İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinin
təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin
tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında" 2018-ci il 6 noyabr tarixli 325 nömrəli,
"Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar
Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" 2019-cu il 22 fevral
tarixli 545 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi qaydasını altı ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, müəyyən etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
3.1. dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələbləri üç ay müddətində təsdiq etsin;
3.2. Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
5. "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 325 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 11, maddə 2238) 2-ci və 3-cü hissələri ləğv edilsin.
6. "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 2, maddə 244; 2020, ¹ 4, maddə 398) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1-3-cü hissələr ləğv edilsin;
6.2. 4.5-ci bəndə və 6-cı hissəyə "innovasiya fəaliyyətinə" sözlərindən əvvəl "rəqəmsal inkişafa və" sözləri əlavə edilsin;
6.3. 5.1-ci bəndə "innovasiya fəaliyyətinin" sözlərindən əvvəl "rəqəmsal inkişafın və" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr
2022-ci il
Azərbaycan.- 2022.- 22 oktyabr.-
S.3.