Azərbaycanın dost münasibətinə qeyri-səmimi cavab

 

Vətən savaşındakı Zəfərdən sonra İrandakı bəzi dairələrin antiazərbaycançı fəaliyyəti genişlənib

 

İki il öncə Vətən müharibəsinin 26-cı günü, oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Zəngilan rayonunun Ağbənd qəsəbəsi düşməndən azad edildi. Bununla da Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi yenidən ölkəmizin nəzarətinə keçdi.

Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edən Ali Baş Komandan İlham Əliyev növbəti müjdəli xəbər verərək tviter səhifəsində yazdı: "Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Bu əməliyyatdan sonra Azərbaycan-İran sərhədi tam nəzarətə götürüldü və Ağbənd zastavasında bayrağımız dalğalandı.

Bu bir həqiqətdir ki, İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev regionda yeni nəqliyyat-kommunikasiyaların yaradılması istiqamətində mühüm addımlar atır. Bu istiqamətdə xüsusən İranla əlaqələrin genişləndirilməsi prioritet məsələlərdən biridir. Artıq dost ölkə ilə bununla bağlı müəyyən razılaşmalar da var. Buna təkcə iki ölkə arasında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumunu göstərmək yetərlidir.

Lakin Azərbaycanın bu cür dost münasibətinə İran tərəfindən qeyri-səmimi cavab verilir. Görünən odur ki, İrandakı bəzi antiazərbaycançı dairələr iki ölkə arasında münasibətlərə kölgə salmağa çalışırlar. Buna görə də yaranmış vəziyyət Azərbaycan xalqının haqlı narazılığına səbəb olub.

Xalqımızın ciddi etirazına səbəb olan məsələlərdən biriİran qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsidir. Düzdür, təlimlərin keçirilməsi mümkündür. Ancaq maraqlıdır ki, 30 il müddətində bu ərazilərdə təlim keçirməyən İran məhz indi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra nədən ünvanı dəyişir, bunu Azərbaycanla sərhəddə edir. Məgər İranın təlim keçirməyə digər ərazisi yoxdur?!

Əlbəttə ki, Araz çayı üzərində 60 tona qədər çəkiyə tab gətirə bilən üzən körpülərdən istifadə edilməsi narahatlıq yaratmalıydı. Bu təlimlərin keçirilməsi bir sıra suallar doğurur. Ekspertlər qeyd edirlər ki, İran-İraq müharibəsindən sonra ilk dəfədir ki, hərbi təlimlər zamanı belə körpülər quraşdırılır. Digər tərəfdən, sual olunur: İran bu gün Azərbaycandan hansı təhlükəni gözləyir ki, qoşunlarını sərhədə cəmləşdirib təlim keçirir?

Reallıq budur ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə dostluq körpülərinin qurulmasında maraqlı olduğunu dünyaya bəyan etdiyi halda, İranın bəzi dairələrinin ortaya qoyduqları fəaliyyət bu körpüləri "yandırmağa" xidmət edir.

Dost ölkə anlamalıdır ki, Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi güdür.

Oktyabrın 20-də Zəngəzura səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bildirdi ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır… Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə "Şərq-Qərb", Orta dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.

Yəni bu məsələdə Azərbaycan və Türkiyənin mövqeyi ortadadır - regionun təhlükəsizliyinin təminatı və yeni əməkdaşlıq formatlarının yaradılması. Hazırda bu istiqamətdə də ciddi işlər görülür.

Eriraf etməliyik ki, bu cür proseslər zaman-zaman həyata keçirilib. Yəni Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər bəzi maraqlı qüvvələrin diqqətində olub. Lakin iki ölkə rəhbərlərinin sayıqlığı ölkələrimizi istəməyənlərin öz məqsədlərinə çatmasına mane olub. Bu cür cəhdlər rəsmi Bakı ilə Tehranın münasibətlərinə heç bir təsir göstərə bilməyib.

Oktyabrın 13-də Prezident İlham Əliyev Astanada səfərdə olarkən İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdə də vurğulayıb ki, Azərbaycan Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirir.

Prezidentlər İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğunu da qeyd ediblər. Bütün bunlar bir daha iki ölkə arasındakı münasibətlərin real təzahürüdür. İrandakı antiazərbaycançı qüvvələrin arzuolunmaz fəaliyyəti təbii ki, bu münasibətlərə xələl gətirə bilməyəcək. 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-22 oktyabr.- S.8.