"Bütün
türkdilli ölkələrlə
münasibətlər bizim üçün
prioritetdir"
İlham Əliyev
Türk Dövlətləri
Təşkilatının Baş
katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edib.
Bağdat Amreyevi salamlayan Prezident İlham Əliyev dedi:
-Hörmətli Bağdat Kultayeviç, Azərbaycanda olmağınızdan
istifadə edərək
sizi dəvət etmişəm ki, ilk növbədə, bizim təşkilatın Baş
katibi qismində işlədiyiniz illərə
görə təşəkkürümü
bildirim və sizi Azərbaycanın yüksək mükafatı
- “Dostluq” ordeni ilə təltif edim. Siz bu təltifə
layiqsiniz. Siz Türk
Dövlətləri Təşkilatının
Baş katibi kimi bizim birliyimizin
möhkəmləndirilməsi işində mühüm rol oynamısınız və bunu davam
etdirirsiniz. Biz sizinlə dəfələrlə
görüşmüşük – həm siz Azərbaycanda
səfərdə olanda,
həm də beynəlxalq tədbirlər
çərçivəsində. Mən həmişə görürdüm
ki, siz həqiqətən
bütün türkdilli
dövlətlərin sıx
birləşməsini istəyirsiniz.
Təsadüfi deyil ki, sizin sədrliyiniz dövründə bu qurum təşkilata çevrilib, öz adını dəyişib.
Buna görə əminəm ki, bu, təkcə adın dəyişməsi
deyil, həm də inkişaf vektorunun dəyişməsidir.
Ona görə ki, mənim fikrimcə, bizim təşkilatın üzvləri olan bütün ölkələrdə
birliyi möhkəmləndirməyin
zəruri olmasını
başa düşürlər.
Siz bilirsiniz ki, mən bizim təşkilat çərçivəsində,
həmçinin ikitərəfli
formatda əməkdaşlığa
həmişə çox
diqqətlə yanaşmışam. Türk dünyası
ölkələri ilə
əlaqələrin, qardaşlıq
münasibətlərinin möhkəmləndirilməsi
Azərbaycan üçün
xarici siyasətin əsas prioritetlərindən
biridir. Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və
qardaş ölkələrin
dövlət başçılarının
səfərlərinin son xronologiyasına
baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar.
Bütün türkdilli ölkələrlə
münasibətlər bizim
üçün prioritetdir. Mən əminəm
ki, qarşıdakı
Səmərqənd Zirvə
Görüşü bizim
birliyimizi bir daha təsdiq edəcək. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı
dəstəyin, dövlətlərimizin
müstəqilliyinin, suverenliyinin
möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik.
Hesab edirəm ki, bu halda gələcək
illərdə qarşılıqlı
siyasi fəaliyyətlə
bərabər, təhlükəsizlik
tədbirlərinin möhkəmləndirilməsi
sahəsində əməkdaşlıq
əsas istiqamətlərdən
biri olacaq.
Dünya dəyişir, o, artıq dəyişib, buna görə yeni təhdidlər və yeni çağırışlar,
necə deyərlər,
artıq qapını
döyür. Buna görə,
düşünürəm ki, iqtisadi əməkdaşlıqla
bərabər, nəqliyyat,
humanitar və başqa sahələrdə
əməkdaşlıq prioritetlərdən
biri olacaq. Öz tərəfimdən demək
istəyirəm ki, Azərbaycan Türk dünyasının birliyini
möhkəmləndirmək üçün bundan sonra da nə
mümkündürsə edəcək.
Bu, əcdadlarımızın
böyük irsidir.
Təəssüf ki, tarixin müxtəlif mərhələlərində
Türk dünyası
fraqmentləşdirilib və
hələ indi də bizim diqqətimizi
və sıx birgə siyasətimizi tələb edən məsələlər mövcuddur.
Lakin Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində
artıq birləşiblər.
Əlbəttə, Türk dünyası Türk Dövlətləri
Təşkilatının üzvləri
olan milli dövlətlərin sərhədlərindən
qat-qat genişdir. Buna görə də əminəm ki, bizim humanitar əlaqələrimizə, insanlar
arasında, geniş dünya coğrafiyasında
yaşayan türkdilli
xalqların nümayəndələri
ilə əlaqələrə
gələcəkdə də
ehtiyac olacaq. Hər halda, Azərbaycanda öz tərəfimizdən
bizim təşkilatımıza
daxil olan ölkələrin birliyini
möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif
ölkələrində yaşayan
qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik.
