XİN: “Beynəlxalq
Ədalət Məhkəməsi Ermənistan tərəfindən
Azərbaycana qarşı verilmiş vəsatəti
rədd edib”
Oktyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən 2022-ci il sentyabrın 16-da təqdim olunan yeni halların 2021-ci il 7 dekabr tarixli qərarda göstərilən tədbirləri dəyişdirmək üçün yetərli olmadığını bəyan edərək, Azərbaycana qarşı verilmiş vəsatəti rədd edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, bu qərar hər bir saxlanılan ermənilərə Məhkəmənin əvvəlki qərarına tam uyğun olaraq münasibət göstərilməsi, eləcə də saxlanılan şəxslərlə insani və ayrı-seçkilik olmadan rəftar edilməsi barədə Azərbaycanın beynəlxalq və milli öhdəliklərinə uyğundur.
“Bununla belə, Azərbaycan Baş Prokurorluğu tərəfindən 2022-ci il sentyabrın 17-də və oktyabrın 2-də elan edildiyi kimi, sosial şəbəkələrdə anonim şəkildə yayılan, Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən videogörüntülərlə bağlı hazırda ətraflı təhqiqat aparılır. Əvvəlki dövrdə yayılan və təsdiqini tapmış bəzi videogörüntülərlə bağlı cinayət işləri açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilib.
Bunun əksinə, Ermənistan Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı bu günədək törədilmiş çoxsaylı hərbi cinayətlərə və digər qanunsuz əməllərə görə, o cümlədən üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycanda 1400-dən artıq yeni minaların yerləşdirilməsində, həmçinin bu günlərdə ikinci ildönümü anılan Gəncə kimi mülki əhalinin sıx yaşadığı şəhərlərə 44 günlük Vətən müharibəsi ərzində amansız raket zərbələrinin endirilməsində təqsirkar şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir addım atmayıb”, - deyə məlumatda vurğulanıb.
Qeyd edilib ki, həm Azərbaycan, həm də beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının xüsusi məruzəçisi və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dəfələrlə Ermənistanın hərbi qulluqçuları tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edən və sosial şəbəkələrdə geniş yayılmış videogörüntüləri araşdırmağa və təqsirkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb. Beynəlxalq ictimaiyyət bu əməllərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir.
Bildirilib
ki, Azərbaycan davam
edən sülh prosesinə və
danışıqlara, habelə beynəlxalq hüquq
çərçivəsində bütün
insanların hüquqlarının qorunmasına sadiq qalır.
Azərbaycan.-
2022.- 22 oktyabr.- S.10.