gələni əsirgəmir".
Bəhruz Məhərrəmov dedi ki, Zəngilan Beynəlxalq Hava Limanının açılışında birgə iştirak fonunda Azərbaycan-Türkiyə qardaşlığı, liderlərin birlikdə reallaşdırdığı layihələrlə nümayiş olunan güc göstəricisi Fransa Prezidenti Emmanuel Makron kimi cılız, məğlub "lider"lərə, o cümlədən təcavüzkar niyyətlilərə ən yaxşı cavabdır.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 21 oktyabr.- S.8.