Təkcə Azərbaycanın hüdudlarından kənarda
yaşayan azərbaycanlıların
sayı Azərbaycanda
yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların
təhlükəsizliyi, hüquqları,
salamatlığı bizim
üçün çox
böyük əhəmiyyət
kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən
ayrı düşmüş
azərbaycanlılara, həmçinin
bizim qardaş türk dövlətlərinin
digər xalqlarının
dövlət sərhədlərinin
hüdudlarından kənarda
yaşayan çoxsaylı
nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan
mədəniyyətini qoruyub
saxlamaları, azərbaycançılıq
prinsiplərinə sadiq
olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç
vaxt kəsməmələri
üçün əlimizdən
gələni edəcəyik.
Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin
bütün rəhbərləri
bu və ya digər ölkələrdə
onların qardaşlarının
hüquqlarının necə
təmin edilməsinə
böyük əhəmiyyət
verirlər.
Buna görə də düşünürəm
ki, qarşıdakı
illərdə biz Türk
Dövlətləri Təşkilatı
çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının
üzvləri olan ölkələrin hüdudlarından
kənarda yaşayan qardaşlarımızın hüquqları,
təhlükəsizliyi, milli
identikliyi məsələlərini
çox ciddi müzakirə etməliyik.
Biz bu mövzuları sizinlə bu və ya
digər dərəcədə
müzakirə etmişik
və mən həmişə sizin timsalınızda öz türk köklərinə
dərindən bağlı
olan bir insan görmüşəm. Mən bunu
səmimi deyirəm.
Mənim
üçün bu, çox mühüm amildir, ona görə
ki, biz hamımız öz köklərimizi yadda saxlamalı və ölkələrimizi
yaxınlaşdırmağa çalışmalıyıq. Türk dünyası dünya miqyasında çox böyük potensiala, coğrafiyaya, nəqliyyat yollarına, enerji resurslarına, insan potensialına, intellektual potensiala malik olan böyük ailədir, böyük sərvətdir. Buna görə birlik bizim gücümüzdür.
Mən layiq olduğunuz bu mükafatı böyük məmnuniyyətlə
sizə təqdim edirəm. Öz adımdan və
Azərbaycan xalqı adından, sizin bütün dostlarınız
adından, Azərbaycandakı
onlarca, bəlkə də yüzlərlə dostunuz adından sizə təşəkkürümü
bildirmək, cansağlığı,
firavanlıq və gələcək uğurlar
arzulamaqla bu mükafatı təqdim etmək istəyirəm.
Türk Dövlətləri
Təşkilatının Baş
katibi Bağdat Amreyev: Çox sağ olun.
***
Azərbaycan Prezidenti İlham Əliyev “Dostluq” ordenini Bağdat Amreyevə təqdim etdi.
***
Bağdat Amreyev: İlk növbədə, bu mükafatı bizim türk xalqlarının görkəmli
Liderindən, türk xalqlarının birliyinə
çox böyük şəxsi töhfə vermiş insandan qəbul etmək olduqca böyük şərəfdir. Həqiqətən, Siz dediyiniz kimi,
mən Türk xalqlarının birliyinin möhkəmlənməsinə, bizim ortaq gələcəyimizin
bazasının yaradılmasına
töhfə vermək
üçün bütün
qüvvəmi sərf
etmişəm. Bütün bu
illər ərzində
mən Sizin rəhbərliyinizlə, bizim
liderlərin rəhbərliyi
ilə və öz komandamla birlikdə çox möhkəm təməl yaratmaq üçün maksimum səy göstərmişik. Bütün
bu illər ərzində biz Sizin rəhbərliyinizlə həqiqətən
Türk birliyi infrastrukturunu yaratmağa
nail olmuşuq. Siyasi əməkdaşlıq
reallığa çevrilib,
iqtisadi əməkdaşlıq,
nəqliyyat sahəsində
və iqtisadiyyatın
digər sahələrində
əməkdaşlıq inkişaf
edir. Mədəni-humanitar əməkdaşlıq bizim münasibətlərimizin
əsasıdır. Biz
hətta təhlükəsizlik
sahəsində də
əməkdaşlığa başlamışıq. Bu
yaxınlarda ölkələrimizin
təhlükəsizlik şuraları
rəhbərlərinin görüşünü
keçirmişik. Bizim xüsusi
xidmətlərimiz işləyir.
Biz bu sahə
üçün yaxşı
baza yaratmışıq.
Ölkələrimiz arasında həm
ikitərəfli əsasda,
həm də artıq daha geniş əsasda hərbi-texniki əməkdaşlığı
və hərbi əməkdaşlığı nizamlamışıq.
Azərbaycan.- 2022.- 22 oktyabr.- S.2.